BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun rəhbərinin Azərbaycana səfəri başa çatdı

15 March 2019

Şəkil: BMTİP Azərbaycan, Elmar Mustafayev. BMT-nin İnkişaf Proqramının (BMTİP) Rəhbərinin Müavini və BMTİP-in Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun Direktoru xanım Miryana Spolyariç Eqqer Azərbaycanda 6-cı Regional İnternet İdarəçiliyi Forumunun açılışında çıxış edərkən. 13 mart 2019-cu il. Bakı, Azərbaycan.

 

Gündəlikdə duran əsas məsələlər yeni iş yerlərinin açılması və qadınlar və gənclərin səlahiyyətlərinin genişləndirilməsidir

 

Bakı şəhəri, 15 mart 2019-cu il. Azərbaycana iki-günlük səfəri zamanı, BMT-nin İnkişaf Proqramının (BMTİP) Rəhbərinin Müavini və BMTİP-in Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun Direktoru xanım Miryana Spolyariç Eqqer Azərbaycanda BMTİP-nin əsas hökumət və inkişaf tərəfdaşları ilə bir sıra görüşlər keçirərək qadın və gənclərin səlahiyyətlərinin genişləndirilməsi və hər kəsin faydalana biləcəyi iqtisadiyyatın şaxələndirilməsi üzrə daha sıx əməkdaşlıq etmək üçün gələcək imkanları müzakirə etmişdir.

“Azərbaycanda əmək qabiliyyəti yaşında olan əhalinin sayı hər il təxminən 100,000 nəfər artır. BMTİP yeni iş yerlərinin, “start-up” layihələrinin və kiçik ailə bizneslərinin yaradılması, qadınların və gənclərin səlahiyyətlərinin genişləndirilməsi və hamının faydalandığı daha çox şaxələndirilmiş iqtisadiyyatın yaradılması üçün Azərbaycan hökuməti ilə olan mükəmməl tərəfdaşlığımızı genişləndirməyə qəti şəkildə hazır olduğunu bəyan edir” bu sözləri Xanım Eqqer Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevlə görüşü zamanı demişdir.

 “Mən əminən və inanıram ki, biz, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Azərbaycan hökuməti ilə tərəfdaşlığımızın genişləndirilməsini və intensivləşdirilməsini davam etdirəcəyik”  bunu xanım Eqqer yüksək vəzifəli hökumət və dövlət rəsmiləri ilə görüşlərindən sonra söyləmişdir.

Xanım Eqqer, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində keçirilən “Yeni Xarici Siyasət” mövzusunda VII Qlobal Bakı Forumunun açılışında və Dayanıqlı İnkişaf Problemləri üzrə işçi qrupun görüşündə nitq söyləmişdir. Açılış mərasimində BMT Baş katibinin müavini DİM-lərə nail olunmasını təmin etmək üçün hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti və vətəndaşlar arasında yeni tərəfdaşlıqların qurulmasının vacibliyini vurğulamışdır.

BMTİP-in Rəhbərinin Müavini və BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun Direktoru Bakının Xəzər rayonunda yeni qurulmuş Qadın Resurs Mərkəzinin açılışında iştirak etmişdir. 400-dən çox qadının Hökumət, BMTİP və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Əməkdaşlığı tərəfindən maliyyələşdirilən 637,000 ABŞ dolları dəyərində bu yeni layihəsindən faydalanacağı gözlənilir.

2011-ci ildən bəri səkkiz Qadın Resurs Mərkəzi fəaliyyətə başlayaraq 6,000-dən çox qadına müxtəlif vərdişlərin aşılanması üzrə ödənişsiz təlimlər keçirilmişdir. Bu təlim təxminən 150 qadına BMTİP, Avropa İttifaqı, ABŞ-ın İnkişaf Agentliyi, Coca-Cola Fondu və Azərbaycan hökuməti tərəfindən qrant dəstəyi ilə öz kiçik sahibkarlıq müəssisələrini qurmağa bilavasitə kömək etmişdir.

Xanım Spolyariç Eqqer, həmçinin, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri cənab Ramin Quluzadə ilə birlikdə 6-cı Regional İnternet İdarəçiliyi Forumunun açılışında iştirak etmişdir. BMTİP-nin təşəbbüsü ilə hər il Azərbaycanda keçirilən tədbirlərdən biri kimi bu forum çərçivəsində kibertəhlükəsizliyin vacibliyi ilə bağlı məlumatlılığı artırmaq üçün Hökumət və BMTİP tərəfindən Azərbaycanda ilk dəfə təşkil olunan Kibertəhlükəsizlik Həftəsi qeyd olunmuşdur.

