Bölünmüş bəşəriyyət: inkişaf etməkdə olan ölkələrdə bərabərsizliklə mübarizə

30 Yanvar 2014
image

Xülasə

Bu hesabat bərabərsizliyin nəzəri anlayışlarını, o cümlədən onun ölçülməsini bir daha nəzərdən keçirir, bərabərsizliklə bağlı qlobal tendensiyaları təhlil edir, 15 ölkədə siyasətçilərin bərabərsizliyi necə dərk etdiklərini əks etdirir və zəmanəmizin inkişafla bağlı bu əsas maneə ilə mübarizə üçün müxtəlif siyasət imkanlarını müəyyən edir.


Son onilliklər ərzində bir çox cəbhələrdə qazandığı təqdirəlayiq uğurlara baxmayaraq, bəşəriyyətin hələ də kəskin bölünmüş vəziyyətdə qalması hesabatın əsas qayəsini təşkil edir. Bu kontekstdən çıxış edərək, inkişafın əsas oyunçuları, vətəndaşlar və siyasət hazırlayanların qlobal dialoqa töhfə vermələrinə və öz ölkələrində bərabərsizliyi yaradan səbəblər və bərabərsizliyin miqyası, təsiri, eləcə də onu nəzarət altına almağın yolları barədə dialoq qurmalarına kömək etmək nəzərdə tutulur.


Bu hesabat BMTİP-in İnkişaf Siyasəti Bürosunda Yoxsulluq Məsələləri üzrə Fəaliyyət qrupu tərəfindən hazırlanmışdır.

Əsas məqamlar

  • İnkişaf etməkdə olan ölkələrdə gəlirlərin bərabərsizliyi 1990-2010-cu illər arasında orta hesabla (əhalinin sayı nəzərə alınmaqla) 11 faiz artmışdır
  • İnkişaf etməkdə olan ölkələrdə ailələrin böyük əksəriyyətinin (əhalinin 75%-dən çoxu) yaşadığı cəmiyyətlərdə gəlirlərin qeyri-bərabər bölüşdürülməsi 1990-cı illərlə müqayisədə daha çox artmışdır
  • Faktlar göstərir ki, müəyyən həddi keçdikdən sonra bərabərsizlik artıma və yoxsulluğun azaldılmasına, həyatın ictimai və siyasi sahələrində münasibətlərin keyfiyyətinə və fərdlərin özünə-hörmət və özünü-qiymətləndirmə hissinə zərbə vurur
  • Gəlirlərin artmaqda olan bərabərsizliyi heç də qaçılmaz deyil: bir sıra ölkələr yüksək artım göstəricilərinə nail olmaqla, eyni zamanda gəlirlərin bərabərsizliyini nəzarət altına almağa və ya azaltmağa müvəffəq olmuşlar
  • Faktlar göstərir ki, ev təsərrüfatları arasında gəlirlərin bərabərsizliyinin böyüməsi gəlirlə bağlı olmayan şərtlərin bərabərsizliyinin böyüməsi ilə sistemli şəkildə əlaqəlidir
  • Şərtlərin bərabərsizliyi və imkanların bərabərsizliyi arasındakı ayrılmaz qarşılıqlı əlaqə nəzərə alınmadan bərabərsizliklə effektiv mübarizə aparmaq mümkün deyil
  • Bu hesabatın hazırlanması çərçivəsində aparılmış qlobal sorğu zamanı dünyanın müxtəlif yerlərindən olan siyasət hazırlayanlar ölkələrindəki bərabərsizliyin adətən yüksək olduğunu və uzunmüddətli sosial və iqtisadi inkişafa potensial təhlükə yaratdığını etiraf etdilər
  • Gəlirlərin yenidən bölüşdürülməsi bərabərsizliyin azaldılması üçün öz vacibliyini saxlayır; lakin bərabərsizliyi davamlı şəkildə azaltmaq üçün daha inkluziv artım modellərinə keçmək lazımdır
  • Bərabərsizliyin aradan qaldırılması üçün bərabərsizliyi törədən mədəni normalar aradan qaldırılmalı və imtiyazsız qrupların siyasi təmsilçiliyi gücləndirilməlidir
  • İnkişaf etməkdə olan ölkələrə dair faktlar göstərir ki, əhalinin ən aşağı gəlirli kvintil qrupunda olan uşaqların 5 yaşdan öncə ölmə ehtimalı əhalinin ən yüksək gəlirli kvintil qrupunda olan uşaqlarla müqayisədə 3 dəfəyə qədər artıqdır
  • Sosial müdafiə qlobal səviyyədə əhəmiyyətli dərəcədə genişlənmişdir. Lakin əlilliyi olan insanların böyük səhiyyə xərcləri ilə üzləşmək ehtimalı orta göstəricidən 5 dəfəyə qədər artıqdır
  • İnkişaf etməkdə olan ölkələrin əksəriyyətində ana ölümlərinin ümumilikdə azalmasına baxmayaraq, kənd yerlərində yaşayan qadınların doğuş zamanı ölmə ehtimalı şəhər mərkəzlərində yaşayan qadınların doğuş zamanı ölmə ehtimalından 3 dəfəyə qədər çoxdur
Hesabatı Yüklə