Azərbaycanda Xəzər dənizi sahilində ilk Dənizkənarı Milli Park yaradıldı.

Azərbaycanda Xəzər dənizi sahilində ilk Dənizkənarı Milli Park yaradıldı.

12 March 2019

Xəzər dənizi və sahilyanı ərazilərin bioloji müxtəlifliyi son dövrdə tükənmə təhlükəsi ilə qarşılaşmışdır. Buna səbəb, həddən artıq balıq ovu və dayanıqlı olmayan əkinçilik fəaliyyəti, eləcə də təbii ehtiyatların istismarı nəticəsində torpaqların deqradasiyaya uğramasıdır. Xəzər dənizinin geniş miqyaslı problemlərindən biri də çirklənmə hesab olunur. Bundan əlavə, invaziv növlərin yayılması və iqlim dəyişikliyi ekosistemin tarazlığına mənfi təsir göstərmişdir.

Azərbaycan Hökuməti Xəzər dənizi sahil zonasında bu təhlükələri aradan qaldırmaq üçün müvafiq tədbirlər həyata keçirmişdir. Bu tədbirlərdən biri də Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri şəbəkəsinin yaradılması olmuşdur ki, bu şəbəkənində tərkib hissəsi olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il sentyabr ayında imzaladığı sərəncamla Qızılağac Milli Parkı yaradılmışdır.

Adı çəkilən xüsusi mühafizə olunan təbiət ərazilərindən ən böyüyü Xəzər dənizinin cənub-qərb sahilində yerləşən yeni yaranmış Qızılağac Milli Parkıdır. Qərbi Palearktika zonasına xas olan su quşlarının qışlaması və balalaması üçün ən mühüm su-bataqlıq ərazilərindən biri olan Qızılağac 1975-ci ildə "Beynəlxalq əhəmiyyəti olan su-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar Siyahısı"na daxil edilmişdir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi diqqətli planlaşdırma, mühüm institusional potensial və investisiyalar tələb edir.

Milli parkın tərkib hissəsi olan Qızılağac Dövlət Təbiət Qoruğu və Qızılağac Dövlət Təbiət Yasaqlığında infrastrukturun yenilənməsi, yeni avadanlıqların alınması və əməkdaşlara müvafiq təlimlərin keçirilməsinə ehtiyac olduğundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Qlobal Ətraf Mühit Fondu və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə maliyyələşdirdiyi “Sahilyanı Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İdarəetməsinin Təkmilləşdirilməsi” layihəsi 2014-ci ildən icra olunmağa başlamışdır.

Qızılağac Milli Parkının əməkdaşları layihə çərçivəsində təlimlərdə iştirak etmiş, o cümlədən, monitorinq, mühafizə və digər avadanlıqlarla təmin olunmuşdur. Milli parkın ərazisinə nəzarət etmək üçün qayıq və avtomobillər alınmışdır. Həmçinin, idarəetmə planı hazırlanmış, infrastrukturun bərpa və yenilənməsi həyata keçirilmişdir.