Səhiyyə Nazirliyi və BMTİP Azərbaycanda Koronavirus Pandemiyası dövründə vərəm əleyhinə dərmanların satınalınması işini davam etdirir

14 August 2020

Foto: BMTİP Azərbaycan

Bakı, 14 avqust 2020-ci il –  Səhiyyə Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) koronavirus pandemiyası dövründə Azərbaycanın tibbi təchizat sisteminin daha da gücləndirilməsi istiqamətində birgə əməkdaşlığını davam etdirir.

BMT-nin İnkişaf Proqramının beynəlxalq təchizat zənciri vasitəsilə, vərəmə yoluxmuş şəxslərin müalicəsi üçün yeni dərman vasitələri satın alınıb və ölkənin İnnovasiya və Təchizat Mərkəzinə təhvil verilib. Budəfəki çatdırılmada dərmana həssas və dərmana davamlı vərəm pasiyentlərinin müalicəsi üçün 5130 qutu dərman preparatı BMTİP vasitəsilə ölkəyə gətirilib.

Sözügedən dərmanlar, “Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” layihəsi çərçivəsində satın alınıb. Layihənin məqsədi ölkədə həyati əhəmiyyətli dərman vasitələrinin satınalınması prosesinin inkişafına yardım etməkdir. Layihə QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi nəticəsində ərsəyə gəlib.

Bugünə qədər layihə, Azərbaycanda 7300-ə yaxın vərəm xəstəliyi olan şəxslərin müalicəsi üçün dərmanların satınalınmasına dəstək olub.

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.