Azərbaycanın onlayn #TekkieHeroes Hakatonu 40-dan çox ölkədən 600-dən çox müraciətçini koronavirusla mübarizə üçün texnoloji həlləri tapmaq məqsədi altında birləşdirir

13 April 2020

Hakatonun qalibləri Polşa, Azərbaycan və Braziliyadan olan komandalar oldu

Bakı, 13 April 2020-ci il - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC-nin birgə təşkilatçılığı ilə bu həftəsonu Azərbaycanın ilk Qlobal Virtual Hakatonu keçirilib. Hakaton 40-dan çox ölkədən 600-dən iştirakçını cəlb edərək koronavirusla mübarizədə insanlara kömək edəcək ideya və həlləri bir araya gətirib.

Hakatonun qalibləri Polşa, Azərbaycan və Braziliyadan olan komandalar oldu.

İştirakçılar 25 komanda şəklində qruplaşaraq aşağıda göstərilən həllər üzərində çalışıblar:

Komanda #1 “DF19” (Braziliya) Braziliya Federal Dairəsində koronavirusa yoluxma hallarını göstərən və insanları potensial risk zonalarından uzaq tutmaq üçün istifadə olunacaq interaktiv xəritə tərtib ediblər.

Komanda #2 “CoughFree” (Norveç) dərin neyron şəbəkələrinin istifadəsi ilə öskürəyin aşkarlanması vasitəsi üzərində çalışıblar.

Komanda #3 “Zebrafish” (Braziliya) zebra balığının istifadəsi ilə koronavirus antigenlərinin sürətli testi üçün avadanlıq hazırlayıblar.

Komanda #4 (Pakistan) immunoturizm - pandemiya sonrası turizm sənayesi üçün yeni konsepsiya hazırlamağa yönəliblər.

Komanda #5 Healthcare” (Ukrayna) səhiyyə institutlarını ictimaiyyətlə əlaqələndirəcək rəqəmsal platforma qurmağa yönəliblər.

Komanda #6 Javid-19” (Azərbaycan) kiçik və orta ölçülü bizneslərə dəstək olmaq məqsədilə vauçer yolu ilə izolyasiyada olan insanlara mal və xidmətləri önödəmə və endirimlə alış-veriş imkanının yaradılması layihəsi hazırlayıblar.

Komanda #7 Robot Nurse” (Türkiyə) tibb bacılarına dərmanların paylanmasında və qan təzyiqini, hərarəti, eləcə də oksigen səviyyələrini ölçmək kimi rutin işlərdə kömək edəcək mobil robot üzərində çalışıblar.

Komanda #8 Kids Mask” (Birləşmiş Krallıq) uşaqlar üçün, təkrar istifadə oluna biləcək və 3D printerdə çap oluna biləcək N95 maskaları hazırlamaq üçün işə başlayıblar.

Komanda #9 “Khalmax Robotics” (Hindistan) ultrabənövşəyi şüaların ofis və evlərin dezinfeksiyası üçün lampa formasında istifadəsinin testi ideyasına yönəliblər.

Komanda #10 “X-RAY” (Yunanıstan) koronavirusu, sinə X-şüaları skanı vasitəsilə müəyyən edən tətbiq hazırlayıblar.

Komanda #11 “Crisis Heroes” (Polşa) pandemiya zamanı insanları və təşkilatları bir-birinə kömək etməsi üçün əlaqələndirən virtual platforma hazırlayıblar.

Komanda #12 “Nanomed” (Türkiyə) koronavirusun diaqnozu və müalicəsi üçün istifadə oluna biləcək mobil biosensor hazırlamaq üçün çalışıblar.

Komanda #13 Waternizer” (Ukrayna) suyu sürətlə dezinfeksiya vasitəsinə çevirəcək və cibə yerləşəcək qurğular hazırlamağa yönəliblər.

Komanda #14 “DataCovid” (Braziliya) ictimai səhiyyə xidmətlərininin müəyyən xidmətləri üzrə cari vəziyyəti barədə insanları xəbərdar etmək məqsədi daşıyan qurğu hazırlayıblar.

Komanda #15 “HelpAround” (Azərbaycan) diaqnostika texnologiyalarını sürətləndirməyə yardım edəcək proqram üzərində çalışıblar.

Komanda #16 “DonorUA” (Ukrayna) qan donorlarına evlərindən yerli qan banklarına pulsuz taksi sifariş etmək imkanı verən texnoloji xidmət hazırlayıb.

