Gültən Əsgərli

Gültən Əsgərli Estoniyanın Tartu Universitetində “İnnovasiya və Texnologiyaların idarə edilməsi” ixtisası üzrə təhsi alır. 

Gültən həmçinin innovasiya və texnologiya məhsullarının cəmiyyət tərəfindən mənimsənilməsinə dəstək olur.

9 YAŞ

1997-ci ildə Azərbaycanda anadan olan Gültən 9 yaşından ailəsi ilə birlikdə Moskvaya köçüb. O, məktəb illərindən öyrənməyə olan böyük həvəsi ilə seçilib. Dərsdən əlavə zamanını kompüterində yeni bilik və bacarıqlara yiyələnərək keçirib. Gültən “Adobe Photoshop” proqramı ilə işləməyi və uşaqlara proqramlaşdırmanın əsas konsepsiyasını öyrətmək üçün hazırlanmış “Logo” kodlaşdırma dilini öyrənib.

18 YAŞ

Məktəbi bitirdikdən sonra Gültən Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub. “Kompüter Elmləri” ixtisası üzrə təhsil alan Gültən bu sahənin gələcəyin ən perspektivli sahələrindən biri olduğunu anlayıb və bu sahədə çalışmağa qərar verib. Təhsil aldığı ali təhsil müəssisəsinin tədris proqramı ilə kifayətlənməyib, müstəqil şəkildə “C”, “C++” və “Java”platformalarında proqramlaşdırmanı öyrənib.

20-21 YAŞ

Gültən bu yaşlarından anlayıb ki, insanlar üçün zəruri olan məhsulları yaratmaq üçün proqramlaşdırmanı bilmək azdır. Buna görə də texnologiya sahəsində fəaliyyət göstərən startapların necə fəaliyyət göstərdiyi və necə inkişaf etdiyini öyrənməyə başlayıb. Anlayıb ki, bu məhz onun çalışmaq istədiyi sahədir. Silikon Vadisinə getmək, orada yaşamağı arzulasa da, həmin dövrlər üçün bu yalnız xəyal idi. Qərara alıb ki, magistratura təhsilini dünyada startap ekosisteminin ən yaxşı inkişaf etdiyi ölkələrdən biri olan Estoniyada davam etdirsin.

23 YAŞ

Estoniyanın Tartu şəhərində eyniadlı universitetin “İnnovasiyaların və Texnologiyaların idarə edilməsi” ixtisası üzrə təhsilini davam etdirərkən Avropada təcrübə qazana biləcəyi platformaları araşdırmağa başlayıb. Bir gün təsadüfən Silikon Vadisində fəaliyyət göstərən bir startapın vakansiyasını görüb və müraciət edib. Müraciətin nəticəsi müsbət olub və o, Silikon Vadisinin ən yaxşı startaplarından birində işləməyə başlayıb.

BUGÜN

Hazırda Gültən dünyanın ən məşhur şirkətlərinin birində əməliyyatlar üzrə mütəxəssis olaraq çalışır və həmin şirkətin London ofisinə dəstək göstərir.  Bundan əlavə, o, Kaliforniya ştatının Palo Alto şəhərində yerləşən və "LinkedIn"-in qurucusu Reid Hoffman tərəfindən idarə olunan "Blitzscaling Ventures"-da müəssisə kapitalı təqaüdçüsü kimi fəaliyyət göstərir. Gültən tələbə yoldaşları ilə birgə məhsul menecerləri üçün Slack platforması üzərindən "Inskillz" icmasını yaradıb və bu icmanın gələcəkdə ən böyük MM icması olmasını hədəfləyir.

Elm və təhsilə olan marağına görə o, həm də “Khan Academy”-də marketing rəhbəri kimi könüllü olaraq çalışır.  O, anlayır ki, hər bir ölkənin iqtisadiyyatının gələcək inkişafı və rəqabət qabiliyyətli olmasının açarı rəqəmsal infrastruktur və təhsilə yatırımdır. Onun qayəsi güclü, ağıllı qadınlarla texnologiya və innovasiyalar arasında körpü rolunu oynamaqdır.