BMTİP dünyanın 60 ölkəsində dayanıqlı inkişafı dəstəkləmək üçün akselerator laboratoriyaları şəbəkəsinə start verir

25 January 2019

Şəkil: BMTİP Azərbaycan, Andrea Egan

Azərbaycan Avropa və MDB regionunun akselerator laboratoriyası olacaq 6 ölkəsi arasındadır

Ümumi məlumat

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) 2018-2021-ci illər üzrə olan strateji planı inkişafın mürəkkəbliyini qəbul edir, təşkilat üzərinə ölkələrin 2030-cu il Gündəliyinə nail olmaq üçün daha davamlı həll yollarını, daha tez tapması üçün yardım etmək öhdəliyi qoyur. Kənd və bölgələrdən insanların kütləvi şəkildə şəhərlərə köçməsi, iqlim dəyişikliyi, qeyri-bərabərliyin artması kimi inkişafı əngəlləyən hallar Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM-lər) nail olmaq məqsədilə 2030-cu il Gündəliyinin gerçəkləşdirilməsinə aparan yolda ciddi çətinliklər yaradır.

2015-cil ildə BMT-yə üzv olan bütün dövlətlər tərəfindən qəbul edilən Dayanıqlı İnkişaf üzrə 2030-cu ilə qədər Gündəlik insanlar və Yer kürəsi üçün ümumbəşəri sülh və əmin-amanlığın artırılmasını nəzərdə tutur. Yeni inkişaf Gündəliyinin mərkəzində 17 Dayanıqlı İnkişaf Məqsədi dayanaraq, inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələri yoxsulluğa son vermək, sağlamlıq və təhsili təkmilləşdirmək, qeyri-bərabərliyi azaltmaq, iqtisadi inkişafı təşviq etmək, eyni zamanda iqlim dəyişikliyinin öhdəsindən gəlmək, okean və meşələri qorumaq istiqamətində çalışmaq üçün qlobal tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərməyə çağırır.

BMTİP dünyanın üzləşdiyi problemlərə qarşı qeyri-ənənəvi və “yeni nəsil” həll yolları hazırlamaq üçün bir sıra strateji təşəbbüslər irəli sürür. Bu təşəbbüslərdən biri də BMTİP-in fəaliyyət göstərdiyi seçilmiş ölkələrdə akselerator laboratoriyaları şəbəkəsini yaratmaqdır. Bu təşəbbüsü başlamaqla BMTİP bəyan edir ki, bəşəriyyətin üzləşdiyi inkişaf problemləri biri-biri  ilə sıx bağlıdır, lakin bu gün fərqli düşünmək və fərqli qərarlar qəbul etməyin vaxtı gəlib çatıb. Artıq hər zaman etdiyimiz kimi davrana bilmərik və sosial problemlərin həlli yollarını daha innovativ üsullarla tapmağa başlamalıyıq, xüsusilə də bu problemlərin mənbəyinə və onların həlli yollarına daha yaxın olan və yerli ehtiyacları bilən insanlar arasında. Yeni akselerasiya laboratoriyaları ən müasir metodologiyaları yerli bilik və bacarıqlarla birləşdirərək həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün mühüm bir investisiyadır.

Haqqımızda:

Biz dünyanın ən geniş və ən sürətlə öyrənən qlobal akselerator laboratoriyası şəbəkəsini yaradırıq. Bu məqsədlə BMTİP dünyanın 60 ölkəsində akselerator laboratoriyaları təsis edir. Belə ki, Azərbaycan bu 60 ölkədən biri olaraq, eyni zamanda MDB və Avropa regionunun akselerator laboratoriyası olacaq 6 ölkə ofisi arasındadır. Akselerator laboratoriyaları şəbəkəsi bilik, resurs və mütərəqqi təcrübələrə əsaslanan tərəfdaşlığı səfərbər etməklə sosial inkişaf problemlərinə qarşı “yeni nəsil” həll yollarını üzə çıxaracaq. Burada əsas məqsəd dəlil və təcrübə ilə dəstəklənən, ölkədaxili ehtiyaclar və beynəlxalq praktikaya əsaslanan həll yollarının sınanmasını və yayılmasını sürətləndirən yeni yanaşma təqdim etmək, bununla da kollektiv yanaşmamızın köklü surətdə dəyişdirilməsindən ibarətdir. Buna nail olmaq üçün aşağıdakı addımlar tətbiq olunacaq:

     Yerli səviyyədə ehtiyacların öyrənilməsi və bu ehtiyaclara əsaslanaraq problemlərin həlli istiqamətlərinin araşdırılması, nəticə verən üsulların müəyyən edilməsi və onların daha geniş tətbiqi;

  •      Faydalı üsulların sürətli sınanması;
  •      Kollektiv biliyin yaradılması üçün ən yaxşı ideyaların və səriştələrin birləşdirilməsi;
  •      Səriştə, yaradıcılıq və kollektiv təcrübənin bir araya gətirilməsi ilə inkişafın sürətləndirilməsi.

