Azərbaycanda, BMTIP və ANAMA ərazilərin minalardan təmizlənmə missiyasının 20 illik uğurunu qeyd edir

18 July 2018

Şəkil: BMTİP, İnkişaf və Ərazilərin Minalardan Təmizlənməsi Proqramı

Bakı, 18 iyul 2018-ci il – 20 il bundan əvvəl Azərbaycanda müharibə zonalarının böyük bir hissəsi partlamamış hərbi sursatdan çirklənməyə məruz qalmışdır və nəticədə həmin ərazilərdə məcburi köçkünlərin məskunlaşması üçün təhlükəli və əlverişsiz bir vəziyyət yaranmışdı. Belə olan halda, 1998-ci ildə Azərbaycan hökuməti insan həyatına böyük təhlükə törədən ərazilərdə humanitar minatəmizləmə işlərini aparmaq mandatına sahib olan qeyri-hərbi təşkilatın – Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) təsis olunmasına yardım göstərməsi üçün BMT-nin İnkişaf Proqramına müraciət etmişdir.

Bu gün isə ANAMA artıq ölkədə uğurlu  fəaliyyətinin 20-ci il dönümünü qeyd edir. Bu illər ərzində əldə olunan uğurlardan ən əsası Azərbaycanın 520 milyon kvadrat metrdən çox ərazisinin tamamilə minalardan təmizlənməsi, təqribən 800 min mina və digər partlayıcı silah-sursatın birdəfəlik məhv edilməsi olmuşdur. Ümumi hesabla, bütün bu əməliyyatlarda iştirak edən 484 mütəxəssis və 134 inzibati heyətdən ibarət milli komandaya malik olan ANAMA müharibə nəticəsində doğma yurd-yuvalarından məhrum edilmiş 160 mindən çox insanın təhlükəsiz şəraitdə məskunlaşmasını təmin edib.  

ANAMA-nın ilk məqsədi başlıca olaraq ərazilərin minalardan təmizlənməsi olsa da, bugün artıq Agentliyin gündəliyində daha çox insanyönümlü  fəaliyyətlərin icrası dayanır. ANAMA-nın mina təhlükəsinə dair maarifləndirmə proqramları 50 mindən çox şagirdi əhatə edir. Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin dəstəyi ilə mina hadisələrinin qurbanı olan insanlara tibbi yardım göstərilib və onların fiziki reabilitasiya proqramlarına cəlb olunmasına köməklik göstərilmişdir. ANAMA-nın ölkədə ilk fəaliyyətə başladığı dövrlərindən bəri təşkilat minadan zərər çəkmiş şəxslərin sosial inteqrasiyasında da böyük rol oynamışdır. Agentlik tərəfindən dəstək alan şəxslərdən biri Cavid Mehrəliyev həmin günləri belə xatırlayır: “Minadan zərər çəkmiş bir insan kimi, mən həmişə çalışmışam ki, cəmiyyətdən kənarda qalmayım, cəmiyyətə inteqrasiya edim.” Cavid Mehrəliyev artıq 20 ildir ki, özü də ANAMA-da çalışır və hal-hazırda o, Agentliyin Füzuli regiounu üzrə əməliyyat meneceridir.

ANAMA, eyni zamanda, mina qurbanları və onların ailə üzvlərinin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə mikro-kredit layihələri həyata keçirir, həmçinin yeni bacarıqların təşviqi məqsədilə xalçaçılıq kursları təşkil edir və bununla da xalq sənətinin inkişafı istiqamətində işlər görür.

Bugün ANAMA minatəmizləmə sahəsində fəaliyyət göstərən bir çox beynəlxalq qurumlarla əməkdaşlıq edir, hər iki istiqamətdə uğurlu təcrübə və bilik mübadiləsinin təmin olunmasına çalışır. BMT-nin İnkişaf Proqramının yardımı ilə Agentlik Şimali Atlantika Müqaviləsi Təşkilatı, Beynəlxalq Qızıl Xaç Komitəsi və Dünya Bankı kimi təşkilatlarla əlaqə yaradıb. Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi ilə əməkdaşlıq minatəmizləmə üzrə yeni nəsil informasiya idarəetmə sistemlərinin hazırlanmasına və yeni minatəmizləmə texnologiyasının sınaqdan keçirilməsinə diqqət yönəldir.  Bununla yanaşı, ANAMA Gürcüstan, Türkiyə və Əfqanıstan kimi dünyanın digər ölkələrində olan milli minatəmizləmə proqramlarına yardım göstərir.

Bütün bunlar onu deməyə əsas verir ki, ANAMA artıq gənc bir təşkilat deyil. O, minaların təmizlənməsi, mina təhlükəsinə dair maarifləndirmə, habelə mina və döyüş sursatlarının partlamasından zərərçəkən insanlara yardım üçün tələb olunan mükəmməl bilik və ən müasir infrastrukturla təchiz edilmiş milli institutdur. Agentliyin qazandığı uğurlar onu göstərir ki, ölkə səviyyəsində olsa belə minatəmizləmə proqramları tamamilə milliləşdirilməlidir. Bu kimi proqramlar BMT və digər beynəlxalq inkişaf agentlikləri ilə tərəfdaşlığı davam etdirməklə, həmin qurumların dəstəyindən də faydalana bilərlər.

BMT-nin İnkişaf Proqramı nöqteyi-nəzərindən ərazilərin minalardan təmizlənməsi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında mühüm rol oynayır, eyni zamanda, fəlakətlər baş verən zaman vaxtında tədbir görməyə, mənfi təsirlərə qarşı cəmiyyətdə dayanıqlılığın təmin olunmasına yardım edir. Bu gün, ANAMA-nın yaradılmasının 20-ci il dönümünə həsr olunmuş tədbirin açılışında çıxış edən BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi cənab Qulam İsakzai bildirib ki, müharibədən sonra hələ də  mina və partlayıcı maddələrin qalıqlarının mövcudluğu insanların və cəmiyyətlərin lazımi resurslar və infrastruktura çıxışını çətinləşdirir, onlardan istifadəyə əngəl törədir. Minatəmizləmə əməliyyatları bu əngəlləri aradan qaldırır, hadisələrin baş verməsinin qarşısını alır, minalarla çirklənən ərazilərdə yaşayan insanların, eyni zamanda belə yerlərdə fəaliyyət göstərən təşkilatların təhlükəsizliyini təmin edir.

Humanitar minatəmizləmə fəaliyyətlərində göstərdiyi davamlı, beynəlxalq standartlara cavab verən peşəkarlığa, potensialın gücləndirilməsi üzrə geniş və müfəssəl metodoloji proqramlarına görə ANAMA BMT-nin İnkişaf Proqramının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən “Mükəmməllik Sertifikatı”na layiq görülüb. ANAMA-nın 20 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə minatəmizləmə fəaliyyətlərinin inkişafında Agentliyin dərin bilik və bacarıqlara sahib olduğunu qeyd edən cənab İsakzai bildirib ki, dünyanın bir çox ölkəsində hələ də minalardan xilas olmağa ehtiyac duyulduğu bir dövrdə Azərbaycanın öz sərhədləri daxilində əldə etdiyi bu uğur digər ölkələrlə də paylaşılmalıdır.

Xəbərin hazırlanmasında Məryam Mehdiyeva iştirak etmişdir.

Məlumat üçün, BMTİP-in Azərbaycan ofisinin kommunikasiya müşaviri Arzu Cəfərli ilə aşağıdakı ünvanda əlaqə saxlaya bilərsiniz - arzu.jafarli@undp.org