Komanda #17 “Covid-Bot” (Niderland) istifadəçilərin COVID-19 ilə bağlı suallarına etibarlı və sadə cavablar təmin etmək üçün çatbot üzərində çalışıb.

Komanda #18 “VoiceMed” (Estoniya) sadəcə telefon mikrofonundan istifadə edərək şəxsin səs və öskürək nümunələrini qeyd etməsilə, onların yoluxma ehtimalını yoxlamağa imkan verən, istifadəsi asan, süni intellekt əsaslı koronavirus aşkarlama-təsbit etmə vasitəsi üzərində işləyib.

Komanda #19 “Octopi” (Azərbaycan) sənayedə çalışan insanların evdə qalarkən yeni bacarıqlar qazanmalarına yardım edəcək yolları araşdırmağa yönəlib.

Komanda #20 CardioAI” (Ukrayna) insanlara öz evlərində təhlükəsiz, sərfəli və yüksək keyfiyyətli təhlili təqdim edən, beləliklə, səhiyyə xidmətlərininin işini yüngülləşdirən uzaqdan idarə edilən elektrokardioqramma monitorinqi ideyası üzərində çalışıb.

Komanda #21 “E-traveling” (İsrail) insanlara evində oturaraq səyahət təcrübəsi yaşamağın yeni yolunu təklif edəcək.

Komanda #22  “Fight Pandemic” (Braziliya) coğrafi koordinatlar əsaslı təhlil vasitəsilə, təhlükə zamanı ictimaiyyəti xəbərdar etmək və məlumatlandırmaq, həmçinin anonim cavabları toplamaq üçün yeni yollar araşdırıb.

Komanda #23 CoronaCheck” (Türkiyə) Rentgen və kompüter tomoqrafiyası məlumatlarına əsaslanan COVID-19 diaqnozunu sürətləndirmək üçün süni intellekt modelini hazırlamağa yönəlib.

Komanda #24 “E-museums” (Şimali Makedoniya) pandemiya zamanı insanların muzeylərə onlayn baş çəkməsi üçün platforma hazırlayacaq.

Komanda #25 “MusicCovid” (Nigeriya) pandemiya zamanı insanları ruhlandırmaq və həvəsləndirmək üçün əyləncəli və maarifləndirici onlayn musiqi proqramı qurmaq üçün çalışır.

Beynəlxalq və milli innovasiya mütəxəssislərindən və terapevtlərdən ibarət münsiflər heyəti üçün qalibləri seçmək asan olmadı.

Çoxsaylı müzakirələrdən sonra hakatonun ilk 3 yer üzrə mükafatı aşağıdakı komandalara təqdim edildi.

Birinci yer (5000 ABŞ dolları) Polşadan olan “Crisis Heroes” (“Böhran Qəhrəmanları”) komandasıdır. Onlar pandemiya zamanı insanları və təşkilatları bir-birinə kömək etməsi üçün əlaqələndirən virtual platforma hazırladılar.

İkinci yer (3000 ABŞ dolları) Azərbaycandan olan “Javid-19” komandasıdır. Onlar kiçik və orta ölçülü bizneslərə dəstək olmaq məqsədilə vauçer yolu ilə izolyasiyada olan insanlara mal və xidmətləri önödəmə və endirimlə alış-veriş imkanının yaradılması layihəsini hazırlayıblar.

Üçüncü yer (2000 ABŞ dolları) Braziliyadan “Zebrafish” komandasıdır. Onlar zebra balığının istifadəsi ilə koronavirus antigenlərinin sürətli testi üçün avadanlıq hazırlayıblar.

Önümüzdəki həftə ərzində qalib gələn üç komanda, ideya və həllərini həyata keçirmək üçün mentorlarla birlikdə çalışacaqlar.

Hakatona PAŞA Bank, Socar AQS, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABAD, Azərbaycan Turizm Bürosu, Dövlət Turizm Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, AzCloud, AzInTelecom və Məlumat Hesablama Mərkəzi daxil olmaqla çox sayda milli tərəfdaş və sponsorlar qoşulub.

Beynəlxalq tərəfdaşlar arasında Amazon Veb Xidmətləri, Avropa Startup Şəbəkəsi, Startup Grind, Hackquarters, Tekwill, Astana Hub, Fongogo, Silikon Vadisi Cibinizdə (Silicon Valley In Your Pocket), Start-Ist, MeOut təşkilatı, Startup Weekend kimi təşkilat və şirkətlər yer alır.