BMTİP, Azərbaycan Höküməti İKT-də qızların iştirakını artırmaq üçün ölkənin nüfuzlu innovatorları və İT şirkətləri ilə iş birliyi qurur

26 April 2019

Şəkil: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Photo: Azerbaijan's Ministry of of Transport, Communications and High Technologies

Photo: Azerbaijan's Ministry of of Transport, Communications and High Technologies

Azərbaycanda "İKT-də Qızlar" Beynəlxalq Günü qeyd olundu

Bakı-Şamaxı, 26 aprel 2019-cu il – Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, dünyada 4 milyarda yaxın insanın internetə çıxışı yoxdur. Onların əksəriyyəti aztəminatlı icmalar, keyfiyyətli təhsilə çıxışı məhdud olan şəxslər və ucqar ərazilərdə yaşayan qadınlar və qızlardır. Rəqəmsal mütərrəqiyə əngəl olan bu halların aradan qaldırılması hər kəs üçün informasiya və biliyin bərabər şəkildə əlçatmazlığını təmin etmək, eləcə də innovasiya, sahibkarlıq düşüncəsi və əməkdaşlıq prinsiplərini təşviq etmək baxımından böyük əhəmiyyət kəsb edir. Məhz bu fikirlər İnformasiya və Kommunikasiya Texnologiyalarında (İKT) Qızlar Beynəlxalq Gününə həsr olunan və Bakı və Şamaxıda keçirilən məlumatlılığın artırılması üzrə silsilə tədbirlərinin əsasını təşkil edirdi.

Bütün dünyada aprelin sonuncu həftəsinin dördüncü günü "İKT-də Qızlar" Günü kimi qeyd edilir. Beynəlxalq əhəmiyyətli gün kimi tanınan bu tarixin qeyd edilməsində əsas məqsəd gənc qızlar və qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsinə cəlb etmək, onlarda bu sahə üzrə təhsil almaq və karyera qurmaq istəyini təşviq etməkdən ibarətdir. İKT-də Qızlar Günü həmçinin hökumət, vətəndaş cəmiyyəti, biznes qurumları və yerli təhsil ocaqlarını bir araya gətirərək qadınların rəqəmsal inkişaf proseslərində aktiv iştirakına onların dəstək verməsi üçün unikal fürsət yaradır. Bununla belə, İKT-də Qızlar Günü çərçivəsində keçirilən ictimai kampaniyalar İKT sektorunda qadınlardan ibarət iş kadrlarının rəhbər vəzifələrə irəli sürülməsi və, ümumiyyətlə, qadınların bu sektorda peşəkar fəaliyyəti üçün hər cür şəraitin yaradılması məqsədi ilə potensial işəgötürənlərin də arasında təşviqat işi aparılır.

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilən maarifləndirmə kampaniyası 70-dən artıq məktəbli qızı bir araya gətirərək onlara informasiya texnologiyalarının əhəmiyyəti, bu sahədə təhsilin vacibliyi və geniş iş imkanları barədə məlumat təqdim edib. Daha sonra gənc qızların iştirakı ilə innovativ ideyalar üzrə startap layihələrinin formalaşdırılmasına dair təlim keçirilib.  Qızlar mentorlar tərəfindən təqdim edilən tədris materialı ilə tanış olduqdan sonra komandalara bölünərək mütəxəssislərə ideyalarını təqdim ediblər. Münsiflər heyəti layihələri perspektivlik baxımından qiymətləndirdikdən sonra, iştirakçıları mükafat və sertifikatlarla təltif ediblər.

