Biznes sektoru iqlim dəyişikliyinə qarşı

24 December 2018

             Biznes sektoru iqlim dəyişikliyinə qarşı

 

Şəkil: Bakı Ali Neft Məktəbi. Cleantech Ideation Bootcamp proqramı. Bakı, Azərbaycan, 22-23 dekabr 2018-ci il

Azərbaycanda innovatorlar planetə dəyən ziyanın qarşısını almaq üçün ekoloji təmiz texnologiyalar hazırlayırlar

 

24 dekabr 2018-ci il – BMT sistemində iqlim dəyişikliyinə qarşı mübarizədə liderlik edən BMT-nin İnkişaf Proqramı Azərbaycanda innovasiya və işgüzar maraqları dayanıqlı ətraf-mühit ilə bağlı həyata keçirdiyi işlər sırasında ön planda tutur. Bu il BMT-nin İnkişaf Proqramı mühüm innovasiyaların ərsəyə gətirilməsi və dünyanın ən ciddi problemlərindən biri olan iqlim dəyişikliyi məsələsinin həlli istiqamətində biznes sektorundakı potensialı inkişaf etdirmək məqsədilə ölkədə ilk dəfə olaraq Cleantech Ideation Bootcamp adlı proqrama ev sahibliyi etmək üçün Sosial İnnovasiya Laboratoriyası (SİL) ilə birgə fəaliyyətə başlamışdır. Bir neçə gün əvvəl Polşanın Katovis şəhərində keçirilən BMT-nin Qlobal İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında (COP24)dünyanın ciddi şəkildə iqlim dəyişikliyi problemi ilə üz-üzə qaldığı” və “iqlim dəyişikliyinin bəşəriyyətdən daha sürətli addımladığı” dünya liderləri və əraf-mühit müdafiəçilərinin nəzərinə çatdırılmışdır.

İqlim dəyişikliyinə qarşı mübarizə çağırışına cavab olaraq, Cleantech Ideation Bootcamp Azərbaycanda bu fəaliyyətin əsas iştirakçılarını, o cümlədən planeti təhlükə altında qoyan problemlərdən olan qlobal istiləşmə, zərərli qazların emissiyası və atmosferin çirklənməsi problemlərinə qarşı mübarizə aparan gənc alimləri, innovatorları, proqram təminatçıları və yeni yaranmış startapları bir araya gətirmişdir. 22-23 dekabr tarixlərində Bakı Ali Neft Məktəbində təşkil olunmuş iki günlük intensiv təlim proqramına 40-dan çox sahibkar, dayanıqlılıq və blokçeyn üzrə ekspertlər, peşəkar təlimçilər və biznes sektorunun qabaqcıl məsləhətçiləri qatılaraq biznes fəaliyyəti vasitəsilə iqlim dəyişikliyi probleminin qarşısını almaq məqsədilə “yaşıl biznes” ideyaları və innovativ həllər irəli sürmüşlər.

Sosial İnnovasiya Laboratoriyası tərəfindən hazırlanmış Cleantech Ideation Bootcamp proqramı ekoloji təmiz texnologiyalar və digər vasitələrdən istifadə edən sahibkarlar və innovatorlara iqlim dəyişikliyinə qarşı mübarizə aparan layihələr ərsəyə gətirmək və bununla da Dayanıqlı İnkişaf üzrə 2030-cu ilə qədər olan Yeni Qlobal Gündəliyinin və Gündəlikdə yer alan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lər) reallaşdırılmasını sürətləndirməyə kömək etmək üçün aktiv və praktik təlim platforması yaratmışdır. Xüsusilə də, İqlim dəyişikliyinə qarşı mübarizəni nəzərdə tutan DİM 13 və sənaye, innovasiya və infrastrukturun inkişafını təşviq edən DİM 9-un reallaşdırılması məqsədilə proqram çərçivəsində inkişaf sahələrində qabaqcıl eksperimentlərin aparılması baxımından xüsusi əhəmiyyət kəsb edən Design ThinkingLean Start-up adlanan mütərəqqi metodologiyalardan istifadə olunmuşdur.

BMT-nin İnkişaf Proqramının Rəhbəri cənab Akim Ştaynerin dediyi kimi, “hal-hazırda biznes sektoru iqlim dəyişikliyinə qarşı mübarizədə iştirak etmək üçün əvvəlkindən daha mühüm məsuliyyət daşıyır”. İki gün davam edən Cleantech proqramı ətraf mühitə məhz biznes yanaşmasını vurğulayaraq, Bootcamp-ın sonunda sabit biznes modelləri olan və iqlim dəyişikliklərinə təsir etmək potensialını nümayiş etdirən 8 yeni layihənin yaradılması və mövcud layihələrin daha da gücləndirilməsini qarşıya məqsəd qoymuşdur.

Bu layihələrin içində divar boyanması prosesinin optimallaşdırılması nəticəsində boyadakı zərərli kimyəvi maddələrin miqdarını azaldan robotunun hazırlanması, dizelə alternativ olaraq karbon qazının (CO2) emissiyasının qarşısını alan bioyanacağın əldə edilməsi layihələri xüsusi maraq kəsb etmişlər. Digər layihələrdən isə, istənilən növ ekoloji cəhətdən təmiz məhsulun təchizatçıları və satıcılarını dayanıqlı biznes fəaliyyəti ilə məşğul olan təşkilatlar və fərdlər ilə birləşdirən onlayn platformanın qurulması, eləcə də liman və dənizkənarı müəssisələr üçün nəzərdə tutulmuş və dəniz dalğalarından enerji əldə edən alternativ enerji generatorunun icad edilməsini misal gətirmək olar.

Cleantech Ideation Bootcamp proqramının qalibləri isə tullantıların daha ağıllı və dayanıqlı idarə olunması üzrə xidmətlər təklif edən “Ecosolutions” startapı və inşaat sektorunda divarların daha sürətli və optimal resurslarla boyanmasını təklif edən “Coloroll” robot layihəsi seçilmişlər. Hər iki komanda dünyanın ən geniş təmiz texnologiyalar proqramı olan və 2019-cu ildə Azərbaycanda keçiriləcək “ClimateLaunchpad” proqramında iştirak etmək üçün vəsiqə qazanmışlar. Bu müsabiqədə onlar özlərinin ekoloji təmiz layihələrini daha da mükəmməlləşdirmək üçün 15 həftəlik təcrübə və akselerasiya proqramından faydalanacaqlar.  

Azərbaycanda aparıcı innovasiya mərkəzi olan Sosial İnnovasiya Laboratoriyasının hazırladığı Cleantech Ideation Bootcamp proqramı BMT-nin İnkişaf Proqramının maliyyə və təşkilati dəstəyi ilə həyata keçirilmişdir. “EY Azərbaycan” şirkəti və Bakı Ali Neft Məktəbi isə bu təşəbbüsün ərsəyə gəlməsində əlavə sponsor dəstəyi göstərmişlər.

Tərtib etdilər: Cəsur Həsənov və Arzu Cəfərli

Əlavə məlumat üçün suallarınızı BMT-nin İnkişaf Programına göndərin:

BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisi

Arzu Cəfərli, ictimaiyyətlə əlaqələr və kommunikasiya müşaviri

Elektron poçt ünvanı: arzu.jafarli@undp.org