Maral Qurbanzadə

İnsan-robot ünsiyyəti üzrə mütəxəssis olan Maral süni zəka üzrə araşdırmalar aparır, yeni nəsil robotların həyatımızı daha da asanlaşdırması üçün çalışır.

Maral Qurbanzadə süni zəkanın və insanabənzər robotların insan cəmiyyətinə təsirini araşdırır. O, Niderlandın Leyden Universiteti Kompüter Elmləri İnstitutunun (LIACS) magistrıdır.

7 YAŞ

Kiçik yaşlarından Maral həyat simulyasiya oyunları və fantastika ədəbiyyatına xüsusi maraq göstərib. İnsanların necə ünsiyyət qurması və bu ünsiyyətin hansı qaydalarla tənzimlənməsi ona çox maraqlı olub.

Daim heyranlıq, təəccüb və maraq hisləri içərisində olan  Maral öz kiçik dünyasını yazdığı şeirlərdə əks etdirib, onun  hələ 11 yaşında olarkən “Röyalar kitabçası” adlı şeirlər kitabı nəşr olunub.

16 YAŞ

Maralın məktəb illərində insan psixologiyasına olan marağı və dünya görüşünün zənginliyi  onu yaşıdlarından fərqləndirib. Zəngin dünya görüşü və ingilis dili biliyi nəticəsində o, 1500 nəfər şagird arasında keçirilən müsabiqədə seçilən 50 şagirddən biri olaraq FLEX proqramından təqaüd qazanıb və məktəbin son ilini ABŞ-ın Vaşinqton şəhərində yerləşən Ruzvelt Hay Skulda oxumağa nail olub.

Maral burada da ədəbiyyata olan marağı və istedadı ilə seçilməyi bacarıb. Onun “Sil mənim ürəyimi” adlı əsəri Sietl şəhərində keçirilən “Ən yaxşı pyes” müsabiqəsində qalib gəlib və həmin şəhərdə yerləşən “AKT” teatrında səhnələşdirilib.

18 YAŞ

Orta məktəbi bitirdikdən sonra Maral ali təhsil almaq üçün Azərbaycana qayıdıb. Maralın məqsədyönlülüyünə və bacarıqlarına inanan valideynləri ona istədiyi karyera yolunu seçməkdə azadlıq verib və onun qərarlarını daim dəstəkləyiblər. Öz maraq dairəsinə uyğun olaraq Maral Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsinə qəbul olub.

20 YAŞ

Tələbəlik illərində Maral bilik və bacarıqlarını artırmaq üçün bir sıra yerli və beynəlxalq qurumlarda çalışmağa başlayıb.  O, bu illərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunda, Milli Demokratiya İnstitutunda (NDI) və müxtəlif korporativ sosial məsuliyyət layihələrində çalışaraq geniş təcrübə qazanıb.

25 YAŞ

Bakalavr təhsilini tamamladıqdan sonra Maral karyerasını bank sahəsində davam etməyə qərar verib. O, 2014-cü ildən ölkənin nüfuzlu banklarından birində Müştəri Əlaqələrinin İdarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb. Çalışdığı müddətdə iş sahəsi üzrə qarşılaşdığı müxtəlif suallar və onlara innovativ, rəqəmsal həll yolu axtarışları Maralda proqramlaşdırma sahəsinə böyük maraq yaradıb. Yeniliklərdən qorxmadan öz üzərində işləyən, yeni biliklər əldə etməkdən zövq alan Maral bu sahəni öyrənməyə başlayıb.

27 YAŞ

İT sahəsinə olan marağı və qarşısına qoyduğu məqsədləri Maralı Niderlandın yüksək reytinqli təhsil müəssisələrindən olan Leyden Universitetinə aparıb. O, həmin universitetin Kompüter Elmləri İnstitutunda insan-robot ünsiyyəti üzrə təhsil alaraq proqramlaşdırma üzrə biliklərini təkmilləşdirməyə, tədqiqat bacarıqlarını inkişaf etdirməyə nail olub. İki illik təhsilini 2018-ci ildə tamamlayan Maral dünya miqyaslı Leyden Universitetindən magistr dərəcəsi almağa nail olub.

BUGÜN

Hazırda Maral süni intellektin tənzimlənməsi, süni agentlərin hüquqi şəxsiyyəti və antropomorfik xidmət dizaynı üzrə tədqiqatlar aparır.  O, rəqəmsal texnologiyaların innovativ tətbiqləri vasitəsilə robotların insan həyatını asanlaşdırması üçün çalışır, eləcə də öz biliklərini və hekayəsini gənclərlə bölüşərək onları ilhamlandırmağa davam edir.