"Qadın sahibkarlığının inkişafı: təcrübələr, imkanlar, nailiyyətlər" mövzusunda beynəlxalq forum

21 June 2019

Foto: Azərtac İnformasiya Agentliyi. BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti Biləsuvarın öncül balıqçılarından olan, Avropa İttifaqının əsaslı maliyyə dəstəyilə balıqçılıq təsərrüfatını yaradan Natavan Əzizovaya biznesdə fərqlənmə üzrə sertifikat təqdim edir.

Çıxış üçün hazırlanıb

"Qadın sahibkarlığının inkişafı: təcrübələr, imkanlar, nailiyyətlər" mövzusunda beynəlxalq forum

BMTİP-ın Rezident Nümayəndənin müavini cənab Alessandro Frakassettinin nitqi

Fairmont Hotel, Bakı

21 iyun 2019-cu il

Hörmətli baş nazir cənab Əli Əhmədov!

Hörmətli sədr Hicran xanım Hüseynova!

Əziz qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Qadın sahibkarlığı mövzusundakı bu beynəlxalq forumda BMTİP-in adından çıxış etməkdən məmnunluq və qürur hissi duyuram!

Qadın sahibkarlar XXI əsrdə dünyanın müxtəlif ölkələrində böyüməkdə olan qüvvədir və həm öz həyatlarında, həm də şəhər və kənd icmalarında çoxlarının həyatlarında köklü dəyişikliklərə səbəb olurlar.

Bu konfrans önəmli bir vaxta təsadüf edir. 2020-ci ildə qlobal ictimaiyyət Dördüncü Ümumdünya Qadın Konfransının və Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının (1995) qəbulunun 25 illiyini qeyd edəcək. Həmin il həm də Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədlərinin qəbulunun beşinci ilinə təsadüf edir. Bu məqsədlərdən biri - 5-ci məqsəd gender bərabərliyinə yönəlir.  

Azərbaycan Hökuməti "Pekin+25" icmalı üzrə milli hesabatında qadınların iqtisadi səlahiyyətləndirilməsini özünün strateji prioritetlərindən biri kimi təsbit edir. Hesabatda son illərdə qadınların iqtisadiyyatda bərabər iştirakı ilə bağlı maneələrin qiymətləndirilməsi və imkanların artırılması üçün görülmüş tədbirlər vurğulanır.

BMTİP də bu öhdəliyi bölüşür. Qadınların iqtisadi səlahiyyətləndirilməsi bizim gender bərabərliyi sahəsində mandatımızın tərkib hissəsidir. Bizim bu sahədə böyük təcrübəmiz mövcuddur və Azərbaycanda qadınlar üçün fürsətləri nailiyyətlərə çevirmək üçün milli və regional tərəfdaşlarımızla işləyirik. Bu konfransın adı da məhz bu sahədə gördüyümüz işlərin mahiyyətini əks etdirir.

İqtisadi güc qadınların irəliləyişində həlledici rol oynayır. Bu prinsipi rəhbər tutaraq, BMTİP-in Azərbaycandakı Nümayəndəliyi açıldıqdan bəri, biz burada Hökumətlə, xüsusilə əsas tərəfdaşımız Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə və Avropa İttifaqı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC), BMT-nin agentlikləri, BMT-nin Əhali Fondu və BMT-nin Qadın Fondu kimi beynəlxalq donor ictimaiyyəti və Koka-Kola Fondu kimi özəl sektor iştirakçıları ilə birgə təşviqat, siyasətlərin hazırlanması və proqramlar vasitəsilə qadınların iqtisadi imkanlarının genişləndirilməsi istiqamətində yaxından əməkdaşlıq etmişik.

Son illərdə biz fərdi qadınlara investisiya edərək onların bacarıqlarının gücləndirilməsi və iqtisadi fəallıqlarının və təşkilati potensialların birbaşa dəstəklənməsi yolu ilə qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi sahəsində birgə səylər göstərmişik. Hökumətin dəstəyilə BMTİP tərəfindən yaradılmış Qadın Resurs Mərkəzləri qadınların sahibkar kimi inkişaf etməsinə şərait yaradan əlamətdar təşəbbüs olmuşdur və onlar doğru olaraq “Pekin+25” üzrə milli hesabatda bizim birgə səylərimizin mərkəzi elementi kimi vurğulanır.  