Ötən on səkkiz il ərzində Hökumətlə birgə BMTİP-nin Azərbaycandakı Nümayəndəliyi on ildən çox sürən 50 milyon ABŞ dollarıdan artıq dəyəri olan layihələrlə regionda ən böyük e-idarəçilik proqramlarını işləyib hazırlamışdır.

BMTİP və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hazırda Azərbaycanda İKT sistemlərinin və infrastrukturunun modernləşdirilməsi və təkmilləşdirilməsi üçün birgə layihə həyata keçirirlər.

Bu birgə səylər informasiya və kommunikasiya texnologiyalarının faydalarını ölkənin ən ucqar hissələrinə doğru genişləndirməyə və telekommunikasiya operatorları, müəssisələr və informasiya texnologiyaları şirkətləri üçün informasiya təhlükəsizliyini  artırmağa yönəlmişdir.

Layihənin ilk mərhələsi ölkənin ilk Data Mərkəzinin – dövlət və özəl qurumlar üçün məlumat saxlama xidmətinin təsis edilməsi olmuşdur. BMTİP və Nazirlik, eyni zamanda, “İdeyadan Biznesə” layihəsini təşkil edərək “start-up” hərəkatının genişləndirilməsinə yönəlmiş ölkə boyu “start-up” turları keçirmişlər. Bundan əlavə, ötən il BMTİP və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məktəblərdə STEM və robot texnikası üzrə təlim laboratoriyalarının açılışına dəstək vermişlər.

Xanım Eqqer, həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – ASAN-da da olmuş və onun sədri cənab Ülvi Mehdiyevlə görüşmüşdür. Azərbaycanda vətəndaşlara xidmət üzrə universal mərkəz kimi nüfuz qazanan ASAN dövlət xidmətlərini insanlara daha yaxın etmək məqsədilə şəffaflığın və səmərəliliyin artırılması baxımından ölkənin aparıcı layihəsidir.

Xanım Eqqer, eyni zamanda, Azərbaycanın şimal-qərb zonasında kiçik ailə bizneslərinin qurulmasında insanlara kömək etmək üçün sahibkarlıq fəaliyyət üzrə təlimlər təşkil edən BMTİP proqramı ilə tanış olmuşdur. Aİ tərəfindən maliyyələşdirilməklə 1,074,000 ABŞ dolları dəyərində olan bu üç-illik proqram BMTİP tərəfindən ailə bizneslərinə dəstək üzrə milli şəbəkə olan ABAD ilə birgə həyata keçirilir. Proqram 2017-ci ildə fəaliyyətə başlamışdır və artıq regiondadakı 44 zəif ailənin, o cümlədən Azərbaycanda müharibənin təsirlərinə məruz qalan Dağlıq Qarabağ regionundan olan məcburi köçkünlərin imkanlarının genişləndirilməsinə kömək edir. Bu günədək başlanılan “start-up” layihələri arasında 23 müəssisəyə qadınlar rəhbərlik edir. Sahibkarlıq fəaliyyəti üzrə təlimləri bitirdikdən və öz müəssisələrini açdıqdan sonra proqramın benefisiarları ABAD-ın üzvü olacaqlar, bu, o deməkdir ki, onlar ABAD-ın böyük supermarketləri, hipermarketləri və rüsümdan azad mağazaları əhatə edən geniş paylama şəbəkəsində öz mallarını yerləşdirə və sata biləcəklər.

*****

Daha ətraflı məlumat üçün: 2018-ci ilin oktyabr ayından etibarən BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun Direktoru vəzifəsinə Miryana Spolyariç Eqqer BMTİP-in Mərkəzi Asiya, Qərbi MDB, Cənubi Qafqaz və Qərbi Balkan ərazisini əhatə edən 17 ölkə və bir əyalətdə fəaliyyətinə və heyətinə rəhbərlik edir.

Xanım Spolyariç Eqqer bundan əvvəl İsveçrə Federal Xarici İşlər Departamentində BMT və Beynəlxalq Təşkilatlar Şöbəsinin Rəhbəri kimi çalışdığı müddətdə İsveçrənin BMT-nin 2030-cu il Gündəliyinin icrasının dəstəklənməsinə yönələn siyasət və prioritetlərinin formalaşdırılmasında vacib rol oynamışdır.

*******

BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin qurulmasında cəmiyyətin bütün səviyyələrində insanlara birgə çalışan təşkilatdır və o, hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təmin edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, biz insan həyatını yaxşılaşdırmaq güclü dövlətləri qurmaq üçün qlobal perspektivli və yerli miqyaslı təhlili təqdim edirik.