Azərbaycanda 3-cü BMT Modeli Yay Məktəbi turizm, ticarət və qlobal sülh mövzularını əhatə edir

27 September 2019

Şəkil: BMTİP Azərbaycan/ Dilarə Umudova

Şamaxı, 27 sentyabr 2019-cu il – Bu gün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2019-cu il Azərbaycanın gənclər paytaxtı Şamaxıda 3-cü BMT Modeli Yay Məktəbi öz işinə başlayır.

BMT Modeli  gənc insanların müsabiqə şəraitində keçirilən oyunlar vasitəsilə öz dünyagörüşlərini genişləndirmək və Birləşmiş Millətlər Təşkilatı, onun dəyərləri, standart prosedurlar və qaydalar haqqında daha çox şey öyrənmək üçün unikal imkan yaradan beynəlxalq səviyyədə nüfuz qazanmış simulyativ təhsil proqramıdır. Bu il Şamaxıda təşkil olunan bu tədbir özünün ictimai natiqlik, şəbəkə yaratma, ünsiyyət və qərar qəbul etmə vərdişlərini inkişaf etdirmək, eyni zamanda beynəlxalq məsələlərin cari vəziyyətini daha dərindən başa düşmək üçün təxminən 100 nəfər həvəsli iştirakçını bir araya toplayacaqdır.

Bu Şamaxıda təşkil olunan 3-cü BMT Modeli Yay Məktəbinin rəsmi açılışında BMTİP-nin Azərbaycandakı Ölkə üzrə Nümayəndəliyinin Rezident Nümayəndəsi cənab Alessandro Frakassetti, Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı cənab Tahir Məmmədov və Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayev iştirak edib.

Açılış mərasimində nitq söyləyən BMTİP-nin Azərbaycandakı Ofisinin Rezident Nümayəndəsi cənab Frakassetti bu sözləri deyib: “Biz BMT-nin İnkişaf Proqramında inkişaf sahəsində gördüyümüz bütün işlərə gənclərin cəlb edilməsini ön plana çəkirik. 2015-ci ildə Dayanıqlı İnkişafa dair Qlobal Gündəlik və onu müşayiət edən 17 Dayanıqlı İnkişaf Məqsədi gündəmə gəldiyi ilk gündən, biz gənclərlə birgə çalışdıq. Gənclər, əslində bu yeni qlobal Gündəliyin formalaşmasında əsas rol oynadılar”. Daha sonra cənab Frakassetti bildirdi ki, “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda gənclər bizim əhəmiyyətli müttəfiqlərimizdir, və həmçinin ortaq qlobal problemlərimizi həll etməkdə ən böyük ümidimizdir.”

Növbəti dörd gün ərzində keçiriləcək Yay Məktəbi ərzində iştirakçılar diplomat rolunu oynayaraq bir sıra BMT komitəsi ətrafında simulyasiya müzakirələri aparacaq və həmin komitələrə uyğun müxtəlif mövzulara dair rəmzi qərarlar qəbul edəcək. Belə ki, BMT Baş Assambleyasının İqtisadi və Maliyyə Məsələləri Komitəsinin üzvləri cari beynəlxalq ticarətin dünya iqtisadiyyatına təsiri məsələlərini müzakirə edəcək. Ümumdünya Turizm Təşkilatının rolunda çıxış edən komanda isə tanınmamış və mübahisəli ərazilərdə turizmin inkişafı mövzusuna toxunacaq. Nəhayət, Azərbaycanın BMT Modeli düşərgələri tarixində ilk dəfə olaraq, futuristik komitə “Üçüncü Dünya Müharibəsinin astanasında” mövzusu ətrafında qızğın müzakirələr aparacaq.

Açılış mərasiminin rəsmi hissəsindən sonra 3-cü BMT Modeli Yay Məktəbinin gənc iştirakçılarına qeyri-formal sual və cavab formatında BMTİP-nin Rezident Nümayəndəsi cənab Alessandro Fracassetti ilə gənclər üçün maraq kəsb edən məsələləri müzakirə etmək imkanı verilib.

Azərbaycanda 14 - 29 yaşlarında gənclər əhalinin təxminən üçdə birini təşkil edir. Onların yarısı kənd və rayon yerlərində yaşayır. İlk dəfə Azərbaycanda 2013-cü ildə BMT Modeli (MUN) Konfransının təşkil edildiyi vaxtdan bəri, bu platformalar ölkədə gənclərin iştirakını, dialoqu və könüllülüyü inkişaf etdirməyə xidmət edib. Ötən müddət ərzində BMTİP və Azərbaycan hökuməti iki milli BMT Modeli Konfransı, Naxçıvanda BMT Modeli Konfransı, İsmayıllıda və Daşkəsəndə iki BMT Modeli Yaya Məktəbi təşkil edib və universitetlərdə fəaliyyət göstərən müxtəlif BMT Modeli Klublarında gənc həvəskarlar tərəfindən təşkil edilən universitet səviyyəsində BMT Modeli konfranslarının uğurlu şəkildə dəstək göstəriblər. BMTİP-nin Gənclər və İdman Nazirliyi ilə müştərək layihələri Azərbaycanda xeyli sayda həvəskar gənc diplomatın müxtəlif BMT Modeli Konfranslarında, o cümlədən Roma BMT Modeli Konfransında, Vyetnam BMT Modeli Konfransında, Paris BMT Modeli Konfransında və Avrasiya BMT Modeli Konfransında iştirakına mühüm dəstək göstərib.

Bu il Şamaxıda təşkil olunan yay məktəbi 2018-ci ildən bəri Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən gənclərin qlobal siyasi debatlarda aktiv iştirakına dəstək göstərmək üçün yeni platformaların yaradılmasına dair BMTİP layihəsi çərçivəsində təşkil edilib. Ötən ildən bəri, layihə, həmçinin, Azərbaycanda ilk dəfə 17 Dayanıqlı İnkişaf Məqsədi üzrə hər biri bir qlobal məqsədi təmsil etməklə Gənc Səfirlər qrupunun yaradılmasına dəstək göstərib. DİM-lər üzrə Gənc Səfirlər DİM-lərlə bağlı dövlət təşkilatlarının işinə dəstək göstərəcək, yerli, milli və beynəlxalq səviyyələrdə görülən tədbirlərə dair informasiyanın yayımlanmasına yardım edəcək və DİM-lərin icrasına dair milli hesabatların hazırlanmasına kömək edəcəklər.

***

Məlumat üçün, BMTİP-nin Azərbaycan ofisinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Arzu Cəfərliyə müraciət edin: arzu.jafarli@undp.org

3-cü BMT Modeli Yay Məktəbinin açılış mərasimindən görüntülər

Şəkil: BMTİP Azərbaycan/Dilarə Umudova