Sumqayıt SYSLAB Mərkəzinin açılış mərasimi keçirilmişdir

13 sentyabr 2013

image Sumqayıt şəhərindəki SYSLAB Mərkəzinin açılışından

Bugün BMT-nin İnkişaf Proqramı (BMTİP) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Azərbaycanda Məşğulluğun və İnnovasiyanın Təşviqi” adlı birgə layihəsi çərçivəsində Sumqayıt SYSLAB Mərkəzi fəaliyyətə başlamışdır.  BMT-nin Rezident Əlaqələndiricisi və BMTİP-nin Rezident Nümayəndəsi cənab Antonius Bruk  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Norveçin Azərbaycandakı Səfirliyinin nümayəndələri ilə birlikdə Mərkəzin təntənəli açılışında iştirak etmişdir.

Tədbir iştirakçılarını salamlayan cənab Bruk SYSLAB mərkəzlərinin Azərbaycanda işsizliyin aradan qaldırılmasında rolunun olduğunu bildirmişdir.  O, həmçinin bu mərkəzlərin ölkədə məşğulluq probleminin həllində, eləcə də iş axtaran və işə götürənlərin ehtiyaclarının ödənilməsində göstərdiyi dəstəyi vurğulamışdır.  SYSLAB Mərkəzi iş axtarma bacarıqlarının inkişaf etdirilməsi, bacarıqlara uyğun iş yerlərinin tapılması, özünü təqdim etmək və işə götürənlərin tələblərinə uyğun ünsiyyət qurmaq bacarıqları üzrə metodologiyalar hazırlayırlar.  Onlar həmçinin işin tələb və ehtiyaclarına uyğun namizədin tapılmasında işəgötürənlərə yardım edirlər. 

Bu layihə çərçivəsində ilk əvvəl Bakı SYSLAB Mərkəzi yaradıldı.  Digər bir SYSLAB Mərkəzinin 2014-cü ildə Gəncədə açılması planlaşdırılıb.  Öz nitqində cənab Bruk Hökumət və özəl sektor nümayəndələrinə səslənərək, SYSLAB-ın həyata keçirdiyi layihələrin Azərbaycanın digər şəhər və rayonlarında da tətbiq edilməsi üçün lazımi maliyyə vəsaitini ayırmağı və bu təcrübəni genişləndirməyi məsləhət görmüşdür. 

2011-ci ildə SYSLAB adlı Norveçdə yerləşən qeyri-hökumət təşkilatı tərəfindən təqdim olunan bu innovativ metodologiyanın təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyi birgə layihə imzaladılar.  Layihə Azərbaycan və Norveç Hökuməti və BMTİP tərəfindən birgə maliyyələşdirilmişdir. Layihənin məqsədi 2006-2015-ci illəri əhatə edən Azərbaycan Respublikasının Milli Məşğulluq Strategiyasının həyata keçirilməsinə dəstək və işsizliyin aradan qaldırılması, eləcə də həvəsli və bacarıqlı işçi qüvvəsi vasitəsilə yerli və regional biznesin inkişafına töfhə verməkdir.  Mərkəz indiyədək 160-dan çox işsizə təlim keçmiş və onlardan təxminən 86%-i işlə təmin olunmuşdur.

Əlavə Məlumat üçün

Ruslan İsmayıl-zadə, Media və İctimai Əlaqələr üzrə Mütəxəssis, ruslan.ismayilzada@undp.org