Həvəskar gənc və aparıcı innovatorları bir araya gətirmək üçün Şamaxıda “İdeyadan Biznesə” adlı İnnovasiya Düşərgəsi təşkil olunub

1 September 2019

Şəkil: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Şamaxı, 1 sentyabr 2019-cu il – BMT-nin İnkişaf Proqramı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən birgə təşkil olunan, innovasiyalar və startaplar vasitəsilə sosial, ekoloji və iqtisadi problemlərin həllində biznes düşüncəli gənclər və innovatorların öz qüvvələrini birləşdirmələri üçün yeni imkanlar yaradan ikinci İnnovasiya Düşərgəsi (İnnoCamp) bu gün başa çatdı.

İnnovasiya Düşərgəsi (İnnoCamp) ölkədə startap mədəniyyətinin inkişafına dəstək göstərmək və Azərbaycanın kənd icmalarında gənclərə biznes düşüncələrini genişləndirmələrində və startapları uğurlu bizneslərə çevirərək öz ideyalarını reallaşdırmaqda kömək etmək məqsədini daşıyan İdeyadan Biznesə (I2B) adlı müştərək layihənin bir hissəsidir. I2B layihəsinin 2018-ci ilin aprelində başlayan ilk mərhələsində və Azərbaycanın ilk İnnovasiya Düşərgəsi çərçivəsində gənc həvəskar sahibkarlara ideyalarını investorlara çatdıraraq gəlir baxımından perspektivli təkliflər və prototiplər hazırlamaqda və sosial təsirə malik ola biləcək startaplar qurmaqda dəstək göstərmək üçün ölkə boyu startap turları təşkil olunub. 

İnnovasiya ekspertlərın iştirakı ilə İnnovasiya Düşərgəsində təşkil olunan dəyirmi masa müzakirələrində çıxış edərkən BMTİP-nin Rezident Nümayəndəsi cənab Alessandro Frakassetti deyib: “İnnovasiya, gənclik, biznes və texnologiya bizim tək bu ölkədə deyil, bütün dünyada apardığımız inkişaf fəaliyyətimiz üçün önəmlidir. Gənclər yetərincə yaradıcı düşüncəyə malikdirlər və əgər dinamik iqtisadiyyata aparan mühitdə, güclü innovasiya ekosistemində və startapların kiçik və orta bizneslərə çevrilə biləcəyi və böyüyəcəyi bir biznes səhnəsində öyrənə və fəaliyyət göstərə bilsələr, startapları idarəetmədə böyük potensialları var.”

İnnovasiya Düşərgəsi (InnoCamp) Azərbaycanda Hökumətin biznes imkanları və innovasiyadan yararlandığı mühüm bir vaxta təsadüf edir. Azərbaycan, Dünya Bankının 2018-ci il üçün Bizneslə məşğul olma rahatlığı hesabatına əsasən, dünyada 10 ən çox islahat aparan ölkədən biri olmaqla 190 ölkə arasında yatırım üçün əlverişli ölkə kimi 25-ci yerdədir. 200 startapa ev sahibliyi edən bir ölkə olaraq Azərbaycan son vaxtlarda özünün startap ekosisteminə və startaplara milli dəstək sistemini genişləndirmək və möhkəmləndirmək üçün həyata keçirilən mütərəqqi tədbirlərin sayına görə MDB ölkələri arasında üçüncü yeri tutur.

Cari trendlərə qoşularaq bu ilki İnnovasiya Düşərgəsində (İnnoCamp) bu sahədə ölkənin misilsiz potensialından istifadə edərək Azərbaycanda startap və innovasiyalar ekosistemini təkmilləşdirmək üçün siyasi qərarların verildiyi və ən aşağı səviyyələrdə daha geniş tərəfdaşlığa ehtiyac duyulduğu vurğulanıb.

İnnovasiyanı və Azərbaycandakı startap ekosistemini dəstəkləmək üçün davam edən proqressiv inkişafın önəmini vurğulayan Şamaxı İcra Hakimiyyətinin başçısı cənab Tahir Məmmədov bildirdi ki, “bütün maraqlı tərəflər Bakıda mərkəzləşmiş innovasiya proseslərindən ucqar bölgələrdə yaşayanların da yararlanması üçün bir araya gəlməli və əllərində olan imkalarla bunu təmin etməlidirlər.”

İnnovasiya Düşərgəsinin (InnoCamp) ilk iki günündə Azərbaycanın müxtəlif regionlarını təmsil edən 54 I2B iştirakçısı və 18 komanda üçün uğurlu biznes qurmaq üçün lazım olan digər bacarıqlarla yanaşı texniki bacarıqlar, təşkilat və layihə idarəetməsi, biznesin inkişafı, marketinq və kommunikasiya bacarıqları, operativlik alətləri, maliyyə savadlılığı və planlaşdırma üzrə praktiki təlimlər təşkil olunub. Təlim proqramı komandaların bu ilin payızında Bakıda keçirilməsi planlaşdırılan və seçilmiş 10 komandanın qatılacağı I2B Milli Final mərhələsində iştirak etmək üçün hazırladıqları çıxışları ilə bu gün də davam etdi.

I2B iştirakçıları üçün təlim proqramından əlavə, İnnoCamp İnnovasiya Düşərgəsi ərzində dəyirmi masa müzakirələri də keçirildi, ki burada ölkədə aparıcı innovatorları, texnologiya parkları, inkubasiya və startap akselerasiya mərkəzləri Azərbaycanda startap ekosisteminin geniş imkanlarını və çətinliklərini müzakirə etdilər.

İnnovasiya Düşərgəsi (İnnoCamp) BMTİP və Hökümət tərəfindən təşkil olunan və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən maliyyələşdirilən, Azərbaycanın İKT infrastrukturunun və İKT xidmətlərinin dayanıqlılığını və səmərəliliyini artırmaq məqsədini daşıyan müştərək layihə çərçivəsində təşkil olunub.

İnnovasiya Düşərgəsi və ölkə üzrə təşkil olunan I2B turları Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, ölkənin aparıcı mobil operatoru olan Azercell və Microsoft Korporasiyası kimi bir sıra əsas tərəfdaşların və maraqlı tərəflərin maddi dəstəyi ilə həyata keçirilmişdir.

“InnoCamp” İnnovasiya Düşərgəsi çərçivəsində BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsi  Alessandro Frakassetti Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Məmmədov ilə innovativ təcrübələrin kənd təsərrüfatı və ətraf mühit sahələrində tətbiqinin böyük potensialını müzakirə etmək üçün görüşüb. İkitərəfli müzakirələr zamanı Şamaxıdakı məktəblilər üçün ən yeni robot laboratoriyalarının və Roboparkların yaradılmasından və Şamaxı üçün Ağıllı Şəhərlər (Smart City) konseptinin inkişafından bəhs edilib.

****

Məlumat üçün, BMTİP-nin Azərbaycan ofisinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Arzu Cəfərli (arzu.jafarli@undp.org).