BMT TŞ Model Konfransı birgə layihənin uğurla həyata keçirildiyini təsdiq edir

23 oktyabr 2013

image Bakıda təşkil edilən BMT Təhlükəsizlik Şurasının Simulyasiyasının keçirildiyi zal

Bakıda təşkil edilən Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransı öz işini davam etdirir. İki günlük konfrans öncəsi təlim seminarından sonra iştirakçılar bugün Azərbaycan Diplomatik Akademiyasında Təhlükəsizlik Şurasının simulyasiyasını həyata keçirmək üçün  rol oyununa start vermişlər. 

Tədbir iştirakçılarını salamlayan ADA-nın icraçı prorektoru Fariz İsmayılzadə model konfransın Azərbaycan üçün əhəmiyyətindən bəhs etmiş və iştirakçılara uğurlar arzu etmişdir.  

İki gün davam edəcək simulyasiya oyununda tədbir iştirakçıları kiber-təhlükəsizlik mövzusu ətrafında debatlara qoşulacaq, yaranmış böhran üzrə qətnamələr qəbul edəcək və problemin həlli yolları üçün ümumi çərçivəni müəyyənləşdirməyə səy göstərəcəklər. Model Konfransının obyekti kiber-təhlükəsizliyin pozulması səbəbindən böhranla üzləşmiş Afrikada yerləşən Tobanqo ölkəsidir. Razılaşdırılmış sülh planının bəzi müddəalarının ictimaiyyətə sızması ilə ölkədə gedən vətəndaş müharibəsi daha da qızışmış və Təhlükəsizlik Şurasının üzv-ölkələrindən həmin böhranın həlli yollarının tapılması tələb olunur. Bu model Şura real BMT Təhlükəsizlik Şurası kimi günün istənilən saatında toplaşa, müzakirələr keçirə və müvafiq qərarlar qəbul edə bilər.

Təhlükəsizlik Şurasının prezidentlik vəzifəsi beynəlxalq ekspert xanım Hannah Musaya həvalə edilmişdir. Müzakirələrinin nəticəsində məsələ ilə bağlı yekun qətnamə veriləcəyi və onun səsə qoyulacağı gözlənilir. Rəsmi bağlanış mərasimində konfrans iştirakçıları beynəlxalq dərəcəli sertifikatla təltif ediləcəklər. Bundan sonra, BMT Təhlükəsizlik Şurasını təmsil edən ölkələrin mədəniyyət gecəsi keçiriləcəkdir.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası Model Konfransı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramının “Gənclərin qərar qəbuletmə və dövlət siyasətinin həyata keçirilməsində iştirakı” adlı birgə layihəsi çərçivəsində təşkil edilmişdir. Bu Konfrans layihənin uğurla həyata keçirilməsinə və gənclərin qərar qəbuletmə bacarıqlarının inkişafına töfhə verdiyini göstərir.

Əlavə Məlumat üçün

Ruslan Ismayıl-zadə, Media və İctimai Əlaqələr üzrə Katib, ruslan.ismayilzada@undp.org