Avropa İttifaqı, BMTİP Azərbaycanda informal və qeyri-formal üsullarla əldə olunmuş səriştələrin tanınması üçün yeni sistem yaradırlar

31 October 2018

Şəkil: Loqan İsbell

Bakı, 31 oktyabr 2018-ci il – Bu gün Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi  Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi adlı qrant proqramı çərçivəsində “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfrans təşkil olunmuşdur. Tədbirə 100 nəfərdən artıq dövlət, özəl sektor və təhsil ocaqlarının nümayəndəsi qatılaraq Azərbaycanda vətəndaşların qeyri-formal və informal təhsil üsulları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması qaydaları haqqında fikir mübadiləsi aparmış və bu sahədə mövcud beynəlxalq təcrübə ilə tanış olmuşlar.

Qeyri-formal təhsil və əvvəlki təlimin tanınması və təsdiqlənməsi praktikası dünyanın bir çox ölkələrində tədbiq edilir. Burada fərdi şəxslərin formal təhsil və təlim sistemindən kənarda müxtəlif öyrənmə mühitində və fərqli üsullarla, əsasən də praktiki olaraq əldə etdiyi bilik, bacarıq və səriştələrin müəyyən edilməsi, qiymətləndirilməsi və tanınması prosesi nəzərdə tutulur. İnformal və qeyri-formal kontekstlərdə əldə edilmiş bu səriştələrin yoxlanılması və tanınması mexanizmləri hər ölkənin təhsil sisteminin xüsusiyyətlərini nəzərə alaraq qurulur. Son illərdə Azərbaycanda belə bir sistemin ilk dəfə olaraq yaradılmasına böyük zərurətin olduğu bir sıra mühüm dövlət proqramlarından bəlli olur.    

Belə ki, 2015-ci ildə təsdiq olunmuş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında informal və qeyri-formal üsullarla əldə olunmuş səriştələrin tanınması üçün yeni bir sistemin tətbiqi nəzərdə tutulur. Fəaliyyət Planı ilə yanaşı, həmçinin Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair strateji yol xəritəsi də, Azərbaycanda yüksək ixtisaslı kadr bazasının gücləndirilməsi və alternativ təhsil vasitəsi ilə peşə səriştələrinin artırılması imkanlarını dəstəkləyir.

Avropa İttifaqı və BMTİP tərəfindən həyata keçirilən Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi layihəsi Hökumətin məhz bu səylərinə dəstək verərək, təhsilin keyfiyyətini və təhsil sahəsində bərabərliyi artırmağa yönəlmişdir. Layihə həmçinin milli peşə təhsili və təlim sisteminin Avropa standartları və ən qabaqcıl təcrübələrlə uyğunluğunu təmin etmək məqsədi daşıyır.

Azərbaycanda atılan bu addımların təzahürü və davamı olaraq, Avropa Birliyi və BMT-nin İnkişaf Proqramı  Gəncə Dövlət Peşə Təhsil Mərkəzində əvvəlki təhsilin tanınması mexanizminin yaradılması və pilot qaydada həyata keçirilməsi ilə bağlı səylərə dəstək göstərirlər. Belə ki, cari ilin yazından etibarən Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi proqramının tərkib hissəsi olaraq, Aİ və BMTİP “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsini icra edirlər. Birgə fəaliyyət çərçivəsində Aİ və BMTİP həmçinin Qeyri-formal və İnformal Təhsilin Təsdiqlənməsinin (QFİTT) icrasına kömək edəcək metodoloji göstərişlər hazırlamağı nəzərdə tutur. Metodoloji göstərişlər QFİTT qiymətləndirməsi ilə bağlı əsas tələb və prosedurların, eləcə də qiymətləndirmə prosesində iştirak edən bütün maraqlı tərəflərin vəzifə və öhdəliklərinin müəyyən edilməsi, həmçinin QFİTT proseslərinin monitorinqi və keyfiyyət təminatı ilə bağlı tədbirləri əhatə edəcək. Qeyd edək ki, vətəndaşların əvvəlki təhsil və səriştələrinin qiymətləndirilməsini həyata keçirmək üçün Azərbaycanda xüsusi Sertifikatlaşdırma Mərkəzinin yaradılması nəzərdə tutulur. Aİ və BMTİP-in birgə təşəbbüsü olan “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi yeni yaradılacaq Sertifikatlaşdırma Mərkəzi ilə sıx əməkdaşlıq şəraitində davam edəcək.

İnformal və qeyri-formal təhsilin tanınması istiqamətində aparılan layihə fəaliyyətləri Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının maliyyə dəstəyi ilə BMTİP,  Azərbaycan Respublikası Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən birgə icra ediləcək.

Keyfiyyətli təhsil konsepsiyası 2030-cu il üzrə İnkişaf Proqramının əsasını təşkil edir və həmçinin Qlobal Məqsədlər kimi tanınan 17 Dayanıqlı İnkişaf Məqsədlərindən biridir. Xüsusilə bərabər və inkluziv təhsil imkanlarını hədəf tutan 4-cü Məqsəd: Keyfiyyətli Təhsil hamı üçün əlçatan peşə təhsili ilə əlaqədar bərabər imkanların yaradılması, bu prosesdən heç kimin kənarda qalmamasını və alternativ təhsil üsulları ilə əldə olunmuş səriştələrin əmək bazarında səmərəli istifadəsinin dəstəklənməsini nəzərdə tutur.

Məlumat üçün, BMTİP-in Azərbaycan ofisinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Arzu Cəfərli ilə əlaqə saxlaya bilərsiniz - arzu.jafarli@undp.org