Su resurslarının dayanıqlılığına töhfə vermək üçün Azərbaycan və Gürcüstandakı otellər üçün suya qənaət mükafatları təqdim olunacaq

9 October 2019

Şəkil: BMTİP

Bakı, 9 oktyabr 2019-cu il – Bu gün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanda H2Otel Suya Qənaət Mükafatlarının ilk rəsmi təliminə start verdi. Bununla, BMTİP Cənubi Qafqaz bölgəsinin qabaqcıl turizm, otelçilik və qonaqpərvərlik təşkilatları ilə səylərini birləşdirərək Azərbaycanda və Gürcüstanda su dayanıqlılığı sahəsində yeni mükəmməllik sistemini tətbiq etməyə başlayır. Təlim proqramı Kür çayı hövzəsi boyunca İnteqrasiya olmuş Su Resursları İdarəçiliyinin İnkişafı üçün Kür II layihəsi çərçivəsində təşkil edilib. Qlobal Ətraf Mühit Fondu (GEF) tərəfindən maliyyələşdirilən layihə, BMT-nin İnkişaf Proqramı tərəfindən Azərbaycanda və Gürcüstanda iki ölkənin hökumətləri ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.

H2Otel Suya Qənaət Mükafatları, otelçilik sənayesində suyun istehlakının azaldılması və suyun çirkliliyinin aradan qaldırılmasında yenilikçi tədbirlər görülməsi üçün Azərbaycan və Gürcüstandakı otelləri dəstəkləyir. Suya qənaət etmək otellərə öz mənfəətlərini artırmağa və dəyərli təbii ehtiyatları qorumağa kömək edir. Bu eyni zamanda ətraf mühitə vurulan ziyanı minimuma endirən otellərə üstünlük verən və getdikcə artmaqda olan müştərilərin də zövqünə oxşayan xidmətlərin təmin edilməsinə zəmin yaradır.

Cənubi Qafqazda H2Otel Suya Qənaət Mükafatları Azərbaycan Otellər Birliyi,  eləcə də 2015-ci ildən bəri hər il Gürcüstanda keçirilən və otel və qonaqpərvərlik sahəsi üzrə müsabiqə və tanıtım mərasimi hesab olunan “Gürcüstana xoş gəldiniz!” Milli Turizm Mükafatları proqramı tərəfindən təqdim olunur.

Hər iki ölkədə H2Otel Suya qənaət Mükafatları proqramı, Böyük Britaniya Şahzadəsi Çarlz tərəfindən qurulan qeyri-kommersiya təşkilatı olan Beynəlxalq Turizm Tərəfdaşlığı tərəfindən hazırlanan Mehmanxanalarda Su Sərfiyyatının Ölçülməsi Təşəbbüsü (HWMI) vasitələrindən istifadə edəcəkdir. HWMI vasitələri, Azərbaycan və Gürcüstandakı otelçilərə yeni su qiymətləndirmə protokollarını təqdim edəcək və yerli dillərdə istifadəyə veriləcəkdir. Mehmanxanalarda Su Sərfiyyatının Ölçülməsi Təşəbbüsü vasitələri KPMG və dünyanın aparıcı otelləri ilə birlikdə hazırlanan otellərdə su istehlakını izləmək üçün sadə bir üsuldur.

H2Otel Suya Qənaət Mükafatına qoşulmaq üçün, Azərbaycan və Gürcüstandakı otellərdən layihə tərəfindən həyata keçirilən üç qısa təlim proqramında iştirak etmək, Su Sərfiyyatının Ölçülməsi Təşəbbüsü vasitəsi ilə suyun istehlakını izləmək və suyun qorunması üçün innovativ planlar hazırlamaq tələb olunur. H2Otel Suya Qənaət Mükafatlarının qalibləri, mükafat proqramının əsas tərəfdaşlarından, o cümlədən Azərbaycan Otellər Birliyi, “Gürcüstana xoş gəlmisiniz!” Milli Turizm Mükafatları proqramı və BMTİP-dən yerli, regional və beynəlxalq səviyyədə tanınma imkanı qazanacaqlar. Mükafat qazananlar, həmçinin dünyanın 100-dən çox ölkəsində otelçilik sahəsində fəaliyyət göstərən 24000 təşkilat və mülkiyyətçini əhatə edən,  turizm və qonaqpərvərlik sənayesi daxilində dayanıqlı və məsuliyyətli iş praktikaları, yeni məlumat və araşdırmalar təklif edən Green Hotelier aparıcı onlayn bilik platformasında nümayiş olunacaqdır.

H2Otel Suya Qənaət Mükafatlarının ilk təqdimatı 2019-cu ilin dekabr ayında Azərbaycan və Gürcüstanda baş tutacaq.

H2Otel Suya Qənaət Mükafatları haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər Mükafatlar proqramının rəsmi Facebookİnstagram səhifələrini nəzərdən keçirə bilər, həmçinin Kür II layihəsinin vebsəhifəsində H2Otel Suya Qənaət Mükafatları portalından də məlumat əldə edə bilər və əlavə suallar üçün h2otel.awards@gmail.com elektron poçt ünvanına sorğu göndərə bilərlər.

***

Əlaqə üçün məlumat:

Kür çayı hövzəsində Su Resurslarının İnteqrasiyalı İdarə edilməsinin İnkişafı üzrə BMTİP-GEF birgə layihəsi ilə bağlı suallar üçün Kür II Layihə üzrə regional əlaqələr üzrə meneceri Sona Quliyeva ilə sona.guliyeva@undp.org elektron poçt ünvanı vasitəsi ilə əlaqə saxlayın.

Media ilə bağlı ümumi suallar üçün, BMTİP-nin Azərbaycan ofisinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Arzu Cəfərliyə müraciət edin: arzu.jafarli@undp.org