Safura İsayeva

Safura İsayeva yenilikçi fikirləri ilə ölkəmizdə İT sahəsinin inkişafına təkan verəcək.

Safura Alman Süni İntellekt Araşdırma Mərkəzində çalışır. O, burada müasir texnologiyaları, metodologiyaları öyrənir, bilik və təcrübələrini bu sahəyə marağı olan gənclərlə bölüşür.

7 YAŞ

Safura 1992-ci ildə Bakıda anadan olub. Uşaqlıq illərində onun ən sevimli məşğuliyyəti hər axşam valideynləri, bacısı və qardaşı ilə birlikdə maraqlı məntiqi məsələlər həll etmək və şahmat oynamaq olub. Sevimli məşğuliyyəti Safuranın erkən yaşlarından elmə marağının yaranmasına səbəb olub. O, riyaziyyatı və hazırda istifadə olunan texnologiyaların necə yarandığını araşdırmağa başlayıb.

14 YAŞ

İlər ötdükcə bütün fənlər üzrə yüksək nəticələr əldə edən Safuranın riyaziyyata olan marağı daha da dərinləşib. Riyaziyyat və kompüter üzrə ixtisaslaşan valideynləri kimi Safura da, İKT sahəsi üzrə ixtisaslaşmağa qərar verib.

17 YAŞ

Orta məktəbi bitirdikdən sonra Safura Moskva Dövlət Universitetinin Bakı filialında “Tətbiqi riyaziyyat” ixtisası üzrə təhsil almağa başlayıb. Tələbəlik illərində o, ixtisas sahəsi üzrə qatıldığı bir sıra konfrans və  müsabiqələrdə yüksək nəticələr əldə edib. Safuranın iştirak etdiyi tədbirlərdən biri də Moskva şəhərində keçirilmiş riyaziyyat üzrə elmi konfrans olub. O, burada qaz və dalğa mexanikası mövzusunda hazırladığı layihəni təqdim edib. Safuranın layihəsi konfrans iştirakçılarının rəğbətini qazanıb və həmin mövzuda hazırlanmış onlarla layihə arasında ən yaxşı layihə kimi qiymətləndirilib.

21 YAŞ

Bakalavr təhsilini uğurla başa vuran Safura Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində magistr təhsili almağa başlayıb. Magistr təhsili aldığı illərdə o, həm də Azərbaycanın qabaqcıl banklarının birində çalışmağa başlayıb. Safura bank sektorunda risklərin idarə edilməsi, hesabatvermə, təhlil sahələrində çalışıb və həyata keçirilən müxtəlif İT layihələrinə rəhbərlik edib.

26 YAŞ

Öyrənməkdən zövq alan, daim öz üzərində çalışan Safuranın hədəflərindən biri də, xaricdə təhsil almaq olub. Xüsusilə, alman dili və mədəniyyəti Safuranı hər zaman cəlb edib və təhsilini Almaniyada davam etdirməyə qərar verib. O, Almaniyanın Saarland Universitetində “Kompüter elmləri” ixtisası üzrə magistr təhsili almağa başlayıb. Safura burada universitet təhsili ilə yanaşı, müxtəlif təlim, kurslara qatılaraq öz bilik və bacarıqlarını zənginləşdirməyə nail olub.

BUGÜN

DAAN təqaüd proqramına qəbul alan Safura ikinci magistr təhsilini almaqdadır. O, öyrənməklə yanaşı, təcrübə qazanmağa da, zaman ayırır və hal-hazırda Azərbaycanın tanınmış sığorta şirkətlərinin birində sistem analitiki kimi fəaliyyət göstərir. Onun əsas məqsədlərindən biri də, texnologiyanın imkanlarından yararlanaraq insanların həyatını asanlaşdırmaqdır. Məhz bu səbəbdən o, hazırda yeni bir startap layihəsinin üzərində yorulmadan çalışır.

Safura İsayeva bizim 2021-ci ilin yanvar ayında elan etdiyimiz mentorluq proqramında mentordur və STEM sahəsində çalışan gənc peşəkar və ya tələbə olan xanımları faydalı alətlər və məsləhətlərlə təmin etmək missiyamızda bizə dəstək olur.