Mələk Əzizova

Mələk  Əzizova Azərbaycan Britaniya Kollecinin STEM koordinatoru olaraq gələcək elm adamlarının, proqramçıların, mühəndislərin inkişafına təkan vermək üçün çalışır.

Mələk gənclərin innovativ elm sahəsində ixtisaslaşmaları, gələcəyin proqramçı qızları, mühəndis xanımları, gənc ixtiraçıları olmalarına dəstək olur.

5 YAŞ

Mələk 1992-ci ildə ailənin yeganə övladı olaraq dünyaya gəlib. Balaca Mələk erkən yaşlarından elmi fantastikanı sevib. O, oyuncaqlarla oynamaqdan daha çox onları sındırıb içində nələrin olduğu və necə quraşdırıldıqlarını araşdırıb.

11 YAŞ

İlk dəfə masaüstü kompyuteri olan balaca Mələk yaşıdlarından fərqlənərək kompyuterində proqramlaşdırma ilə maraqlanmağa başladı. Bununla o, oyunları oynamaqdan daha çox onları yaratmağın - kodlaşdırmağın daha zövqverici olduğunu kəşf etdi.

15 YAŞ

İllər ötdükcə Mələk elm şoularını izləmək və kitab oxumaqdan, bu heyrətamiz aləmi necə yaradacağını xəyal etməkdən zövq alaraq böyüyüb. O, bu yaşlardan gələcəkdə ixtisaslaşmaq istədiyi sahəni artıq müəyyən edib.

20 YAŞ

Biologiya fakültəsindən məzun olduqdan sonra o, balaca qəsəbə məktəbində müəllim olaraq fəaliyyətə başlayıb. Mələk müəllimə dövrün tələbləri ilə ayaqlaşaraq dərsləri sinif otağından kənarda keçməsi, praktiki dərslər, şagirdlərin təcrübə gündəlikləri və məktəbdən kənar məşğələlərə xüsusi önəm verməsi ilə fərqlənib. Onun tədris metodalogiyası şagirdlərinin beynəlxalq olimpiadalarda yüksək nəticələr əldə etməsinə imkan yaradıb.

BUGÜN

O, 2015-ci ildən Azərbaycanda ilk STEM təhsil mərkəzinin proqram direktoru, sonradan isə Azərbaycan Britaniya Kollecinin STEM koordinatoru olaraq gələcəyin mühəndisləri, proqramçıları, ixtiraçıları və alimlərinin formalaşmasına dəstək olur.

Bu gün Mələk cəmiyyətimizin gələcək tərəqqiçisi olan qızların elm və texnologiya sahəsində inkişaf etməsi üçün hər il yüzlərlə şagirdin “ABC Science Fair” - Elm sərgisində layihələrini təqdim etməsinə şərait yaradır. Onun töhfəsi ilə STEM sahəsində ən yaxşı layihələri ilə fərqlənməyi bacaranlar beynəlxalq olimpiadalarda iştirak edərək ölkəmizə medallar qazandırırlar.