İştirak üçün çağırış: Azərbaycanda ilk dəfə “UNLIMITED” İnklüzivlik Hakatonu!

16 June 2019

Şəkil: BMTİP Azərbaycan. Dizayn ideyası Elmar Nəbiyevə məxsusdur və Maxim Kostenko tərəfindən uyğunlaşdırılıb.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Ölkə üzrə Nümayəndəliyi 28 – 30  iyun 2019-cu il tarixlərdə Azərbaycanda ilk dəfə inklüzivlik hakatonu  təşkil edir. Hakaton yüzə qədər insanı paytaxt Bakıda bir araya gətirərək onlara əlilliyi olan müxtəlif bacarıqlara malik insanlara dəstək göstərmək üçün innovativ yeniliklər yaratmaqda kömək edəcəkdir.

Hazırda dünya əhalisinin 15%-dən çoxunu əlilliyi olan insanlar təşkil edir. Məlumata görə, Azərbaycanda əlilliyi olan insanların sayı 620,000 nəfər yaxud əhalinin təxminən 6%-i nisbətindədir. Onlar 1.3 milyon təqaüdçünün təxminən 30%-ni, eyni zamanda yetkinlik yaşına çatmayan və əlilliyə görə müavinət alanların 60%-ni təşkil edirlər. Əlilliyi olan insanlar gündəlik həyatda hər gün bir sıra çətinliklərlə üzləşir və maneələrlə rastlaşırlar ki, bu çətinliklər çox zaman geniş əhalinin nəzərindən yayınır: əlçatmaz infrastruktur, stiqma, müvafiq yardımçı texnologiyaların olmaması, həyatın demək olar bütün sahələrində onlarla bağlı xidmətlərin və siyasətin olmaması bu maneələrə aiddir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, əlilliyi olan insanların ən çox üzləşdikləri çətinliklərə onlara qarşı cəmiyyətdə olan münasibət, fiziki məhdudiyyətlər, sosial faktorlar, əlçatan infrastrukturun, o cümlədən rabitə və nəqliyyat sistemlərinin olmaması habelə qanunvericiliklə bağlı və siyasi dəstəyin kifayət qədər olmaması kimi məqamlar aiddir. Çox vaxtı əlilliyi olan insanlar eyni zamanda bir neçə maneə ilə üzləşirlər.

Bu maneələri qeyri-ənənəvi yolla aradan qaldırmaq məqsədilə, BMTİP-nin Azərbaycandakı Nümayəndəliyi “UNLIMITED” (“Məhdudiyyətsiz”) konsepsiyası altında ikigünlük İnklüzivlik Hakatonu təşkil edir.

48 saat fasiləsiz davam edəcək bu tədbirin əsas məqsədi, Azərbaycanda əlilliyi olan insanların təcrübəsində rast gəlinən çətinlikləri göstərərək, bu çətinlikləri aradan qaldırmaq üçün ideya və açıq mənbədən olan həll yollarını təklif edə biləcək insanları bir araya gətirməkdən ibarətdir. Həll yolları dedikdə müxtəlif innovative xidmərlər və məhsullar nəzərdə tutulur (məsələn, tətbiqi proqramlar, vebsaytlar, elektron məhsullar). Əlilliyi olan insanların yaşayışını yaxşılaşdırmaq üçün Hakaton iştirakçıları 48 saat ərzində öz ideyalarını praktiki prototiplərə çevirmək üçün təlimatçılar qrupu tərəfindən ideya dizaynının əsaslarını və sirrlərini mənimsəyəcəklər. Proqrama iştirakçı qismində qatılmaq üçün vətəndaş cəmiyyəti nümayəndələri, əlilliyi olan insanlar, texnologiya sahəsinin peşəkarları və yüksək motivasiyası olan gənclər və ümumilikdə həvəsli insanlar dəvət olunur.

Proqram, hakatona qoşulmağa maraq göstərən icma fəalları və könüllülər, veb tərtibatçılar, dizaynerlər, veb proqramçılar, əlilliyi olan şəxslər, jurnalistlər və hökumət qurumlarında çalışan insanlardan müraciətlərin qəbulu üçün açıq elan olunur! Qeydiyyata alınanlar intensive iş şəraitində qrup şəklində işləyəcək və əlilliyi olan insanların problemləri və ehtiyacları barədə məlumatlılığın artmasına şərait yarada bilən, habelə onlar üçün bu problemlərin həllinə kömək edən bir sıra praktiki prototiplər hazırlayacaqlar.  

Qalib gələn ideya 5,000 Azərbaycan manatı məbləğində mükafat qrantı alacaq və mükafatdan sonrakı üç ay müddətində peşəkar təlimatçı yönləndirməsindən yararlanacaq. Üç ay müddətində prototipin tətbiqi tamamlanmalıdır. Üç ay müddəti bitdikdə yeni icad edilən tətbiqin artıq işlək vəziyyətdə olması nəzərdə tutulur.

