Suya qənaət texnologiyaları üzrə təlim mərkəzinin açılış mərasimi

24 September 2019

Çıxış üçün hazırlanıb

BMTİP-in Rezident Nümayəndəsinin Müavininin səlahiyyətlərini icra edən Valeria İşıanunun açılış nitqi 

Saatlının Cəfərxan kəndi

Su insanların həyatına transformativ təsir göstərir və insanların ən vacib təməl ehtiyaclarından biridir. Su sistemlərinin müyəssərliyi və dayanıqlılığı iqlim dəyişiklikləri ilə əlaqəli hədəflərə daha sürətlə nail olmaq üçün vacibdir. 

Su mürəkkəb xarakter daşıyır, çünki su demək olar ki, dünyadakı hər şeylə əlaqəlidir. Lakin bu mürəkkəblik bəşəriyyətin mövcudluğu və planetin dayanıqlılığı, insanların rifahı, ərzaq təhlükəsizliyi və yoxsulluğun aradan qaldırılması üçün suyun ilkin şərt kimi dərk edilməsinə mane olmamalıdır.

Saatlının bu füsunkar Cəfərxan kəndində başladığımız yeni layihə çərçivəsində bu gün yeni Suya Qənaət Texnologiyaları üzrə Təlim Mərkəzinin açılışını edirik. Bu layihə bütün hallarda tərəfdaşlığı təcəssüm etdirir və layihənin birbaşa benefisiarları olan son istifadəçilər - əkinçilərlə, eləcə də geniş spektrli maraqlı tərəflər, o cümlədən bələdiyyələr, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Su İstifadəçiləri Birliyi və Gürcüstanın Meliorasiya Səhmdar Cəmiyyəti ilə yaxından əməkdaşlıq edir. Bu layihə çərçivəsində yerli əkinçilərin sudan dayanıqlı istifadə ilə bağlı potensialının gücləndirilməsinə yönələn yeni suvarma texnologiyası təqdim olunub. Fərdi ev təsərrüfatlarında quraşdırılan damcılı suvarma sisteminin monitorinqi aparılacaq. Əkinçilərin su ehtiyatlarından məsuliyyətli istifadəyə necə nail ola biləcəyi, həmçinin dayanıqlı kənd təsərrüfatı və suvarma üsulları sayəsində pula necə qənaət edə biləcəyinə dair təhlillər aparılacaq. Keçmişdə, yerli fermerlər dayanıqlı suvarma texnologiyalarına çıxış imkanına malik olmadığından, damcılı suvarma üsulları tətbiq olunmurdu və buna görə də su əhəmiyyətli dərəcədə israf olunurdu.

Saatlıdakı layihə pilot qaydada Cəfərxan kəndində başladı və ümid edirik ki, insanlara və planetə təsirini maksimuma çatdırmaq üçün onun miqyasını genişləndirə biləcəyik. Biz Azərbaycanda daha az su ilə daha çox məhsul istehsal edə bilən, ətraf mühitə həssaslıqla yanaşan yeni əkinçilər nəslinə nail olmağa çalışırıq. Məhz buna görə də biz əkinçilərə suvarma tələb edən pambıq tarlalarında məhsulları ekoloji baxımdan daha təhlükəsiz  qaydada becərməyi öyrədirik. Meyvəçilik və pambıqçılıq - layihənin yönəldiyi iki əsas sahələrdir.

Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı ASC sayəsində biz artıq Cəfərxan kəndindəki Muğan Təcrübə-Meliorasiya Stansiyasında bu demo layihə üçün 3.5 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sahibik.

Bu sahənin bir hissəsi damcılı suvarma texnologiyası ilə "Adana" pambıq sortunun yetişdirilməsi üçün sınaqdan keçirilir. Digər hissəsi isə meyvə ağacları (alma, armud, nar) yetişdirmək üçün istifadə olunur. Burada biz hər torpaq sahəsini iki yerə bölməklə müqayisəli təhlillər aparırıq. Sahənin birinci yarısında damcılı suvarma, digər yarısında isə müqayisə üçün ənənəvi suvarma metodu istifadə olunur. Layihə müasir damcılı suvarma üsulunun və ənənəvi suvarma üsulunun istifadə olunduğu hər hektar torpaq sahəsində su istehlakı arasında müqayisə apararaq su idarəetməsi və dayanıqlı əkinçiliklə bağlı uzunmüddətli həll yolları müəyyən edəcək.

BMTİP-in Azərbaycandakı Nümayəndəliyi ətraf mühitə yönələn təhdidlərə qarşı qətiyyətli mövqe tutur və buna görə də Azərbaycanın müxtəlif regionlarında çoxsaylı layihələr icra edir. Dünəndən etibarən Nyu-Yorkda başlayan BMT-nin İqlim Sammitinin keçirildiyi bu həftədə bunu bir daha vurğulamaqdan qürur hissi duyuruq. Bizim iqlim dəyişiklikləri ilə mübarizəyə dair işlərimizdən bəziləri aşağıdakılardır:

Qadınların səlahiyyətləndirilməsi dünyada iqlim dəyişiklikləri ilə mübarizə üçün ən yaxşı vasitədir. Azərbaycanda kənd yerlərində yaşayan əhalinin əksəriyyətinin gəlir mənbələri kənd təsərrüfatından asılı olduğundan, kənd təsərrüfatı sektoru üçün iqlim dəyişiklikləri riski xüsusilə ağırdır. Məhz buna görə də, bizim Qadın Resurs Mərkəzləri  üzrə qabaqcıl layihəmiz kənd yerlərində yaşayan qadınların ətraf mühiti qoruyub saxlayan və dayanıqlı kənd təsərrüfatına yönələn kiçik bizneslər qurmasına kömək edir. Azərbaycanın cənubundakı qadın əkinçilərimiz torpağı qidalı element və su itkilərindən qorumaq üçün orqanik istixana bitkiləri və qida məhsulları yetişdirərək, torpağı daşqınlara, quraqlıqlara və deqradasiyaya qarşı daha davamlı edirlər. İnsanların çoxu orqanik qidanı sağlamlıq üçün faydalarına görə seçsə də, az insan bilir ki, orqanik kənd təsərrüfatı emissiyaları əhəmiyyətli dərəcədə azalda, qlobal istiləşməni zəiflədə və enerji istehlakını minimuma endirə, eyni zamanda əkinçilərə iqlim dəyişikliklərinə uyğunlaşmaqda kömək edə bilər.

