COVİD-19: Səhiyyə Nazirliyi və BMT-nin İnkişaf Proqramı tibb işçiləri üçün Distant Təlim kurslarının onlayn platformasını istifadəyə verib

30 July 2020

Bakı, 23 iyul 2020-ci il - COVID-19 pandemiyası zamanı infeksiyanın daha geniş yayılmasının qarşısını almaq məqsədilə bütün sahələrdə rəqəmsal texnologiyaların tətbiqi geniş vüsət almaqdadır. Hazırda səhiyyə sisteminin pandemiya ilə mübarizənin önündə olduğu üçün pasiyentlər və tibb işçilərinin sağlamlığının mühafizəsini təmin etmək onun ilk dərəcəli vəzifələrindən biridir. Belə ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən ATU və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə əməkdaşlığı və BMT-nin İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə distant təhsil imkanlarını yaradıb, genişləndirilmək üçün www.ecourses.az distant təlim kursları platforması yaradılaraq, istifadəyə verilib.

Hal-hazırda bu onlayn platformada 15-dən çox təlim kursu təklif edilir və onların 10-u birbaşa COVID-19 virusunun profilaktika, müayinə və müalicəsi ilə bağlıdır. Platforma müxtəlif ixtisaslar üzrə tibb işçiləri üçün distant sertifikatlı və sertifikatsız təlim kurslarına keçid təqdim edib, tibb işçilərinin koronavirusa aid biliklərinin artırılması üçün geniş imkanlar yaradıb.

COVID-19 virusu haqqında bilik və təcrübə hər saatla genişləndiyi və dəyişdiyi səbəbindən tibb işçiləri və əhalinin davamlı məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır. Müntəzəm olaraq, həm əhalinin tibbi savadının artırılması, həm də həkimlər və orta tibb personalının peşəkar bacarıqlarının inkişaf etdirilməsi infeksiya ilə mübarizədə əhəmiyyətli rol oynayır. Onu da qeyd etmək lazımdır ki, yeni təlim onlayn-platformasına, həmçinin, nevrologiya, radiologiya, infeksion xəstəliklər, kardiologiya və digər ixtisaslar üzrə müxtəlif kursların əlavə edilməsi nəzərdə tutulur. Distant təlim kurslarına onlayn qeydiyyat www.ecourses.az portalı vasitəsilə həyata keçirilir.

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.