BMTİP, Azərbaycan Höküməti internet sahəsində siyasətin formalaşdırılması prosesinə gənc fəalları cəlb edir

3 June 2019

Şəkil: BMTİP Azərbaycan. Gürcüstan, Hollandiya, Ukrayna, Albaniya, Yunanıstan, Moldova, Serbiya, Türkiyə, həmçinin Azərbaycanın müxtəlif rayonlarından Bakıya toplaşan gənc fəallar Azərbaycanda ilk dəfə keçirilən Gənclərin İnternet İdarəçiliyi Forumunda simulyasiya oyunllarının debat müzakirələrinə hazırlaşarkən. Bakı, Azərbaycan. 3 iyun 2019-cu il.

Azərbaycanda ilk dəfə Gənclərin İnternet İdarəçiliyi Forumu keçirilib

Bakı, 3 iyun 2019-cu il – Bu gün Azərbaycan tarixində ilk dəfə keçirilən və 3 gün davam edən Gənclərin İnternet İdarəçiliyi Forumu öz işini başa çatdırıb. BMT-nin İnkişaf Proqramı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Gənclər Fondunun birgə təşkilat etdiyi bu forum gənclər təşkilatları, ali təhsil ocaqları, qeyri-hökumət təşkilatları, dövlət və özəl sektor və digər qurumları təmsil edən 250-yə yaxın gənc fəalı bu gün Bakıda toplayaraq gənclərin internet idarəçiliyi sahəsində siyasi debatlarda fəal iştirakına dəstək verilməsinə yönəlib.

Forumun təşkilində əsas məqsəd gəncləri bir araya toplayaraq rəqəmsal texnologiyalar və internet sahəsində inkişaf tendensiyalarının müzakirə və şərh edilməsi, internet idarəçiliyinə dair siyasətin formalaşması prosesində gənclərin yaxından iştirak etməsinə şəraitin yaradılması olub.

Forumun ilk iki günü iştirakçıların internet idarəçiliyi, təhlükəsizlik, internet resurslarının sosial və iqtisadi inkişaf məqsədləri üçün daha geniş tətbiq olunması və digər sahələrdə nəzəri və praktiki bilik və bacarıqlarının gücləndirilməsinə yönəlib. İki gün ərzində davam edən məşğələlər internet idarəçiliyinin təməl prinsipləri, gənclərin fikirlərinin formalaşmasında sosial medianın rolu və gənclər üçün internetin yaratdığı biznes imkanları sahəsində də seminarları əhatə edib.

Bu mərhələdə foruma dünyanın müxtəlif ölkələrindən- Gürcüstan, Hollandiya, Ukrayna, Albaniya, Yunanıstan, Moldova, Serbiya, Türkiyə, həmçinin Azərbaycanın müxtəlif bölgələrindən əsasən 17-29 yaş arası 24 gənc qatılıb. Daha sonra, forumun üçüncü və yekun günündə isə gənclərin mühüm siyasətin formalaşdırılması və qərar qəbuletmə proseslərində iştirakını dəstəkləyən İnternet idarəçiliyinin gələcəyi mövzusu ətrafında qurulmuş simulyasiya oyunu təşkil olundu və qızğın debat şəraitində keçirilərək maraqlı fikir mübadiləsi ilə yekunlaşdı. Simulyasiya zamanı gənc iştirakçılar hökumət rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri, innovatorlar, özəl sektor və digər qurumların perspektivindən məsələyə yanaşaraq öz siyasi arqumentlərini müdafiə etməyə çalışdılar.

BMT-nin hesablamalarına görə, 18-25 yaş arası gənclərin əksəriyyəti İnternetin olmadığı dünyanın nə olduğunu bilməyən ilk nəsildir ki, onlar gözlərini internetin mövcud olduğu dövrdə dünyaya açıblar! Halbuki dünya əhalisinin yarıdan bir qədər az hissəsinin internetə çıxışı hələ də yoxdur ki, onların da 90 faizini inkişaf etməkdə olan ölkələrdə yaşayan insanlar təşkil edir.

Rəqəmsal resurslara insanların çıxışını məhdudlaşdıran amillərin aradan qaldırılması həm də Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi və 17 Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasını sürətləndirmək üçün ən ön şərtlərdən biridir. Gənclər, innovasiyalar və texnologiya bir araya gəldikdə, milli inkişafın əhəmiyyətli əsasını təşkil edir və məlumatın əldə edilməsi sahəsində bərabər çıxış imkanlarını təmin edərək, həm də tərəfdaşlıq və iqtisadi fəaliyyətin gücləndirilməsinə səbəb olur.

Gənclərin İnternet İdarəçiliyi Forumunda çıxış edən BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin müavininin səlahiyyətlərini icra edən Yuliya Şerbinina gənc fəallara üzünü tutaraq bildirdi: “Bu gün biz, dünyada gənclərin sayının ən çox təsadüf etdiyi bir dövrdə yaşayırıq və siz, bu önəmli çağın əsas öncüllərindənsiniz! Siz cəmiyyətdə müsbət dəyişiklik yaratmağa qadirsiniz və biz Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi kimi mühüm bir missiyada sizə güvənirik və sizə ehtiyac duyuruq.”

Bu gün dünyada 10-24 yaş arası 1.8 milyard insan var və növbəti illərdə bu rəqəmin getdikcə artması gözlənilir. Belə ki, 2030-cu ilədək təxminən 2 milyarda yaxın insan dünyanın gənclər əhalisini təşkil edəcək. Yalnız Azərbaycanda, 14-29 yaş arasında gənclər təqribən əhalinin üçdə bir hissəsini təşkil edir. Onların yarısı kənd və rayon yerlərində yaşayır.

BMT-nin İnkişaf Proqramı Azərbaycanda Gənclərin İnternet İdarəçiliyi Forumu kimi müxtəlif platformalar vasitəsilə ölkənin ayrı-ayrı yerlərində yaşayan və müxtəlif sosial-iqtisadi təcrübəyə malik gəncləri əhatə edən layihələr həyata keçirir və heç kim kənarda qalmasın prinsipinə uyğun olaraq inkişaf layihələrindən hər kəsin bəhrələnə biləcəyi bir mühit yaratmağa çalışır.

Azərbaycanda  Gənclərin İnternet İdarəçiliyi Forumu ölkədə ilk dəfə keçirilən daha bir unikal təşəbbüs — İnnovasiya Festivalı (İnnoFest) çərçivəsində təşkil olunub. İnnofest 29 May-4 iyun tarixlərinə təsadüf edərək çoxsaylı maraqlı tədbirlər silsiləsi təqdim edib. Bir həftə davam edən festival çərçivəsində Bakıda transmilli korporasiyalar, beynəlxalq təşkilatlar, dünyanın tanınmış şəxsləri, cəmiyyətdə fikir formalaşdıran influenserləri bir araya gətirən sammit və forumlar təşkil olundu. BMT-nin İnkişaf Proqramının İdeyadan Biznesə (I2B) turları da daxil olmaqla, bir sıra maraqlı sərgilər, robot yarışları, elektron idman turnirləri, innovasiya və start-up müsabiqələri keçirildi.

***

Əlavə məlumat üçün , BMTİP-in Azərbaycan ofisinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Arzu Cəfərli ilə əlaqə saxlayın - arzu.jafarli@undp.org