"Qadınlar STEM-də" kampaniyası

Kampaniya haqqında

Dünyada STEM (Science - Elm, Technology - Texnologiya, Engineering - Mühəndislik, Math - Riyaziyyat) sahəsində fəaliyyət göstərən araşdırmaçıların yalnız 30%-ini qadınlar, STEM sahəsində təhsil alan tələbələrin isə 35%-ini qızlar təşkil edir.

Azərbaycanda bu göstərici ortalamadan nisbətən yüksəkdir və 45% təşkil edir.

Qızlar hələ STEM sahəsində yollarına təzə başlayarkən bir çox maneələrlə qarşılaşırlar. Çox vaxt onları bu sahə üçün yetərincə ağıllı olmadıqlarına və bu sahənin yalnız oğlanlar və kişilər üçün olduğuna inandırırlar.

Bu və bunun kimi bir çox səbəblər qadın və qızları bu sahədən əlini üzməyə vadar edir.

Bu maneələri aradan qaldırmaq və qızların və qadınların bu sahədə möhtəşəm işlər görə biləcəyini göstərmək üçün BMT-nin İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi "Qadınlar STEM-də" (Women in STEM) kampaniyasını başladıb.

Kampaniyanın vacib hissələrindən biri də ölkədə STEM sahəsi üzrə uğur qazanmış xanımların hekayələrini ictimaiyyətə çatdırmaqdır.

Sizi bu hekayələri oxumağa və paylaşmağa, qızlarımızı bu sahəni seçməyə ilhamlandırmağa dəvət edirik.

Çünki dünya elmə, elm isə qızlara və qadınlara ehtiyac duyur. Bu ehtiyac isə yalnız birgə iş nəticəsində qarşılana bilər.