BMT-nin İnkişaf Proqramının Rəhbərinin Müavininin Bakı şəhərinin Xəzər rayonunda Qadın Resurs Mərkəzinin açılış mərasimində çıxışı

13 March 2019

Şəkil: BMT-nin İnkişaf Proqramının Azərbaycan Ofisi/ Elmar Mustafayev

Çıxış üçün hazırlanmışdır

Bakı şəhərinin Xəzər rayonunda Qadın Resurs Mərkəzinin açılış mərasimi

Şüvəlan Gənclər Mərkəzi

13 mart 2019-cu il

 

BMT-nin İnkişaf Proqramının Rəhbərinin Müavini, Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Büronun Direktoru Miryana Spolyariç Eqqer

Hörmətli xanımlar və cənablar!

Hörmətli tərəfdaşlar və dostlar!

Bu gün Azərbaycan Hökumətini, İsveçrə Konfederasiyasını, BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumunu təmsil edən hörmətli tərəfdaşlarımızla birlikdə burada - Bakının Xəzər rayonunda Qadın Resurs Mərkəzinin açılış mərasimində olmaqdan qürur hissi duyuram!

Bu, Azərbaycanda yaradılan səkkizinci Qadın Resurs Mərkəzidir. Daha əvvəl yaradılmış mərkəzlər kimi, Xəzər rayonundakı Qadın Resurs Mərkəzi də qadınların iqtisadi fəallığını, məşğulluğunu, sahibkarlıq fəaliyyətini və cəmiyyətdə fəal iştirakını təşviq edəcək. Bu mərkəz dövlət orqanları, özəl sektor və inkişaf sahəsində fəaliyyət göstərən tərəfdaşlar tərəfindən təqdim olunan ictimai xidmətlər, təhsil imkanları və iqtisadi imkanlar haqqında məlumat və biliklərin cəmləşdiyi mərkəz rolunu oynayacaq.        

Mərkəz “Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin artırılması” adlı daha geniş miqyaslı subregional layihə çərçivəsində yaradılıb. Azərbaycanda bu layihə ən yaxın tərəfdaşlarımızdan olan Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq yolu ilə BMTİP tərəfindən idarə olunur. Layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Fondu tərəfindən maliyyələşdirilir və subregional səviyyədə BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu ilə tərəfdaşlıq şəklində həyata keçirilir.        

2011-ci ildə yaradılmağa başlayan Qadın Resurs Mərkəzləri bu günə qədər peşəkar inkişaf təlimləri vasitəsilə 6000-dən çox qadına kömək edib, maddi təchizat formasında qrant dəstəyi ilə 150-ə yaxın qadına öz biznes fəaliyyətlərinə başlamaqda birbaşa dəstək göstərib. Mərkəzlərə müraciət etmiş qadınlar həmçinin yaxşı tərcümeyi-hal yazmaq və müsahibələrdə daha yaxşı iştirak etmək kimi vacib kommunikativ bacarıqlara yiyələnib və şəbəkələşmə və mentorluq sahəsində BMTİP və tərəfdaşlardan dəstək alıblar. Bu prosesin gedişində Qadın Resurs Mərkəzləri qadınları adətən kişilər üçün asan əldə edilən, əksər qadınlar üçün isə çətin olan üç şey – özünəinam hissi, kapital və əlaqələrlə təmin edib.        

Şadam ki, Xəzər rayonundakı Mərkəz də bu ənənəni davam etdirəcək. Mərkəz qadınlar üçün bir çox cəhətdən  - maliyyə savadlılığı, biznes idarəçiliyi, marketinq, mühasibat uçotu və maliyyə planlaşdırması və peşə bacarıqları sahələrində təlim keçmək üçün vacib resurs olacaq. Seçilmiş iştirakçılar öz kiçik bizneslərini yaratmaq və ya mövcud bizneslərini genişləndirmək üçün maddi təchizatla dəstək formasında kiçik stimullaşdırıcı tədbirlərdən yararlanacaqlar.      

