Elnarə Məmmədzadə

Elnarə Məmmədzadə yenilikçi ideyaları olan startap təsisçisi və data analitikdir. Onun həyat fəlsəfəsi daim özünü inkişaf etdirmək və hər zaman dünənkindən daha yaxşı olmaqdır.

Daim yeniliklərin və inkişafın izində olan Elnarə Məmmədzadə cəmiyyətdə mövcud olan problem və çətinliklərə innovativ həllər tapmaq üçün çalışır.

7 YAŞ

Elnarə uşaqlıq illərindən özünəməxsus düşüncə tərzi ilə fərqlənib. O, məktəb illərindən əzmkar olub və bütün dərslərini əla qiymətlərlə oxuyub. Asudə vaxtlarını səmərəli keçirən Elnarə uşaqlıqdan musiqi, basketbol və şahmatla məşğul olub.

12 YAŞ

Orta məktəbdə peşəkar olaraq məşğul olduğu basketbol hələ erkən yaşlardan Elnarədə komanda işi, konsentrasiya, stressin idarəedilməsi, liderlik kimi keyfiyyətləri formalaşdırıb. O, uğurlu basketbolçu kimi bir neçə il komandasının lideri olub, Azərbaycanda yeniyetmə qızlar arasında Milli Basketbol Çempionatına qatılaraq iki dəfə qalib olub.

 

17 YAŞ

Hələ orta məktəbdə oxuyarkən startaplara, onları araşdırmağa və yeni biznes ideyalarına olan marağı onu iqtisadiyyat sahəsinə yönləndirib. Orta təhsilini tamamladıqdan sonra Elnarə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Təhsilini həmin universitetdə Təhsil Nazirliyinin xüsusi layihəsi olan SABAH qruplarında alıb. Universitet illərində analitika, sahibkarlıq sahələri üzrə aldığı dərslər onun bu sahəyə olan marağının daha da dərinləşməsinə səbəb olub.  O, özünü peşəkar mütəxəssis olaraq yetişdirmək üçün, dərslərinə ciddi hazırlaşmaqla yanaşı, müxtəlif təcrübə proqramlarına da qoşulub.

19 YAŞ

Elnarə universitetin III kursunda təhsil alarkən regionun ən böyük telekom şirkətlərindən biri olan Azercell Telekomun təcrübə proqramına qatılıb və şirkətin Strategiya və İnnovasiyalar bölməsində təcrübədə olub. O, burada ölkənin rəqəmsal və startap ekosisteminin inkişafına töhfə verən inkubasiya və akselerasiya proqramları, hakatonlar, innovasiya düşərgələri kimi müxtəlif layihələr üzərində çalışıb, zəngin təcrübi bilik və bacarıqlar qazanıb.

Elnarə həm də Azercellin təqaüd proqramının qalibi olub.

21 YAŞ

Fərqlənmə diplomu ilə universitetdən məzun olduqdan sonra Elnarə ideyalarının və xəyallarının ardınca gedərək öz biznesini qurmaq yolunda ilk addımlarını atıb. O, 2018-ci ildə MIT Qlobal Startap Laboratoriyasına müraciət edib. Burada qısa müddət ərzində layihəsini daha da təkmilləşdirərək qalib startapçılardan biri olub. Elə həmin ildə Elnarə AWITA (İT sahəsində Azərbaycan Qadınlarının mükafatlandırılması ) tərəfindən ən yaxşı qadın startap qurucusu olaraq mükafatlandırılıb.

Elnarənin ideyaları və layihələri ölkə hüdudlarından kənarda da seçilib. Belə ki, Elnarə hazırladığı layihə ilə 2019-cu ildə Cenevrədə WSIS (Ümumdünya İnformasiya Cəmiyyəti) tərəfindən keçirilən müsabiqənin qalibi olub.