BMTİP milli məsləhətləşmələrin ikinci mərhələsinə start verir

19 iyun 2014

image2015-ci ildən sonrakı əsas inkişaf məsələləri üzrə milli məsləhətləşmələrin loqosu

BMT-nin Inkişaf Proqramı (BMTIP), ARGTMŞ, Gənclər və İdman Nazirliyi, və BMT-nin Əhali Fondunun (UNFPA) birgə təşkilatçılığı ilə Azərbaycanda keçiriləcək 2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin Milli Məsləhətləşmələrinin ikinci mərhələsinə start verilir.

Keçiriləcək Milli Məsləhətləşmələrin əsas məqsədi 2013-cü il ərzində ilk məsləhətləşmələr zamanı qazanılmış təcrübəni və ölkəmizin qarşısında duran məqsədləri nəzərə alaraq, məsləhətləşmələrdə müəyyən olunmuş prioritetlər üzrə Azərbaycan vətəndaşlarının fikrini öyrənmək və onların həyata keçirilməsi mexanizləri üzrə təkliflər almaqdır. İlk məsləhətləşmələrin 23 iyun tarixində Gəncə şəhərində, 2016-cı il Avropa Gənclər Şəhərində keçirilməsi planlaşdırılır.

"2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi: Vətəndaş Cəmiyyəti ilə dialoq: Gənclər" adı altında keçiriləcək məsləhətləşmələrdə əsasən vətəndaş cəmiyyətinin mühüm parçası olan gənclərın iştirakı nəzərdə tutulub. Bu fikir mübadiləsi çərçivəsində əsas hədəflər keçən ilki məsləhətləşmələrin nəticələrini həyata keçirmək üçün lazım olacaq icra mexanizmlərinin tapılması, müzakirəsi və gənclərin həmin prosesdə iştirakı və rolunu təmin etməkdir. Məsləhətləşmələrin əsas hədəf qrupu gənclər olsa da, eyni zamanda müxtəlif sahələrdə fəaliyyət göstərən, fərqli yaş və sosial qruplardan olan insanların da fikirləri dinləniləcək.

Məsləhətləşmələr 2014-cü il Azərbaycanın Gənclər Paytaxtı olan Quba şəhərində də keçiriləcəkdir. Məsləhətləşmələrin Bakı şəhərində BMT Modeli Simulyasiya Oyunu ilə yekunlaşacağı planlaşdırılır.

Xatırladaq ki, ilk Milli Məsləhətləşmələr Azərbaycanda ötən il keçirilib. Azərbaycanın bir çox bölgələrində keçirilən milli məsləhətləşmələr nəticəsində toplanmış təkliflər “Azərbaycan 2020: Gələcəyə Baxış” adlı strateji konsepsiyadakı əks edilən milli prioritetlərə və BMT-nin 2016-2020-ci illəri əhatə edəcək proqramlaşdırma fəaliyyət sahələrinə uyğunlaşdırılmışdır. Həmin nəticələr 21 iyun 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi cənab Antonius Brukun həmsədrliyi ilə keçirilən konfransda təqdim edilərək nəzərdən keçirilmiş və təhlil edilmişdir. 

Contact Information

Ruslan Ismayil-zadə, Media və İctimai Əlaqələr üzrə məsul şəxs, ruslan.ismayilzada@undp.org