Üçüncü Milli BMT Modeli Konfransı öz işinə başladı: 230-dan artıq gənc indi diplomat qismində

5 April 2019

Şəkil: Gənclər və İdman Nazirliyi. Dilavər Nəcəfov. BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən cənab Alessandro Frakassetti 3-cü MilliMUN Konfransının açılış mərasimində giriş nitqi ilə çıxış edərkən. 5 aprel 2019-cu il. Bakı şəhəri, Azərbaycan.

Bakı şəhəri, 5 aprel 2019-cu il. Beynəlxalq diplomatiya, münaqişələrin həlli və BMT dəyərlərinə dərindən maraq göstərən 230-dan artıq gənc fəalın iştirak etdiyi Üçüncü Milli BMT Modeli Konfransı (MilliMUN) bu gün paytaxt Bakıda öz işinə başlayıb. Bu tədbir gənclərə əsl diplomat təcrübəsini yaşamaq və BMT-nin simulyativ komitə iclaslarında dünyanın real problemlərinə həll yolları tapmaq imkanı verəcək. Hər il keçirilən Milli MUN ənənəvi olaraq BMT-nin İnkişaf Proqramı (BMTİP) və Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən təşkil olunur.

Üçüncü MilliMUN Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə BMTİP tərəfindən həyata keçirilən yeni layihə çərçivəsində təşkil edilib. İki il davam edəcək bu layihənin həyata keçirilməsində məqsəd qlobal siyasi müzakirələrdə və Dayanıqlı inkişaf üzrə 2030-cu ilə qədər Yeni Gündəliyin qarşıya qoyduğu vəzifələrə nail olunması istiqamətində innovativ həll yollarının müəyyən edilməsində gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni mütərəqqi platformaların yaradılmasına yardım etməkdir. Birgə təşəbbüs həmçinin BMT Modeli hərəkatını genişləndirməklə Azərbaycanda daha güclü və daha mükəmməl gənclər şəbəkəsinin yaradılması və daha da inkişaf etdirilməsinə çalışır.

Tədbirə sahiblik edən Gənclər və İdman Naziri cənab Azad Rəhimov 3-cü MilliMUN konfransını açıq elan edərək bu cür simulyasiya proqramlarının Azərbaycan gəncliyi üçün əhəmiyyətini xüsusilə vurğuladı. Gənclərə müraciət edərək, cənab Rəhimov bildirmişdir: “Əminəm ki, MilliMUN zamanı əldə etdiyiniz bilik və bacarıqlar gələcəkdə hansı fəaliyyət sahəsini seçməyinizdən asılı olmayaraq ölkəmizi və gəncliyimizi milli və beynəlxalq miqyasda layiqincə təmsil etməyə töhvə verəcəkdir.”

MilliMUN konfransının bu ilki açılışına həmçinin Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin yüksək vəzifəli şəxsləri də qatılmışlar.

Tədbiri giriş sözü ilə açan BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən cənab Alessandro Frakassetti bildirmişdir ki, “BMTİP Azərbaycan höküməti ilə Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi və 17 Dayanıqlı İnkişaf Məqsədinin həyata keçirilməsi sahəsində sıx əməkdaşlıq edir, dövlətin bu sahədə səylərini dəstəkləyir. 17 məqsədin hər biri bəşəriyyətin üzləşdiyi qlobal problemlərin, məsələn yoxsulluq, təhsil səviyyəsinin aşağı olması, layiqli iş imkanlarının məhdudluğu, gender bərabərsizliyi, ətraf mühitin çirklənməsi və iqlim dəyişikliyi kimi bir sıra digər problemlərin həllinə yönəlib.”

Daha sonra, üzünü gənclərə tutaraq, cənab Frakassetti söyləmişdir: “Bütün bu məqsədlərin həyata keçirilməsində biz sizin qüvvənizdən, sizin düşüncənizdən bəhrələnə bilərik. Heç kəs kənarda qalmasın prinsipinə uyğun olaraq, daha şəfqətli, əhatəli və sülhsevər cəmiyyətlərin yaradılmasına kömək etmək vəzifəsi hamımızın üzərinə düşür.”

Üçüncü MilliMUN tələbə və gənclərə 4 günlük həyəcan dolu BMT simulyasiya proqramı təklif edir. Gənc iştirakçılar BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu (UN Women) və BMT Ətraf Mühit Proqramının (UNEP) rəmzi komitələrində diplomatiya bacarıqlarını sınaqdan keçirmək imkanı qazanacaqlar. Belə ki, onlar Mərkəzi Afrika Respublikasındakı böhranı analiz edəcək, qadın və kişi əməyinin bərabər ödənilməməsi məsələsini araşdıracaq, rəqəmsal idarəçilik və vətəndaş iştirakına keçidin perspektivlərini təhlil edəcək, habelə tekstil sənayesinin ətraf mühitə təsirindən danışacaqlar.

Azərbaycanda ilk BMT Modeli Konfransı 2013-cü ildə BMTİP tərəfindən GİN-lə birlikdə təşkil olunub. 2014-2016-cı illərdə BMTİP və Azərbaycan Hökumətinin uğurlu əməkdaşlığı nəticəsində BMT Modeli üçün milli platformanın – MilliMUN platformasının yaradılması məqsədilə yeni bir layihə ərsəyə gəldi. 2016-cı ildə ilk Milli BMT Modeli (MilliMUN) Konfransı baş tutdu. İkinci MilliMUN konfransı isə 2017-ci ildə keçirildi.

Göstərilən bu birgə səylərin ümumi nəticəsi kimi, bir neçə il ərzində Azərbaycanda üç milli BMT Modeli konfransının, Naxçıvanda bir MUN konfransının, İsmayıllı və Daşkəsəndə iki BMT Modeli Yay Məktəbinin keçirilməsini qeyd etmək olar. Bununla yanaşı, BMTİP və GİN müxtəlif MUN klublarında fəal gənclərdən ibarət qrupların rəhbərlik etdiyi uğurlu universitet səviyyəli MUN konfranslarına dəstək göstərdi. Yeni layihə çərçivəsində 2018-ci ildə Azərbaycanda 17 Dayanıqlı İnkişaf Məqsədi üzrə ilk Gənc Səfirlər seçildi. Onların hər biri qlobal məqsədlərdən birini təmsil edir. DİM-lər üzrə Gənc Səfirlər DİM-lərin icrasında iştirak edən dövlət qurumlarının fəaliyyətinə dəstək göstərəcək, yerli, milli və beynəlxalq səviyyədə görülmüş tədbirlərlə bağlı maarifləndirmə işlərinə kömək edəcək və DİM-lərin icrası ilə bağlı milli hesabatların hazırlanması işlərinə töhfə verəcəklər.

*******

Mətbuatla əlaqə

BMTİP-in Azərbaycan ofisinin kommunikasiya və ictimai əlaqələr üzrə müşaviri Arzu Cəfərli - arzu.jafarli@undp.org