Bu gün 3000 üzvə malik səkkiz belə mərkəzimiz mövcuddur. Onlar xüsusilə kənd yerlərində 6000 nəfərə yaxın qadının öz icmalarında sosial məsələlərlə məşğul olmasına, şəbəkələşməsinə, biznes yaratmaq üçün tələb olunan məlumat, bilik və təcrübələrə yiyələnməsinə kömək edib. Kənd icmalarında 2000 nəfər qadın və kişi gender üzrə maarifləndirmə sessiyalarından faydalanıb; QRM bir sıra əmək yarmarkaları keçirib və nəticə 36 qadın işlə təmin olunub. 135 qadın öz biznesini yaradıb və əlavə olaraq 24 qadını işə götürüb.  Səkkiz QRM-dən beşi artıq müstəqil təşkilat kimi fəaliyyət göstərir, qrantlar üçün müraciət edir və QHT Şurasının, Təhsil Nazirliyinin, Aİ-nin və ABŞ səfirliyinin və s. dəstəyi ilə, kiçik layihələr və təşəbbüslər icra edir.

Bir neçə ay bundan əvvəl BMTİP-in Avropa və MDB üzrə Regional Direktoru Miryana Spolyariç Eqqer Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, SDC və BMT-nin Qadın Fondu ilə tərəfdaşlıq yolu ilə yaradılmış Bakının Xəzər rayonundakı Qadın Resurs Mərkəzinin açılışını edib. O, bizim işimizin nəticələrinə nəzər yetirdi, bizneslə məşğul olan qadınlarla söhbət etdi və bu gün artıq BMTİP-in gender bərabərliyi üzrə qlobal təşviqatçısı kimi fəaliyyətində Azərbaycanda əldə etdiyimiz nailiyyətləri fəal təbliğ edir. 

İşimizin gedişində ölkənin müxtəlif regionlarında çoxsaylı yaradıcı və enerjili qadınlarla tanış olmaq imkanı əldə etdik. Qadın sahibkarların yerli fermer təsərrüfatları, arıçılıq təsərrüfatları, incəsənət bacarıqları üzrə kurslar,  gözəllik salonları, fitness mərkəzləri, dərzi sexləri, kompüter mərkəzləri və digər bizneslər yaratmasına kömək etdik.

Bu konfrans zalının dəhlizində bütün QRM-lərin stendlərini ziyarət etməyinizi və öz məhsullarını nümayiş etdirmək üçün uzaq məsafə qət etmiş nümayəndələri ilə tanış olmağınızı xahiş edirik. Bir neçə QRM üzvü və rəhbəri bu gün konfransda öz təcrübələrini bölüşəcək. Onların burada iştirakı QRM-lərin uğuruna dəlalət edir.

Bizim qadın sahibkarlarla iş təcrübəmiz sübut edir ki, bizim işimiz iqtisadi artım çərçivəsindən də kənara çıxır. Qadın sahibkarlar öz icmalarının işinə töhfə verməyə və hətta rəhbərlik etməyə stimulaşdırılıb. Biz qadınların rəhbərlik etdiyi bizneslərin ailələr və icmalar üçün imkanlar yaratdığına şahidlik etmişik və qadın və qızları gender stereotipləri və digər çətinliklərin öhdəsindən gəlməyə çağırırıq.

Bu nailiyyətlər bizdə qürur hissi doğurur. Bu gün mən Azərbaycanda qadınlarla işimizi davam etdirmək, qlobal təcrübələrimizi və qabaqcıl praktikaları onlarla bölüşmək, onlar üçün daha çox imkanlar yaratmaq və onların nailiyyətlərini kəmiyyət və keyfiyyət baxımından artırmaq öhdəliyimizi vurğulayıram.

Fürsətdən istifadə edərək, təşkilatçılara təşəkkürümü və dəstəyimi ifadə edir, iştirakçılara bugünkü müzakirələrdə uğurlar arzu edirəm.

Təşəkkür edirəm!