BMT-nin Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Azərbaycanda Rezident Nümayəndəsi Qulam İshaqzainin “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda keçirilən konfransda

31 October 2018

Şəkil: BMTİP Azərbaycan. Cənab Qulam İshaqzai “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda keçirilən konfransın açılış mərasimində çıxış edərkən. 31 oktyabr 2018-ci il. Bakı, Azərbaycan.

Azərbaycanda peşə təhsili və təlimi (PTT) mərkəzlərinin müasirləşdirilməsi

“Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi


31 oktyabr, 2018-ci il

Mariott JW Abşeron Bakı oteli

Azərbaycan, Bakı şəhəri

Xanımlar və cənablar,

Hörmətli Təhsil Naziri Ceyhun BAYRAMOV,

Hörmətli Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil BABAYEV,

Avropa İttifaqının Bakı nümayəndəliyinin Əməliyyatlar şöbəsinin rəhbəri vəzifəsini icra edən hörmətli Alexandra NERISANU,

Beynəlxalq ictimaiyyətin nümayəndələri,

Hörmətli iştirakçılar,

Bu gün burada, “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfransın açılışında iştirak etməkdən çox məmnunam və bu, mənim üçün böyük fəxrdir.

Bu konfrans bizim Avropa İttifaqı, Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığımız çərçivəsində təşkil olunmuşdur.

Bu təşəbbüs ölkədə Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda peşə təhsili və təlimi (PTT) mərkəzlərinin müasirləşdirilməsi” mövzusunda həyata keçirdiyimiz irihəcmli layihənin tərkib hissəsidir.

Qısaca, layihə Azərbaycanın iki rayonunda – Gəncə və Cəlilabadda peşə təhsili və inkişaf potensialının gücləndirilməsinə yönəlmişdir. Bu rayonlarda yerləşən peşə tədris mərkəzləri artıq layihənin həyata keçirildiyi müddət ərzində həm Avropa İttifaqından, həm də BMT-nin İnkişaf Proqramından maliyyə yardımı almaqdadır və almağa davam edəcəkdir.

Bugünkü konfransda Azərbaycanda çoxsahəli əmək qüvvəsinin genişləndirilməsi və daha inklüziv əmək bazarının yaradılması istiqamətində atılan vacib addım kimi informal və qeyri-formal təhsilin əhəmiyyəti vurğulanır.

Bu, müxtəlif səviyyədə təhsil almış şəxsləri geniş sayda peşə və alternativ təhsil üsullarına çıxış imkanı ilə təmin edəcəkdir.

Keyfiyyətli təhsilin, informal və qeyri-formal təhsil səriştələrinin təmin edilməsi Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyinin əsasını təşkil edir.

4-cü məqsəd xüsusilə inklüziv və bərabər təhsildən bəhs edir, bütün və alternativ təhsil üsulları üçün ömürboyu öyrənmə təcrübələrini inklüziv cəmiyyətlərdə daha böyük iş imkanları əldə etmək üçün atılan vacib addım kimi tanıyır.

İnformal üsullarla əldə edilmiş bacarıq və səriştələrin tanınması və formal təhsil sistemindən kənarda informal və qeyri-formal üsullarla əldə edilmiş təhsilin təsdiqlənməsi Azərbaycanda bu istiqamətdə göstərilən səylərdən birincisidir.

Dünyanın əksər ölkələrində bu təcrübə artıq tətbiq olunmuş və dövlətin əmək qüvvəsinə daxil olmaq üçün məxsusi sahədə ali təhsil ala bilməyən şəxslər üçün daha böyük imkanlar yaratmışdır.

Azərbaycanda informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması 2015-ci ildə təsdiq olunmuş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulmuşdur. Sevindirici haldır ki, bu sistemi dövlət səviyyəsində tanıtmaq üçün Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının yerinə yetirilməsinin şahidi oluruq.

Eyni zamanda, Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi də Azərbaycanda ixtisaslı kadr bazasının gücləndirilməsini dəstəkləyir. Əvvəlki təhsil və təlim üçün ixtisaslaşdırma sisteminin tanınması ölkədə bu strategiyanın həyata keçirilməsinə böyük töhfə verəcəkdir.

Xanımlar və cənablar,

Bütün dünyanı əhatə edən bu inkişaf fəaliyyətimizi yaratdığımız tərəfdaşlıqların əsasında qurduqca, mən bir daha vurğulamaq və dəqiqləşdirmək istəyirəm ki, Azərbaycanda bu açılış platformasının Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında sıx əməkdaşlıq çərçivəsində icra edilməsi bizim üçün fəxrdir. Avropa İttifaqı ilə əməkdaşlığımızın bütün mərhələlərində biz Avropa İttifaqının məşhur “Biz birlikdə güclüyük” şüarına sadiq qalırıq. Həqiqətən də, biz BİRLİKDƏ GÜCLÜYÜK!

Mən əminəm ki, Avropa İttifaqından olan həmkarlarım həm Avropa İttifaqının, həm də BMT-nin İnkişaf Proqramının ölkədə peşə təhsili bazarının üzləşdiyi bəzi çətinliklərin aradan qaldırılmasında Azərbaycan hökumətinə tam dəstək verməyə hazır olması ilə bağlı mənimlə həmfikirdirlər.

Çox sağ olun!