Akselerator laboratoriyası i) prioritet inkişaf problemlərinin həllinə yönəlmiş təşəbbüsləri həyata keçirəcək və ii) BMTİP-in mövcud portfeli çərçivəsində inkişaf modellərinin eksperiment vasitəsi ilə yoxlanılmasını təmin edəcək.

Sizin haqqınızda:

Siz yeni fəaliyyətlərə təkan vermək arzusundasınız, yeni layihələr yazmaq, onları idarə etmək, yerli icmalarla birbaşa işləmək həvəsindəsiniz və bununla yanaşı beynəlxalq səviyyədə işləmək və qlobal şəbəkələrlə əməkdaşlıq qurmaq iqtidarındasınız. Yeni bilik və bacarıqları öyrənmək, onların faydasını anlamaq və müsbət təcrübələrin müxtəlif istiqamətlərdə və fərqli sektorlarda tətbiq etməkdən zövq alırsınız. Siz meydana çıxan yeni həll yolları barədə hekayətlər danışırsınız, qlobal inkişaf problemlərini həll etməyə can atırsınız.

Təbiətən sahələrarası, mədəniyyətlərarası düşüncə tərzinə meyllisiniz, kosmopolitsiniz, müxtəliflik və fərqlilik tərəfdaşısınız. Yeni kəşf və araşdırmalara açıqsınız, vizual düşüncə vasitəsilə fikir və ideyaları ifadə etməyə qadirsiniz, gözlənilməz və spontan kəşflərə açıqsınız. Buna baxmayaraq, siz eyni zamanda dəqiq və praqmatiksiniz və dövlət məmurları ilə konstruktiv iş aparmağı bacarırsınız. Qeyri-müəyyənlik sizi narahat etmir, kontekst üçün kənardan, məzmun üçün yaxından baxmağı bacarırsınız, məqsədləri qətiyyətlə təqib edirsiniz, zəruri olduqda, vəziyyətə tez adaptasiya olur və fəaliyyət istiqamətinizi dəyişə bilirsiniz. Layihələrin idarə olunması sahəsində peşəkarsınız, qərar qəbul etmə prosesində öz gücünüzə əminsiniz və müxtəlif idarəçilik modellərinin dinamikası ilə qarşılaşdıqda özünüzü rahat hiss edirsiniz.

Hər şeylə maraqlanırsınız, orijinal və əyləncəlisiniz. Entuziast-xəyalpərəst, strateji düşünən və istedadlı dizaynersiniz. Sistemləri başa düşür, yaxşını, pisi və çirkini ayırd edirsiniz, dəyişiklik yaratmaq üçün bürokratik maneələri qət edə bilirsiniz. Rəqəmsal bacarıqlara maliksiniz və müasir texnologiyaları rahatlıqla idarə edə bilirsiniz. BMT dəyərlərini bölüşürsünüz və BMTİP kimi qlobal inkişaf təşkilatının bir hissəsi olmağa həvəslisiniz. Bütün burada yazılanların Sizin şəxsi dəyərlərinizə, maraq və səriştənizə uyğun olduğunu düşünürsünüzsə, bizə qoşulun. BMTİP-də Araşdırma, Eksperiment və inkişaf problemlərinin Həll yollarının xəritələşdirilməsi üzrə yeni yaranacaq komandalarımıza rəhbərlik etmək istəyirsinizsə, bu fürsəti qaçırmayın, bizə müraciət edin.

İdeyaları fəaliyyətə çevirməyə marağınız və həvəsiniz varsa və ya fitrən yaradıcı insansınızsa, eyni zamanda çox şaxəli fəaliyyət təcrübəsinə maliksinizsə, dünyanı daha yaxşı bir yerə çevirmək istəyirsinizsə, demək bu fürsət sizin üçündür. İnkişaf layihələri sahəsində böyük nüfuz qazanmış BMT-nin İnkişaf Proqramına qoşulun və minlərlə insana daha yaxşı həyat qurmaqda yardım edin! Bunun üçün aşağıdakı üç vəzifədən birinə müraciət edin. Müraciət üçün son tarix 11 mart 2019-cu ildir.

BMTİP-ə qoşulun