Yer kürəsinin ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi təqribən 400 endemik heyvan növü üçün dəyərli, lakin həm də kövrək bir məkandır. Xəzər dənizinin və sahilyanı ərazilərin biomüxtəlifliyi son illərdə tükənmə təhlükəsi ilə üz-üzə qalmışdır. Bunun əsas səbəbi ekosistemin ümumi balansına mənfi təsir göstərən həddən artıq balıq ovu və dayanıqlı olmayan əkinçilik təcrübələrinin səbəb olduğu iqlim dəyişiklikləri, çirklənmə və torpaqların deqradasiyasıdır. Bu təhdidləri aradan qaldırmaq üçün Azərbaycan xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsini yaratdı. Bu ərazilərdən biri BMTİP-dən dəstək alan Qızılağac Milli Parkıdır. Azərbaycanın mühüm su-bataqlıq ərazilərindən olan Qızılağac bütün Xəzər dənizi regionunda ilk milli dənizkənarı parkdır. Bu gün Qızılağac 92 min qutan və digər quşlardan ibarət qarışıq populyasiyanın təbii məskəni olmaqla yanaşı, qışlamaq üçün cənuba doğru istiqamətlənən 600 minə yaxın köçəri quşun yuva qurması üçün çox vacib təbii mühit təmin edir.

Böyük Qafqaz dağlıq regionunda ekstremal hava şəraiti hamıya məlum olsa da, iqlim dəyişiklikləri nəticəsində onların başvermə tezliyi artıb. Hesablamalara əsasən hər il daşqınlar nəticəsində regionda təkcə infrastruktura dəyən zərərin məbləği 18-25 milyon dollar arasında dəyişir. Bu daşqınlarla yanaşı uzunmüddətli quraqlıqlar da müşahidə olunur. Ekstremal iqlim hadisələri kənd təsərrüfatına mənfi təsir göstərməyə başlayıb. Azərbaycanda daşqın fəlakətləri ölkənin məhsuldar torpaqlarının böyük hissəsini deqradasiyaya uğradıb və çayların daxilində və kənarında bitki örtüyünü məhv edib ki, bu da eroziyanı gücləndirib. GEF maliyyələşməsi və BMTİP-in dəstəyi ilə, Azərbaycanda Kür çayı hövzəsində yaşayan həssas icmalar daşqın proqnozlarından və icma əsaslı erkən xəbərdarlıq sistemlərindən faydalanırlar.

Azərbaycanın kənd yerlərində yaşayan əksər kiçik təsərrüfat sahibləri ənənəvi əkinçilik metodlarından istifadə edərək əkin və məhsul yığımı ilə bağlı qərarlarını keçmiş təcrübəyə, ehtimallara əsaslandırır və səth suvarmasından istifadə edirdilər. Bu ənənəvi əkinçilik metodları məhsul yığımını azaldır, torpağı deqradasiyaya uğradır, biomüxtəlifilyi azaldır və Azərbaycanın ucqar kəndlərində yaşayan əkinçiləri iqlim dəyişikliklərinin təsirlərinə xüsusilə həssas edir. Qlobal Ətraf Mühit Fondu tərəfindən maliyyələşdirilən yeni aqrobiomüxtəliflik proqramı əkinçilərə dayanıqlı suvarma və əkin üsullarından istifadə və bununla da ətraf mühiti qoruyub saxlamaqda kömək etməklə əkinçilər üçün bu həssaslıq yaradan faktorların aradan qaldırılmasına yönəlir.

Yerli icmaların torpaqdan bariz asılılığını azaltmaq üçün BMTİP kiçik miqyaslı ailə bizneslərinə arıçılıq xalçaçılıq  kimi alternativ gəlir mənbələrinə çıxış əldə etməkdə kömək edir. Bu gün onların biznesləri inkişaf edir və otlaqlara düşən yük əhəmiyyətli dərəcədə azalıb.

BMTİP-də GEF tərəfindən maliyyələşdirilən Kür II layihəsi ilə bağlı hazırkı işlərimiz başqa bir səbəbə görə də bizim hamımız üçün böyük əhəmiyyət daşıyır. O, uzunmüddətli təsirlərə malik bu layihənin uğuru üçün BMTİP-in etibarlı tərəfdaş hesab etdiyi müxtəlif maraqlı tərəfləri və böyük perspektivi bir araya gətirir.  Bu baxımdan, mən BMTİP və Gürcüstanın Meliorasiya ASC, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bütün yerli tərəfdaşlarımız arasındakı mühüm əməkdaşlığı xüsusilə qeyd etmək istəyirəm. Biz əkinçilərin dayanıqlı suvarma metodları və ekoloji cəhətdən təhlükəsiz əkinçilik təcrübələri barədə maarifləndirilməsi, eyni zamanda Azərbaycanda çay sistemlərinin bərpasının dəstəklənməsi üçün həm mərkəzi və yerli icra hakimiyyəti orqanlar, həm də regionlardakı bələdiyyə orqanları ilə əməkdaşlıqdan məmnunluq və qürur hissi duyuruq!