Azərbaycan Turizm və Menecment Universiteti Ümumdünya Turizm Təşkilatının nüfuzlu TedQual sertifikatını əldə edib

13 March 2020

Foto: ATMU

Bakı, 13  Mart 2020 – Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) ali təhsilin bakalavriat və magistratura səviyyələrində həyata keçirdiyi “turizm və otelçilik” ixtisası üzrə təhsil proqramları Ümumdünya Turizm Təşkilatının (ÜTT) nüfuzlu “UNWTO.TedQual” keyfiyyət sertifikatına layiq görülüb. Cənubi Qafqaz regionu ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ATMU-nun “UNWTO.TedQual” sertifikasiyası prosesindən uğurla keçməsi Azərbaycanda turizm sahəsində ali təhsilin qlobal rəqabətliliyinin artırılması istiqamətində mühüm nailiyyətdir.

Sözügedən nailiyyət Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin potensialının artırılması” adlı layihə çərçivəsində əldə edilib. 2018-ci ilin dekabrından icra edilən layihənin məqsədi müvafiq ixtisas üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Layihənin hədəfi isə təhsil müəssisəsinin institusional potensialının gücləndirilməsi yolu ilə Azərbaycan Respublikası hökumətinin turizm sahəsində qarşıya qoyduğu yüksək ixtisaslı kadr hazırlığı işinə daha səmərəli töhfə verməkdir.

1998-ci ildə təsis olunmuş  “UNWTO.TedQual” Sertifikasiya Sistemi turizm sahəsində təhsil, təlim və tədqiqatların ən qabaqcıl keyfiyyət standartı hesab olunur və ÜTT Akademiyası tərəfindən nizamlanır. Bu keyfiyyət sistemi ali təhsilin turizm ixtisası üzrə proqramlarının pedaqoji məzmunun və təşkilinin səmərəliliyini qiymətləndirir. Keyfiyyət sisteminin əsas tələblərindən biri də turizm sənayesinin, vətəndaş cəmiyyətinin və tələbələrin ehtiyaclarının proqramın təşkilində nəzərə alınmasıdır.

“UNWTO.TedQual” Ali Təhsil Müəssisələri Şəbəkəsinə qoşularaq ATMU, akademik heyət üzvlərinin və tələbələrin mübadilə proqramlarında iştirak etmək hüququ əldə etməklə bərabər, həmçinin bilik və təcrübə mübadiləsi fürsətlərindən bəhrələnmək imkanı da qazanıb. ABŞ-ın Corc Vaşinqton Universiteti, Kanadanın Kvebek (Monreal) Universiteti, Türkiyənin Boğaziçi və Akdeniz Universitetləri, Çinin Sun Yat-sen Universiti və Honq Konq Politexnik Universiteti kimi tanınmış ali təhsil müəssisələri bu mötəbər şəbəkənin üzvləridir.

Xatırladaq ki, ötən il layihə çərçivəsində ATMU-nun turizm və qonaqpərvərlik sahəsində mütəxəssislərin hazırlanması fəaliyyəti ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi uyğunluq sertifikatını əldə edib.

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-in Azərbaycan ofisinin kommunikasiya mütəxəssisi – dilara.umudova@undp.org

BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin qurulmasında cəmiyyətin bütün səviyyələrində insanlara birgə çalışan təşkilatdır və o, hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təmin edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, biz insan həyatını yaxşılaşdırmaq və güclü dövlətlər qurmaq üçün qlobal perspektivli və yerli miqyaslı təhlil təqdim edirik.