Hakaton İncəsənət Muzeyində keçiriləcəkdir (tam ünvan: Bayıl qəsəbəsi, Milli Bayraq Meydanı, 1000 Bakı, Azərbaycan).

Təcrübəli təlimatçı komandası iştirakçı qruplara dəstək göstərəcək və ən yaxşı mümkün həll yollarının işlənib hazırlanmasına kömək edəcəklər. Həyəcanlı təlim modulları və gərgin iş dolu üçgünlük intensiv proqramın sonunda  innovasiya, inklüzivlik və texnologiya sahəsində yüksək səriştəsi olan milli və beynəlxalq ekspertlər sırasından seçilmiş jüri üzvləri ayrı-ayrı qrupların hazırladıqları modelləri nəzərdən keçirəcək və hansı ideyanın qalib gəldiyinə dair yekun rəy bildirəcəklər.

Əgər siz və komandanız müsbət sosial dəyişiklikdə iştirak etmək, Azərbaycanda əlilliyi olan insanların rifahını yaxşılaşdırmaq üçün rəqəmsal həll yolları təklif etmək və bu dünyanı “Heç kəs kənarda qalmasın” prinsipinə uyğun daha yaxşı məkana çevirmək istəyirsinizsə, BMTİP-nin ilk dəfə təşkil etdiyi İnklüzivlik Hakatonuna qoşulmağa tələsin!

Daha ətraflı məlumat almaq üçün BMTİP-nin Unlimited veb səhifəsinə nəzər salın. Yeni innovativ üsullar və orta və yüksək texnologiyaların tətbiqi vasitəsilə əlilliyi olan insanlara uyğun həll yollarını birgə işləyib hazırlamaq məqsədilə Hakatona qoşulmaq arzusunda olanlardan proqramda iştirak etmək üçün bu ərizə formasını doldurmaqları xahiş olunur.

Ərizələrin qəbulu 23 iyun 2019-cu il tarixində Bakı vaxtı ilə 23:59-da başa çatacaqdır. 

***

Media nümayəndələri əlavə məlumat üçün BMTİP-in Azərbaycan ofisinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Arzu Cəfərli ilə əlaqə saxlaya bilər - arzu.jafarli@undp.org

***

BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin və cəmiyyətlərin qurulması sahəsində yerli icmalar və müxtəlif sosial təbəqədən olan insanlarla birgə çalışan təşkilatdır. BMT-nin inkişaf sahəsində çalışan ən böyük agentliyi olan BMTİP hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təşviq edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, BMTİP insanların həyat və rifahlarını yaxşılaşdırmaq və dünya miqyasında güclü dövlət modeli qurmaq məqsədi ilə qlobal perspektivli və yerli miqyaslı təhlillər irəli sürür.

İlkin Şahverdiyevin hekayəsi

UNLIMITED İnklüzivlik Hakatonu əlilliyi olan şəxslərin həyatını yaxşılaşdırmaq üçün həvəsli insanları innovativ həllər yaratmağa sövq edir. Bu İlkin Şahverdiyevdir. O, tələbədir və rəssamlıqla məşğul olur. İlkin, hər kəsi Bakıda keçiriləcək Hakatona qoşulmağa, görmə və eşitmə məhdudiyyəti olan insanların həyatını asanlaşdıra bilən texnoloji vasitələr icad etməyə çağırır. Tələsin, Hakatona Siz də qoşulun! Müraciətlərin qəbulu 23 iyun saat 23:59-da bitir!

Daun sindromu ilə yaşayan balaca Saranın hekayəsi

İnsan bədənində 21 cüt xromosomda baş verən anomaliya zamanı Daun sindromunun meydana gəldiyini bilirdinizmi? Daun sindromu qavrama/anlama üslubları, fiziki xüsusiyyətlər və ya sağlamlıqda olan dəyişkən təsirlərlə nəticələnir. İnkluziv təhsil və fərdi tibbi xidmətlər bu sendromun daşıyıcı olan insanın inkişafı üçün çox əhəmiyyətlədir və bu tədbirlərlə sözügedən şəxslər üçün erkən müdaxilə proqramlarının əlçatanlığını təmin etmək çox vacibdir. Sizə təqdim edəcəyimiz videoda balaca dostumuz 6 yaşlı Saranın anası Nurlana Əliyeva ailəsinin keçdiyi həyat yolundan bəhs edir və hər kəsi fərqlilik yaratmaq üçün hakatona qoşulmağa çağırır! Daun sindromu ilə yaşayan insanların arzu və istəklərini gerçəkləşdirmək üçün addım atmağa tərəddüd etməyin, bizə qoşulun və köməyinizi əsirgəməyin!