Azərbaycanın Gənclər sahəsində uğurları BMT tərəfindən diqqətlə izlənilir

2 sentyabr 2013

image Azərbaycan Nümayəndə Heyəti BMT Avropa və MDB ölkələri üzrə Regional Direktoru Cihan Sultanoğlu ilə

Baku şəhəriBMT Təhlükəsizlik Şurası Modeli simulyasiyası ilə bağlı hazırlıq çərçivəsində Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayevin rəhbərlik etdiyi Nazirlik və BMT-nin İnkişaf Proqramı (BMT İP) əməkdaşlarından ibarət nümayəndə heyəti BMT-nin Nyu York Qərargahında son görüşlərini keçirmişdir. 

Nümayəndə heyəti BMT-nin İnkişaf Proqramı rəhbərinin köməkçisi və BMT İP Avropa və MDB ölkələri üzrə Regional Bürosunun bölgə direktoru xanım Cihan Sultanoğlu ilə görüşmüşdür. “Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunmuş BMT Təhlükəsizlik Şurası Modeli tədbirinin keçirilməsi İnkişaf Proqramı ilə Azərbaycan Hökuməti münasibətlərinin yüksək səviyyədə olmasının sübutudur” - xanım Sultanoğlu qeyd etmişdir.

BMT-nin İctimai İnformasiya Departamentinin Təşviqat Bölməsinin direktoru Mahir Nasserlə və  BMT-nin İnkişaf və Sülh naminə İdman Ofisinin Əlaqələndiricisi Erik Dieneslə görüşlərdə azərbaycanlı gənclərin dünya idmanında əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilmişdir. Bakının 2014-cü il Bədii Gimnastika üzrə Avropa Çempionatı, 2015-ci il Birinci Avropa Oyunları, 2016-cı il Şahmat üzrə Dünya Çempionatı, 2017-ci il İslam Həmrəyliyi Oyunları və 2019-cu il Bədii Gimnastika üzrə Dünya Çempionatı kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin ölkədə dimanik və uğurlu siyasətin nəticəsi olduğu xüsusi vurğulanmışdır. Azərbaycanda Gənclər sahəsində aparılan islahatlar, Dövlət Proqramı və mövcud təcrübənin digər üzv ölkələrə nümunə kimi tətbiq olunması istiqamətində birgə səylərin gücləndirilməsi də müzakirə olunmuşdur

Səmimi və işgüzar görüşlərdə nümayəndə heyətinin rəhbəri cənab İntiqam Babayev BMT-nin İnkişaf Proqramı, habelə alt qurumları ilə əməkdaşlığın daha yüksək səviyyədə davam etdirilməsi üçün qarşılıqlı maraqların olduğunu qeyd etmiş və qarşı tərəfi Azərbaycana səfərə dəvət etmişdir.

Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası Model simulyasiyası bu ilin oktyabr ayında Bakıda keçiriləcəkdir. Tədbirdə Azərbaycan da daxil olmaqla, hazırda BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 universitet tələbə və məzunları iştirak edəcəklər.

Azərbaycan nümayəndə heyətinin BMT-nin Nyu York Qərargahına rəsmi səfəri 30 avqust tarixində başa çatmışdır.

Əlavə Məlumat üçün

Ruslan Ismayıl-zadə, Media və İctimai Əlaqələr üzrə Mütəxəssis ruslan.ismayilzada@undp.org