Qusarda qadınların sahibkarlıq imkanlarını inkişaf etdirəcək yeni qadın resurs mərkəzi açıldı

17 October 2019

Şəkil: BMTİP Azərbaycan/ Dilarə Umudova. Balçılıq təsərrüfatı olan Pərvanə Abdullayeva Bakının 190 km şimalında Qusar rayonu Köhnə Xudat kəndində yaşayır. İsveçrə hökümətinin maliyyə dəstəyi ilə özünün biznesini yaratmağa müvəffəq olub.

Qusar, 17 oktyabr 2019-cu il – Bu gün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP),  BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu (UN Women) və İsveçrə Hökuməti, qadınların sahibkarlıq, özünüməşğulluq və icma inkişafı istiqamətində səlahiyyətlərinin artırılmasını dəstəkləmək üçün Bakının 180 km şimalında yerləşən Qusarda yeni Qadın Resurs Mərkəzinin rəsmi açılış mərasimini keçirdilər.

Qusardakı mərkəz, İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) tərəfindən maliyyələşdirilən “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması[1]” layihəsi çərçivəsində kənd və rayon yerlərində qadınlar üçün yaradılan üç regional mərkəzlərdən biridir. Digər iki mərkəz isə Bakının Xəzər rayonu[2] və Sabirabadda yerləşir.

637.000 ABŞ dolları dəyərində olan bu regional təşəbbüs, 2021-ci ilə qədər davam edəcək UN Women təşkilatı və BMTİP arasındakı üç illik birgə layihənin bir hissəsidir. Azərbaycanda bu layihə BMTİP tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilir.

Layihənin ümumi məqsədi qadınların, xüsusən də iqtisadi və sosial cəhətdən daha əlverişsiz şəraitdə yaşayan qadınların öz icmalarında və cəmiyyətin iqtisadi və sosial həyatında daha fəal iştirak etməsi üçün lazım olan hər cür dəstəklə təmin edilməsidir.

Birgə səylər xüsusi olaraq kənd və rayon qadınlarının sahibkarlıq bacarıqlarının və iş potensialının gücləndirilməsi, işgüzar əlaqələr və şəbəkələrin vasitəsilə qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılmasına yönəlib.

Qadın Resurs Mərkəzlərinin fəaliyyət göstərdiyi hər üç bölgədə, özəl sektorun gender bərabərliyi məsələlərinə qarşı həssaslığının artırılmasına diqqət yetirilir. Qadınların ehtiyacları, narahatlıqları və maraqlarını nəzərə almaq üçün hər bir şirkətin biznes strategiyalarına genderə həssas aspektlərin inteqrasiyasının vacibliyi aşılanır.

BMTİP, UN Women təşkilatı və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, BMT-nin Qlobal Sazişi çərçivəsində Qadınların Səlahiyyətlərinin Artırılması Prinsiplərini (WEP)[3] təşviq etmək üçün Azərbaycan hökuməti və ölkənin biznes qurumları ilə sıx əməkdaşlıq edir. Qadınların hüquq və imkanlarının genişləndirilməsində innovasiya və ağıllı texnologiyaların vacib rolunu qəbul edərək Qusar, Xəzər və Sabirabadda həyata keçirilən layihə, rəqəmsal texnologiyalar vasitəsi ilə qadınların əmək bazarlarına çıxışını artırmaq üçün yeni həllər təqdim edir.

PwC şirkəti ilə olan razılaşmaya əsasən, qadınların yaratdığı biznes startapların istehsal etdikləri mal və xidmətlərin reklamı, təşviqi və satışını daha səmərəli şəkildə həyata keçirmək məqsədi ilə qadınlar üçün xüsusi e-ticarət və e-marketinq imkanları təklif edəcək yeni bir veb platforma qurulacaqdır. Rayonlarda yaşayan sahibkar qadınlara qazancını artırmaqda kömək etməklə yanaşı, PwC şirkəti həmçinin birbaşa Qadın Resurs Mərkəzləri ilə işləyəcək. Bu mərkəzlərin institusional potensialının artırılması və onların təşkilati idarəetmə və əməliyyat sistemlərinin qurulması və təkmilləşdirilməsində onlara köməklik göstərəcək.

Bu layihədə daha bir özəl sektor tərəfdaşı olan, boya və sənaye örtüklərinin aparıcı istehsalçılarından biri Sobsan şirkəti ilə birgə, BMTİP, UN Women təşkilatı və tərəfdaşları Qusar, Xəzər və Sabirabadda qadınlara rəngsazlıq və təmir xidmətlərində peşəkar ustad dərsləri təklif edirlər. Yaxın zamanlarda kişilərin üstünlük təşkil etdiyi sahələrdə gender stereotiplərini aradan qaldırmaq və qadınlara yeni karyera yolları qurmaq üçün rəngsazlıq və ev təmiri xidmətləri göstərən qadınları bir araya gətirmək üçün yeni Qadınlar Birliyi fəaliyyətə başlayacaq.

Bu günə qədər Qusar, Xəzər və Sabirabadda 530-a yaxın qadın regional Qadın Resurs Mərkəzləri şəbəkəsinə qoşulub. Bacarıqlarırn artırılması təlimləri çərçivəsində 310 qadın kompüter elmləri kursları, maliyyə savadlılığı və ailə büdcəsinin inkişafı üzrə ixtisaslaşdırılmış təlim kurslarından faydalanıb.

Rayon və kənd şəraitində yaşayan qadınların iş bacarıqlarını inkişaf etdirmək üçün, tərcümeyi-halın tərtib edilməsi, effektiv iş axtarışı, təqdimat bacarıqları, təşkilati idarəetmə, o cümlədən qeyri-kommersiya təşkilatlarının qurulması və idarə edilməsi, maliyyə vəsaitlərinin toplanması və biznesin inkişafı kimi fundamental bacarıqları aşılayan təlim proqramları mütəmadi olaraq təşkil olunur.  

Qusar, Xəzər və Sabirabaddakı Qadın Resurs Mərkəzləri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və bu rayonların yerli icra hakimiyyətlərinin əsaslı və davamlı dəstəyi ilə fəaliyyət göstərir.

Ümumilikdə, Azərbaycanda qadınlar üçün biznes yaratmaq, şəbəkə qurmaq, fikir mübadiləsi aparmaq, işgüzar tərəfdaşlıqlar qurmaq, kapital cəlb etmək, etibar qazanmaq, peşəkar şəkildə böyümək və qadınların fərdi potensialını inkişaf etdirmək üçün yaradılan Qadın Resurs Mərkəzləri hazırda ölkənin 9 bölgəsində fəaliyyət göstərir.[4]

***

Məlumat üçün, BMTİP-nin Azərbaycan ofisinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Arzu Cəfərliyə müraciət edin: arzu.jafarli@undp.org


[1] https://www.az.undp.org/content/azerbaijan/en/home/projects/women_s-economic-empowerment-in-south-caucasus--un-women-.html

[2] https://www.az.undp.org/content/azerbaijan/en/home/presscenter/pressreleases/2018/UNDP-AZE-KHAZAR.html

[3] https://www.empowerwomen.org/en/weps/about

[4] https://www.az.undp.org/content/azerbaijan/en/home/library/UNDP-AZE-WRC-brochure.html