BMT-nin İnkişaf Proqramı və TƏBİB ön sırada çalışan səhiyyə işçilərini tibbi avadanlıqlarla təmin edib

19 May 2020

Bakı, 19 may 2020-ci il –  BMT-nin İnkişaf Proqramı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın tibb işçiləri və pasiyentləri üçün tibbi ləvazimatların satınalınması həyata keçirilib.

İçində 50.000 tibbi eynək və 1000 kontaktsız infraqırmızı termometrin də olduğu tibbi avadanlıq dəsti BMTİP-in beynəlxalq təchizat zənciri vasitəsilə Bakıya gətirilib.

Sözügedən ləvazimatlar hazırda birgə icra edilən, “Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəstək layihəsi” çərçivəsində satınalınıb. Avadanlıqlar bu həftə ərzində tibb müəssisələrinə çatdırılacaq.

“Son aylar ərzində BMT-nin İnkişaf Proqramı BMT ailəsi ilə birgə, pandemiyanın yaratdığı çətinlikləri çevik şəkildə aradan qaldırmaq məqsədilə Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq edir. Buraya rəqəmsal səhiyyə xidmətlərinə dair texniki məlumat dəstəyi, ictimai məlumatlandırma, onlayn təhsil sisteminin fəaliyyətini davam etdirməsi və əhalinin ən həssas qruplarının sosial rifahının yaxşılaşdırılması istiqamətləri daxildir”, BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti bildirib.

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-in Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org

Rəvanə Əliyeva, TƏBİB-in Mətbuat xidmətinin rəhbəri – raliyeva@tabib.gov.az

BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin qurulmasında cəmiyyətin bütün səviyyələrində insanlara birgə çalışan təşkilatdır və o, hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təmin edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, biz insan həyatını yaxşılaşdırmaq və güclü dövlətlər qurmaq üçün qlobal perspektivli və yerli miqyaslı təhlil təqdim edirik.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur.