Mədinə Hacıyeva

Mədinə Hacıyeva ətraf mühit üzrə mütəxəssisdir. O, tullantılardan enerji alınması, Xəzər dənizinin və göl sularının ekoloji cəhətdən təmiz olması uğrunda çalışır.

Mədinə Hacıyeva SUEZ-in ətraf mühit və icazələr üzrə mütəxəssisidir. O, ekologiya sahəsində bir çox yenilikləri ölkəmizə gətirməyi qarşısına məqsəd qoyub.

7 YAŞ

Mədinə ekoloji problemlərin aktual olduğu Sumqayıt şəhərində anadan olub. Uşaqlıqda anası Mədinəni tez-tez işlədiyi kompressor zavoduna aparıb. Zavodun yanında gördüyü metal robot heykəli və texniki qurğular Mədinənin marağına və mühəndisliklə bağlı xəyallar qurmasına səbəb olub. O, elə uşaq yaşlarında bir gün mühəndis olub, sənaye parklarındakı möcüzələri araşdıracağının xəyallarını qurub.

12 YAŞ

Məktəb illərində Mədinə riyaziyyat, kimya və biologiya fənlərini sevərək, dərindən öyrənib. Çalışqanlığı və biliyi ilə fərqlənən Mədinə bu yaşlardan təbiət və ekologiya sahəsinə maraq göstərməyə başlayıb.

17 YAŞ

Mədinə orta məktəb təhsilinin son ilini Gələcək Liderlərin Mübadilə Proqramı çərçivəsində Amerikanın Massaçusets ştatında yerləşən orta məktəbdə oxuyub və orada orta məktəbdən məzun olub. O, burada real genetik testlər aparmaq və biliklərini dərinləşdirmək şansı qazanıb. Amerikada yaşadığı zaman Mədinə, tez-tez Atlantik okeanda gəmi gəzintilərində olub. Elə bu gəzintilərdə təbiətin insanlara bəxş etdiyi gözəlliklərin ən qiymətli hədiyyə olduğunu və onların qorunub saxlanmasının çox əhəmiyyətli olduğunu anlayıb.

19 YAŞ

Mədinə tələbəlik illərində BP tərəfindən təşkil edilən bir təcrübə proqramına qoşulub. O, burada BP tərəfindən aparılan əməliyyatların ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması ilə bağlı qaydalara uyğunluğunun öyrənilməsində yaxından iştirak edib . Məhz bu təcrübə proqramı onun həyatının dönüm nöqtəsi olub və Mədinə ekologiya elminin arxasınca getməyə və bu istiqamətdə özünü yetişdirərək  peşəkar mütəxəssis olmağa qərar verib.

22 YAŞ

Mədinə bakalavr təhsilini tamamladıqdan sonra ekologiya sahəsində ixtisaslaşmaq və biliklərini artırmaq üçün magistratura pilləsi üzrə təhsilini davam etdirib. O, Azərbaycan Dövlət Neft Akademiyasında ətraf mühitin idarə edilməsi ixtisası üzrə magistratura pilləsində təhsil alıb. Magistr dərəcəsi aldıqdan sonra Mədinə, eldə etdiyi biliklərini tətbiq etmək üçün BP-nin Qərbi Çıraq Neft Platforması tikinti layihəsində ətraf mühit üzrə məsləhətçi vəzifəsində çalışmağa başlayıb.

27 YAŞ

Fəaliyyət sahəsində baş verən yenilikləri, dünya təcrübəsini öyrənməyin əhəmiyyətli olduğunu düşünən Mədinə təhsilinə xarici üniversitetlərdən birində davam etdirməyə qərar verib. O, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təqaüd əldə edərək İngiltərənin yüksək reytinqli universitetlərindən olan London Universitet Kollecinə daxil olub. Burada o, ətraf mühit sistemlərinin mühəndisliyi üzrə təhsil alıb, çirkli sulardan təmiz su alınması və onun təkrar istifadəsi üzrə ixtisaslaşıb.

30 YAŞ

Təhsilini tamamlayıb Azərbaycana qayıdan Mədinə 2016-cı ildə Bakı Məişət Tullantılarının Yandırılması zavodunda ətraf mühit üzrə baş mütəxəssis kimi çalışmağa başlayıb və burada beynəlxalq ətraf mühit menecmenti standartını müvəffəqiyyətlə tətbiq edib. Onun ətraf mühitin qorunması sahəsində əldə etdiyi nailiyyətlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən yüksək qiymətləndirilib.

BUGÜN

2019-cu ildən etibarən Mədinə, ətraf mühitin idarə olunması sahəsində dünya lideri olan “SUEZ Groupe” şirkətində ətraf mühit və icazələr üzrə mütəxəssis kimi çalışır. O, ekologiyamızın qorunması üçün bir çox layihələrdə iştirak edir, suların təmizlənməsi və tullantıların idarə olunması sahəsində biliklərindən istifadə edərək ətraf mühitin yaxşılaşdırılması məqsədilə qabaqcıl metodikaları tətbiq edir. Mədinə, eyni zamanda, Abşeronun ən böyük gölünün – Böyük Şorun bərpası layihəsində çalışır. Mədinənin böyük əzmlə çalışdığı bu layihənin məqsədi Böyük Şor gölünü çirklərdən azad etmək, ərazini abadlaşdıraraq park və istirahət yerlərinə çevirməkdir.