İcmaların su çatışmazlığına hazırlığı onların risklərin azaldılması proseslərində iştirakına imkan yarada bilər

Wed Nov 30 00:00:00 EST 2016

Qəbələ, Azərbaycan: BMT İnkişaf Proqramı (BMTİP) və Qlobal Ekoloji Fondun (GEF) Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığı çərçivəsində icra etdiyi birgə layihə çərçivəsində Qəbələ şəhərində daşqınların proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemi üzrə seminar öz işinə başlayıb. Seminarda yerli maraqlı tərəflər, layihənin benefisiarları, yerli və beynəlxalq ekspertlər, icma rəhbərləri və layihə heyəti iştirak edib.

İqlim dəyişikliyi xüsusən yoxsul və zəif icmalara təsir göstərəcək. BMTİP-in bu birgə layihəni icra etməkdə məqsədi Azərbaycanda yerli dağ icmaları tərəfindən iqlim dəyişikliyi risklərinin su və daşqınların idarəetmə prosesində nəzərə alınmasından ibarətdir. “Bizim məqsədimiz təhlükə altında olan ərazilərdə yaşayan icmaların su çatışmazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdan ibarətdir”, deyə BMTİP-in Strateji Əməkdaşlq üzrə Müşaviri cənab Məzahir Əfəndiyev seminar iştirakçılarını salamlayarkən bildirib.

Su üzrə müasir inteqrasiyalı idarəemə üçün müvafiq institusional baza tələb olunur. Normativ-hüquqi aktlarda iqlim dəyişikliyi məsələsini əhatə etmək üçün layihə çərçivəsində ölkənin Su Məcəlləsinə yeni düzəlişlər hazırlanıb. M.Əfəndiyev su üzrə innovativ idarəetmə üçün əlaqələndirilmiş yanaşmanın zəruri olduğunu vurğulayıb. “Bizim hazırladığımız sənədlər mərkəzi institusional strukturun su ehtiyatları üzrə inteqrasiyalı idarəetmənin tətbiqini tam dəstəkləməsini tövsiyə edir”, deyə o qeyd edib.

Seminar qrup müzakirələri formasında keçirilib. İştirakçılar erkən xəbərdarlıq sisteminin komponentləri, o cümlədən risklərin qiymətləndirilməsi, monitorinq və xəbərdarlıq, kommunikasiya və təşviqat, cavab qabiliyyəti ilə bağlı öz tövsiyələrini bölüşüblər. Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərin idarə edilməsi, layihələrin əlaqələndirilməsi və təhsil məsələləri baş idarəsinin rəis müavini cənab Gündüz Həmzəyev iştirakçılara bu sahədə meydana çıxan riskləri yumşaltmağa yönələn işlər barədə məlumat verib. Seminar zamanı layihə çərçivəsində əldə edilən yeni erkən xəbərdarlıq qurğuları icma üzvlərinə təhvil verilib.

Ekspertlər quraqlıq və su çatışmazlığı zamanı kənd təsərrüfatı texnologiyalarının istifadəsinin əhəmiyyətini vurğulayıblar. İcma əsaslı erkən xəbərdarlıq sisteminin tam səfərbərliyi daşqınların səmərəli proqnozlaşdırılması üçün yaxşı vasitə kimi qiymətləndirilib. Ekspertlər eksperimental təcrübə üçün Azərbaycanın Mıxlıqovaq icmasını seçiblər.

Kommunikasiya zəncirini və iştirakçıların müzakirə edilən məsələlər barədə anlayışını sınaqdan keçirmək üçün seminarın sonunda Su İstifadəçiləri Birliyinin üzvləri ilə simulyativ məşq həyata keçirilib.

Tədbirdən şəkillər

Slide
Slide
Slide
Slide
Slide