Şəms Teyfurova

Şəms Teyfurova informasiya texnologiyaları sahəsində yeni cığır açmağı hədəfləyir.

O, qızları müasir texnologiyaların təkcə istifadəçisi kimi yox, həm də yaradıcısı kimi görmək istəyir.

7 YAŞ

Şəms 18 avqust 1997-ci il tarixində Ukraynanın Odessa şəhərində anadan olub. Erkən yaşlarından Azərbaycana qayıdan Şəmsin uşaqlığı Bakıda keçib. Uşaqlıq illərini şən və maraqlı keçirən Şəms,  kiçik yaşlarında qırmızı, üstü açıq, uzaqdan idarə olunan oyuncaq avtomobili ilə xüsusi maraqla oynayıb. Elə bu avtomobilə olan sevgisi Şəmsin mexanika və texnologiyaya maraq göstərməsinə səbəb olub.

15 YAŞ

Şəms məktəb illərində dərslərini sevərək öyrənib və yüksək göstəriciləri ilə müəllimlərinin sevimli şagirdi olub. Dəfələrlə riyaziyyat üzrə fənn olimpiadaları və açıq dərs müsabiqələrində qalib olub. IX sinfi fərqlənmə ilə bitirən Şəms gələcək karyerasının texniki elmlər sahəsində olacağına qərar verərək məhz həmin istiqamətdə də ali məktəbə qəbul imtahanına hazırlaşmağa başlayıb.

18 YAŞ

Məktəbi uğurla başa vuran Şəms ali məktəbə qəbul imtahanında yüksək nəticə əldə edərək hədəfinə çata bilib. O, ADA Universitetinin “Kompüter mühəndisliyi” fakültəsinə tam təqaüdlə qəbul olub. Təhsil aldığı illər ərzində əldə etdiyi yüksək göstəricilərə görə 4 dəfə “Rector’s List of Honor” dərəcəsi, 2 dəfə də “Lotfi Zadeh Scholarships” dərəcəsindən tam təqaüd qazanaraq təhsilini ödənişsiz əsaslarla davam etdirməyə nail olub.

21 YAŞ

Tələbəlik illərində beynəlxalq mübadilə proqramına qəbul olması Şəmsin həyatında növbəti əhəmiyyətli hadisə olub. Qazandığı “Erasmus+” təqaüdü ilə o, bir müddət Türkiyənin ən nüfuzlu üniversitetlərindən biri olan Orta Şərq Texniki Universitetində təhsil alıb. Burada daha dərin akademik biliklərə yiyələnən Şəms həm də, sahəsinin ən nüfuzlu elm adamları və peşəkarları ilə tanış olmaq imkanı əldə edib.

22 YAŞ

Azərbaycana qayıtdıqdan sonra Şəms biliklərini real iş mühitində əldə edəcəyi təcrübələrlə möhkəmləndirmək məqsədilə Elektron Hökümətin İnkişafı Mərkəzi,  Azərbaycan Dövlət Reklam Agentliyi kimi aparıcı qurumların təcrübə proqramlarında iştirak edib. Bununla yanaşı, ADA Universitetində Fizika dərsini tədris edən müəlliminin “müəllim köməkçisi” olub və özünü bu sahədə də, yetişdirməyi bacarıb.

23 YAŞ

Əldə etdiyi mühüm nailiyyətlər Şəmsin tələbəlik illərinin məhsuldar keçməsinə səbəb olub. O, akademik biliyi, dünya görüşü, elm və təhsilə olan həvəsinə görə 1500-dən çox tələbə arasından seçilmiş 28 tələbədən biri kimi Azercell-in təqaüdçüsü adına layiq görülüb. Oxuduğu universitetin sosial həyatında da yaxından iştirak edən Şəms ADA Universiteti Karyera klubunun vitse-prezidenti olub. Bu fəaliyyəti ilə o, dəfələrlə müxtəlif tədbir, seminar və peşəkarla görüşlər təşkil edərək yüzlərlə gəncin karyera həyatı ilə bağlı suallarına cavab tapmasına kömək edib. 

BUGÜN

Şəms 2020-ci ildə bakalavr təhsilini uğurla bitirib və qırmızı diplomla ADA Universitetindən məzun olub. O, hal-hazırda ölkənin aparıcı banklarının birində məlumat bazası üzrə kiçik administrator vəzifəsində çalışır. Daim yüksək nəticələrə fokuslanaraq onlara nail olmaq üçün əzmlə çalışan Şəms qızları xəyallarının arxasınca getməyə və yeniliklərin yaradıcısı olmağa səsləyir.