Yeni tədqiqatın nəticələri qadınların özəl sektorda iştirakının artırılmasını tələb edir

4 December 2018

Göyçək Əsgərova Masallıda sosis və ət məsullarının istehsalı ilə məşğuldur. O, özünün şəxsi biznesini BMT-nin İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgə həyata keçirilən "Bölgələrdə yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqi" layihəsi çərçivəsində ABŞ-ın İnkişaf Agentliyinin maliyyə dəstəyi sayəsində qurmuşdur. Layihə çərçivəsində 2016-ci ildən bəri Masallıda 50-dən artıq qadın özünün şəxsi biznesini yaratmağa müvəffəq olmuşdur. Fotoşəkil: © BMTİP Azərbaycan/Elmar Mustafayev

4 dekabr 2018-ci il – Araşdırmalar göstərir ki, qadınlar iqtisadiyyatda bərabər şəkildə iştirak edə bilsələr, 2025-ci ildə qlobal ümumi daxili məhsul (ÜDM) 26 faiz artaraq 12 milyard dollar təşkil edə bilər. Lakin təəssüf ki, dünyada əmək qabiliyyəti olan qadınların yalnız 50 faizi hal hazırda işləyir –əmək qabiliyyəti olan kişilərin 77 faizinə nisbətdə. Bu gün Bakının Park Inn otelində təşkil olunmuş təqdimat mərasimində özəl sektorda gender vəziyyətinin qiymətləndirilməsinə dair aparılan tədqiqatın nəticələri açıqlanmışdır. Gender bərabərliyi və qadınların iqtisadi potensialını inkişaf etdirmək üçün özəl sektorun rolu üzərində qurulan bu tədqiqat, Azərbaycanda qlobal tendensiyalarla böyük oxşarlıqları ortaya qoyaraq, xüsusilə qadınların özəl sektorda qarşılaşdığı çətinlikləri və imkanları analiz edir və müəyyən tövsiyyələr irəli sürür.

Son 5 ildə Azərbaycanda öz biznesini quran qadınların sayında əhəmiyyətli artım müşahidə olunur. Belə ki, 2012-2017-ci illər ərzində qadın sahibkarların sayı iki dəfə artaraq 143 000 nəfəri keçmişdir. Lakin özəl sektorda gender bərabərsizliyinin aradan qaldırılmasına hələ də böyük ehtiyac vardır. Son illərdə Azərbaycanınn qanunvericilik bazasında, səhiyyə və təhsil sistemində gender bərabərliyi sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur, özəl sektorun inkişafını sürətləndirmək üçün dövlət tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Lakin buna baxmayaraq, gender bərabərliyinin tam təmin olunmasında bir sıra çətinliklər də mövcuddur. Dünya statistikasına nəzər salsaq, qadınların qeyri-formal əmək fəaliyyəti ilə daha çox məşğul olduqları da görünür, lakin kişilərə nisbətdə onlar ən azı 2,5 dəfə daha çox ödənişsiz məişət işləri ilə məşğul olduğu bir halda, yenə də kişilərə nisbətən qadın əməyinin qarşılığının orta hesabla 23 faiz daha az ödənildiyi bəlli olur. Azərbaycanda isə, məhz elə mövcud qlobal trendlərə uyğun olaraq, qadın və kişilərin sektorlar və peşələr üzrə bölgüsü, ödənişsiz məişət işlərinin qeyri-mütənasib paylanması, iş yerində ayrı-seçiklik və bu kimi digər problemlər müşahidə edilməkdədir.

Gender vəziyyətinin qiymətləndirilməsinə dair aparılan tədqiqatın başlıca məqsədi qadınların özəl sektorda iştirakına təsir edən amilləri müəyyən etmək, o cümlədən qadınların iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi, iqtisadiyyatda iştirakı və özəlliklə formal məşğulluq imkanlarının artırılması istiqamətində fəaliyyət göstərən hökumət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti təşkilatlarının səylərinə töhfə vermək olub. Qiymətləndirmənin əsas vəzifələri qadınların iş imkanlarından yararlanması, layiqli iş  yerləri ilə təmin edilməsi və özəl sektorda uğurlu karyera qurmasının qarşısını alan gender əsaslı amilləri müəyyən edib təhlillər aparmaqdan ibarət olub. Qiymətləndirmə zamanı eyni zamanda kişilərin özəl sektor iqtisadiyyatında iştirakına təsir edən gender əsaslı amillər təhlil edilib.

Hazırki tədqiqat Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Əhali Fondu (UNFPA), Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və İsveçrə Səfirliyinin birgə əməyi, təşkilatçılığı və peşəkar bilikləri sayəsində ərsəyə gəlmişdir. Tədqiqat İsveçrə Əməkdaşlıq Ofisinin Azərbaycandakı Nümayəndəliyi vasitəsilə İsveçrə höküməti tərəfindən maddi dəstək almışdır, eləcə də BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun maliyyə yardımı hesabına həyata keçirilmişdir. Hesabatın təqdimat mərasiminin informasiya tərəfdaşı qismində Azərbaycanda Amerika Ticarət Palatası “AmCham Azərbaycan” çıxış etmişdir. Hesabatın tam versiyası ilə BMTİP-in rəsmi vebsəhifəsinin tədqiqat və hesabatlar bölməsində tanış olmaq mümkündür.

150 nəfərdən artıq beynəlxalq təşkilat, dövlət qurumu, özəl sektor, vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri və media nümayəndələri bir araya gətirən təqdimat mərasimində həmçinin aztəminatlı qadınların rifahı və cəmiyyətdə rolunun artırılmasına yönəlmiş yeni bir layihənin başlandığı da bəyan edilmişdir. “Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin artırılması” adlı yeni regional layihə BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu tərəfindən Qafqazda idarə edilir. Azərbaycanda, layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgə həyata keçiriləcək.

Əlavə məlumat üçün suallarınızı BMT-nin İnkişaf Programına göndərin:

BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisi

Arzu Cəfərli, ictimaiyyətlə əlaqələr və kommunikasiya müşaviri

Elektron poçt ünvanı: arzu.jafarli@undp.org