Avropa İttifaqı, BMTİP və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi koronavirus pandemiyası zamanı Azərbaycanda tələbələr üçün onlayn təhsilə dəstək olur

3 December 2020

Bakı, 3 dekabr 2020-ci il – Bakıdakı Sənətkarlıq üzrə İnklüziv Təlim Mərkəzinin tələbələri yeni onlayn kurs sayəsində COVİD-19 pandemiyası zamanı dərslərindən geri qalmır. Kursun məqsədi məktəblərin bağlı olduğu müddətdə uşaqlara və gənclərə təhsillərini davam etdirməyə kömək etməkdir.  

Mərkəzin müəllimləri əlilliyi olan və olmayan uşaqlar və gənclər üçün müxtəlif istiqamətlər üzrə 50 onlayn dərs hazırlayıb. Bunlara taxta üzərində iş, dulusçuluq, vitraj üzrə sadə suvenirlərin hazırlanması və dekorativ həll aiddir.

Dərslər, layihənin YouTube kanalında Mərkəzin tələbələri, həmçinin yeni bacarığa yiyələnmək istəyən hər kəs üçün açıqdır.

Dərslər, Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və həyata keçirdiyi ‘Ənənəvi İncəsənət vasitəsi ilə İnklüziv Təhsilin Təşviqi’ layihəsi çərçivəsində hazırlanıb. Layihə, sağlamlıq imkanları məhdud olan uşaq və gənclərin inkişaf ehtiyaclarına cavab verən inklüziv peşə təhsili proqramlarına çıxış imkanlarını artırmağı hədəfləyir.

Layihə çərçivəsində bədii sənətkarlıq avadanlıqları və tədris materialları birbaşa Mərkəzin tələbə və müəllimlərinin evlərinə çatdırılıb.

BMTİP, bu layihəni İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə həyata keçirir. Layihə, bugünə qədər 112 tələbə üçün inklüziv təhsil imkanları təmin edə bilib.

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org 

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu