Günay İsmayılova

Günay İsmayılova gənc analitikdir. O, bilik və təcrübəsindən yararlanaraq həyata keçirdiyi müxtəlif layihələrlə cəmiyyətə fayda verir.

Günay özünü İT sahəsi üzrə yetişdirərək, cəmiyyətin üzləşdiyi problemlərə yeni və innovativ həllər təklif edir.

7 YAŞ

Günay 1997-ci ildə Moskvada anadan olub. Daha sonra ailəsi ilə birlikdə Azərbaycana köçüb və burada yaşamağa davam edib. Məktəb illərində çalışqan şagird kimi müəllimlərinin sevimlisi olan Günayın ən sevdiyi fənlər riyaziyyat və tarix olub. Dərslərə olan marağına görə müəllimləri onu fənn olimpiadalarına yönləndirib. Günay IX sinifdə qatıldığı fənn olimpiadasının regional mərhələsində riyaziyyat fənni üzrə birinci yerə, X sinifdə qatıldığı fənn olimpiadasının respublika mərhələsində isə tarix fənni üzrə üçüncü yerə layiq görülüb.

18 YAŞ

Günayın məktəb illərindən İnformasiya Texnologoyaları sahəsinə böyük marağı olsa da, o bu sahədə uğur qazanmaq üçün xüsusi istedadın vacibliyinə inandığı üçün özünü sosial-humanitar sahələrə istiqamətləndirib.  Məktəbi qızıl medalla bitirən Günay universitetə qəbul imtahanında yüksək nəticə göstərərək beynəlxalq münasibətlər ixtisası üzrə ADA Universitetinə  qəbul olub.

20 YAŞ

Universitetin ikinci kursunda oxuyarkən, Günay hələ də İT sahəsinin onun üçün daha maraqlı olduğunu anlayıb. Bununla bağlı stereotiplərindən azad olmağa nail olaraq, proqramlaşdırma sahəsində özünü yetişdirməyə başlayıb. Proqramlaşdırma üzrə onlayn və oflayn kurslara müraciət edərək sahə üzrə yeni biliklər qazanmaq üçün çalışıb. Günay eyni zamanda ADA Universitetində ikinci karyera proqramına müraciət edərək kompüter elmləri üzrə kiçik elmi dərəcə əldə edə etməyə də nail olub.

21 YAŞ

Böyük əzmlə öz üzərində işləyən Günay bir ildən daha qısa müddətdə İT həllər üzrə ixtisaslaşan şirkətlərin birində “web developer” vəzifəsində işə başlamağa nail olub. Burada çalışdığı müddət ərzində Günay qazandığı iş təcrübəsi ilə akademik bilgilərini mökhkəmləndirib, peşəkar inkişafı istiqamətində əhəmiyyətli addımlar atıb. Bu müddətdə Günay, həmçinin ADA Universitetində müəllim köməkçisi vəzifəsində çalışaraq, özünü bu istiqamətdə də yetişdirməyi bacarıb.

22 YAŞ

Günay 2020-ci ilin fevralında Estoniyanın “BEST Solutions” şirkətinin Bakı ofisində İT biznes analitiki kimi təcrübəyə başlayıb. Bu onun biznes analitika sahəsindəki ilk təcrübəsi olub və bu təcrübəni xarici şirkətdə əldə etmək onun üçün xüsusilə faydalı olub.

Günay, öz bilik və bacarıqlarından yararlanaraq dünyaya və cəmiyyətə faydalı olmağa çalışır. Müxtəlif səpkili problemlərin innovativ həll yollarının tapılmasına kömək edən hakatonlara qatılaraq öz ideya və layihələrini təqdim edir.

O, 2020-ci ilin fevral ayında dünyanın müxtəlif ölkələrindən 40 komandanın iştirakı ilə baş tutmuş I IBA Regional Hakatonuna qatılıb. 36 saat davam edən hakatonda Günay öz komandası ilə birlikdə çalışaraq KOB-lar üçün yeni dijital bazar layihəsini təqdim edib.

2020-ci ilin aprel ayında isə Günay komandası ilə birlikdə COVİD-19 pandemiyasının səbəb olduğu müxtəlif problemlərə həll yolu tapmaq məqsədilə təşkil edilən “Hack Covid-19” qlobal virtual hakatonunda iştirak edib. Burada onlar, COVİD-19-un mənfi təsirinə məruz qalan kiçik bizneslər üçün faydalı olacaq bir layihə üzərində 48 saat fasiləsiz çalışıb və təqdim etdikləri layihə ilə 2-ci yerin qalibi olublar.

BUGÜN

Hal-hazırda Günay Ziraat Bank Azərbaycanın İT departamentində biznes analitik vəzifəsində çalışır.

Bununla yanaşı o, InstaGift adlı startapın həmtəsisçisi və biznes analitikidir.