Yerli kənd icmaları, eləcə də mərkəzi və yerli hakimiyyət orqanları və özəl sektor Qadın Resurs Mərkəzi tərəfindən potensialın gücləndirilməsi istiqamətində göstəriləcək dəstəkdən faydalanacaqlar. 

Sevinirəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, hörmətli professor Hüseynovanın rəhbərliyi altında bu mərkəzin uğur və dayanıqlı nəticələr əldə etməsində önəmli rol oynayacaq. Bu, milli səviyyədə sahiblənməni təmin edəcək, hədəf sahələrə çıxışı asanlaşdıracaq və fəaliyyətlərin digər dövlət qurumları ilə əlaqələndirilməsinə imkan yaradacaq. Bütün bu fəaliyyətlər zamanı yerlərdəki reallığa bələd olan və icmaları səfərbər etmək və iştirakçıları seçmək üçün ən əlverişli mövqedə yerləşən yerli orqanlarla sıx əməkdaşlıq edəcəyik.       

Qadın Resurs Mərkəzi həmçinin özəl sektorla əlaqələr və şəbəkələr qurmaqda yardımçı olacaq. Xüsusilə, iri və orta ölçülü özəl şirkətlərlə çalışaraq onları qadınların layiqli əməyə çıxış imkanlarını artıran, gender aspektlərini nəzərə alan korporativ siyasət və təcrübələri işləyib hazırlamaq və tətbiq etmək üçün zəruri alətlərlə təchiz edəcəyik.  Bu təşəbbüslər çərçivəsində BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu ilə yaxından əməkdaşlıq edəcəyik.

Bu gün dəyərli tərəfdaşlarımızın fəaliyyətlərinin bəzi nəticələri haqqında məlumatları məmnuniyyətlə dinləyəcəm. Bu səbəbdən, fürsətdən istifadə edərək, Hökumətdən olan tərəfdaşlarımıza və donorlarımıza – İsveçrə Konfederasiyasına, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin Regional Ofisinə, həmkarımız BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumuna və xüsusilə buradakı Qadın Resurs Mərkəzinin yerli işçilərinə qadınların iqtisadi səlahiyyətlərinin artırılması naminə gördükləri işə və səylərə görə təşəkkürümü bildirirəm.       

Göstərdikləri qonaqpərvərliyə və Qadın Resurs Mərkəzinin layiqli bina ilə təchiz edilməsindəki köməklərinə görə cənab Salahova və onun komandasına minnətdarlığımı bildirirəm.

Sonda, Hökuməti və donor ictimaiyyətini insanların həyatını əsaslı dərəcədə dəyişən bu vacib təşəbbüslərə göstərdikləri dəstəyi davam etdirməyə çağırıram. Azərbaycandakı Qadın Resurs Mərkəzləri qadınların öz şəxsi hədəflərinə çatmaq və iqtisadi imkanlardan yararlanmaq üçün bir-birindən öyrənməsinə və bir-birlərinə dəstək göstərməsinə imkan verən bir ekosistem formalaşdırıb. Mərkəzlər təkcə qadın sahibkarların öz bizneslərini qurmasına dəstək göstərməyib, həm də onların özünəinam hissi qazanmasına, ailədə bərabərliyə nail olmasına, cəmiyyətdə nüfuzlarının artmasına və nəticədə başqaları üçün nümunə təşkil edən şəxslərə çevrilməsinə kömək edib. Hökumətlər, çoxtərəfli təşkilatlar və donor təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti və Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyini təşviq etmək üçün çalışan digər iştirakçılar bu mərkəzlərin təcrübələrindən vacib dərslər öyrənə bilərlər.     

Mərkəzin bütün üzvlərinə demək istərdim ki, sizi daha yaxşı tanımağı, sizin planlarınız və biznes ideyalarınız haqqında eşitməyi və bu maraqlı çağırışa qoşulmuş qadınlarla görüşməyi səbirsizliklə gözləyirəm.

Təşəkkür edirəm!