Tədbir zamanı Şamaxının gənc məktəbli qızları İKT-nin gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsində əsas amillərdən biri olduğunu öyrəniblər, bu texnologiyalardan istifadə edə bilən qız və qadınların yeni iş imkanları və sahibkarlıq fəaliyyətinin inkişafı kimi imkanlardan da asanlıqla bəhrələnə biləcəyi onlara aşılanıb. Qeyd olunub ki, növbəti 10 il ərzində, texnologiyalar və informasiya kommunikasiyaları sahəsində dünyada yeri boş qala biləcək 2 milyondan artıq iş olacağı təxmin edilir. Halbuki bu iş yerlərini doldurmaq üçün tələb olunan texniki bilik səviyyəsi və nou-hausu yüksək olan ixtisaslı IT mütəxəssislərinin sayının az olması bu sahədə hədsiz iş imkanlarından bəhrələnmək istəyənlərin imkanlarını məhdudlaşdıra bilər. Məhz bu səbəbdən Bakı və Şamaxıda keçirilən silsilə maarifləndirmə tədbirlərinin əsas diqqəti də gənc qızlar və qadınları gələcəklərini texnoloji sahədə qurmağa sövq etməyə yönəlib. Xüsusilə əyalətdə yaşayan gənc qızların İKT sahəsində elmi biliklərini artırmaq məqsədi ilə, Şamaxıda gənc məktəbli qızlar üçün beynəlxalq dərəcəli proqramlaşdırma və kodlaşdırma məşğələləri də təşkil edilib.

Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Şamaxı Rayon İcra Hakimiyyəti, “Femmes Dıgıtales” adı ilə tanınan Azərbaycan Qadınlarının İKT Klubu,  STEP IT Akademiyası və “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilati dəstəyi ilə baş tutub.

İKT-də Qızlar Beynəlxalq Gününə həsr olunan tədbirlər silsiləsi Bakıda texniki təlim proqramı ilə davam edib. Təlim “AREA” Robotexnika və Mühəndislik Akademiyası və “chip.az” MMC-nin təşkilatçılığı ilə  keçirilib. Təlim çərçivəsində müxtəlif mövzuları əhatə edən plenar sessiyalar da təşkil olunub. İnformasiya texnologiyaları sahəsində müasir trendlər, sosial şəbəkələr və rəqəmsal biznes imanları, qızlar üçün İKT-də karyera yolu, robotexnika sahəsində iş imkanları, eləcə də Azərbaycanda robotexnikanın inkişaf perspektivlərinə dair məşğələlər keçirilib.

Bu günə kimi, dünyanın 171 ölkəsində texnologiya və informasiya kommunikasiyaları sənayesi və elm sahəsində gender bərabərliyini təbliğ etmək məqsədilə İKT-də Qızlar Beynəlxalq Gününə həsr olunan 11.100-dən çox tədbir həyata keçirilib ki, bu tədbirlər də ümumi hesabla 357 min qızın bu tip kampaniyalarda iştirakını təmin edib.

Qadınların İKT sektorunda daha fəal iştirakı və təmsilçiliyinin təşviqi həmçinin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi və bu Gündəlikdə əks olunan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lər) həyata keçirilməsində böyük rol oynayır. Belə ki, gənc qızlar və qadınların bu sahədə peşə bilikləri və karyera imkanlarının artırılması birbaşa 5-ci DİM, yəni gender bərabərliyinə töhfə verir və qadınların informasiya, kommunikasıya və mütərəqqi texnologiyalar vasitəsi ilə səlahiyyətlərinin artırılmasına qulluq edir. Bundan əlavə, qızların İKT-də rolunun artırılması 4-cü Qlobal Məqsədin vəzifələrinə müvafiq olaraq, hər kəs üçün inklüziv və keyfiyyətli təhsilin təmin edilməsi və ömür boyu təhsilin təşviq edilməsinə yardım edir. Bu təşəbbüslər həmçinin 9-cu Qlobal Məqsədin həyata keçirilməsinə də böyük töhfə verir. Belə ki, İKT-də gender bərabərliyinin qorunması ölkədə möhkəm və dayanıqlı infrastrukturun yaradılması, inklüziv və dayanıqlı sənayeləşmənin təşviqi və innovasiyaların inkişafına xüsusi dəstək və təkan verir.

***

Əlavə məlumat üçün , BMTİP-in Azərbaycan ofisinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Arzu Cəfərli ilə əlaqə saxlayın - arzu.jafarli@undp.org