Nigar Hacıbabayeva

Nigarın məqsədi ölkəmizdə İT sahəsində olan cinsi bərabərsizliyi aradan qaldırmaq, qadınların bu sahə ilə bağlı stereotiplərini qırmağa dəstək olmaqdır.

“Matrix Training Center”-in həmtəsisçisi və direktoru, “Girls Code Azerbaijan” platformasının təsisçisi olan Nigar Hacıbabayeva, dünyada İT sahəsi üzrə baş verən yenilikləri ölkəmizə adaptasiya etməyi hədəfləyir.

7 YAŞ

Nigar 1995-ci ildə Xaçmaz rayonunda anadan olub. Xaçmazda riyaziyyat-fizika təmayüllü orta məktəbdə təhsil alan Nigar, hər zaman çalışqanlığı ilə fərqlənib. O, məktəb illərində həm də musiqiyə maraq göstərərək, 7 illik piano təhsili alıb.

14 YAŞ

Bütün fənləri yaxşı oxuyan Nigar, riyaziyyat, tarix və coğrafiyanı xüsusi maraq və sevgi ilə öyrənib. Təsadüfi deyil ki, qatıldığı tarix üzrə fənn olimpiadasında şimal bölgəsi üzrə birinci yerə layiq görülüb. Həm texniki, həm humanitar fənlərə böyük marağı olsa da, seçimini texniki fənlərdən yana edərək, gələcəkdə bu sahə üzrə ixtisas sahibi olmağa qərar verib.

17 YAŞ

Nigar, orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinə daxil olub. Universitet illərində proqramlaşdırma səhəsinə maraq göstərərək, karyerasını məhz bu sahədə qurmağı qarşısına hədəf qoyub. Universitetin ilk illərindən etibarən proqramlaşdırma sahəsi üzrə yeni bilik və bacarıqlar əldə etmək üçün əzmlə çalışıb. Bunun nəticəsidir ki, universitetdən məzun olan zaman artıq peşəkar proqramçı kimi iş fəaliyyətinə başlamağa nail olub.

22 YAŞ

İT sahəsi davamlı və sürətli inkişaf tələb edir. Odur ki, Nigar universiteti bitirdikdən sonra da öyrənməyə davam edib, təcrübi biliklərini isə çalışdığı şirkətlərdə zənginləşdirə bilib.  O 2017-ci ildə Oracle şirkəti tərəfindən verilən “Oracle Database SQL Certified Assosiate” beynəlxalq sertifikatını əldə edib.

Əməyinin nəticəsi olaraq Nigar, çoxsaylı mükafatlar da qazanıb. O, 2017-ci ildə İT sahəsində Azərbaycan Qadınlarının mükafatlandırılması, bu sahədə çalışan qadınların tanınmasına həsr olunan  “AWITA 2017- The Women in IT Award” mükafatının “Development of the year” nominasiyasına layiq görülüb.

23 YAŞ

Nigar, İT sahəsindəki peşəkar fəaliyyəti ilə yanaşı bir sıra əhəmiyyətli sosial layihələrdə də yer alıb. 2018-ci ildə onun rəhbərliyi ilə, İT sahəsinə maraq göstərən qadınlara bu sahədə uğurlu karyera sahibi olmaq üçün dəstək göstərmək, onları motivasiya etmək və istiqamətləndirmək məqsədilə “Girls Code Azerbaijan” platforması təsis edilib. Platformanın fəaliyyəti nəticəsində həyata keçirilən layihə, tədbir, seminarlarla Nigar, minlərlə xanıma dəstək olmağa nail olub.

2018-ci ildə Nigar həmçinin proqramlaşdırma sahəsində müxtəlif peşəkar kurslar, təlimlər həyata keçirən “Martix” Təlim Mərkəzini də təsis edib. O, təlim mərkəzinin həmtəsisçisi, eyni zamanda direktorudur.

BUGÜN

Hazırda Nigar Azərbaycan Beynəlxalq Bankının İT departamentində aparıcı SQL proqramçı vəzifəsində çalışır. İT sahəsinə maraq göstərən gəncləri öyrətmək, onları mütəxəssis kimi yetişdirməkdən zövq alan Nigar həmçinin “Martix” Təlim mərkəzində Oracle SQL və PL SQL Development istiqaməti üzrə təlimçi kimi də fəaliyyət göstərir.