Füzuli-Horadiz, Ağcabədi və Tərtərdə İcma Resurs Mərkəzlərinin rəsmi açılış mərasimi keçirilir

22 April 2021

Foto: BMTİP Azərbaycan

Bakı, 22-23 aprel 2021: BMT-nin İnkişaf Proqramı (BMTİP) və Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərində 3 İcma Resurs Mərkəzinin rəsmi açılışını edir.

Füzuli-Horadiz, Ağcabədi və Tərtərdə yerləşən mərkəzlər ən həssas qruplara dəstək olacaq və icmaların normal həyat şəraitini bərpa etmə prosesində köməklik göstərəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, “yeni mərkəzlər müharibədən əziyyət çəkmiş ən həssas icmaların ən təcili ehtiyaclarını müəyyən etməyə kömək edəcək və zərərçəkmiş vətəndaşlara sosial-iqtisadi bərpa dəstəyi göstərəcək. Mərkəzlər tərəfindən təqdim olunan xidmətlərə vətəndaşlara yaşayış imkanları, psixo-sosial və biznes məsləhəti xidmətləri daxildir. Mərkəzlər əsas diqqəti qadınlar, ailələr və əlilliyi olan şəxslərə yönəldəcək.”

Yeni İcma Resurs Mərkəzlərinin rəsmi açılışını edən BMTİP-nin Azərbaycandakı Rezident nümayəndəsi Alessandro Frakassetti layihə dizaynının inklüziv prosesindən bəhs edib:

“Biz icmaların narahatlıqları və yaşadığı çətinlikləri dinləyərək mərkəzlər vasitəsilə ən tez zamanda təklif oluna biləcək potensial xidmətləri müəyyən etdik. Nəticə olaraq, biz bu mərkəzlər şəbəkəsinin müxtəlif regionlara şaxələnməsini və mümkün olduğu qədər daha çox insana xidmət edəcək irimiqyaslı bir proqrama çevrilməsini görmək istərdik.”

Yeni mərkəzlər BMTİP-nin Azərbaycan Hökuməti ilə münaqişədən zərər çəkmiş ərazilərdə birgə apardığı işin ən yeni nəticəsidir. Bu birgə iş Hökümətin orta və uzunmüddətli dövr üçün prioritetlərinə uyğun həyata keçirilir.

Mərkəzlər BMTİP və Dövlət Komitəsinin 2011-ci ildən bəri ölkənin 9 regionunda uğurla həyata keçirdiyi Qadın Resurs Mərkəzləri modeli üzərində qurulub. Mərkəzlərin əsas missiyası ucqar ərazilərdə yaşayan qadınların sahibkarlıq bacarıqlarını gücləndirmək və onların iş bazarında rəqabətliliyini artırmaq habelə onların üzləşdikləri sosial-iqtisadi çətinliklərin öhdəsindən gəlməsinə dəstək olmaqdır.

Bu təşəbbüs BMTİP-nin maliyyələşdirdiyi “Azərbaycanın Füzuli, Ağcabədi və Tərtər rayonlarında əhalinin həssas qruplarının erkən bərpa və icma dayanıqlığının təmin edilməsi” geniş layihənin bir hissəsidir.

Gələcək dövr ərzində bu layihə bir sıra tədbirlər vasitəsilə yerli inkişafın dəstəyinə diqqət yetirəcək. Tədbirlərə bizneslərin qurulması, peşə təlimi, “yaşıl” iş yerləri və icmaların ehtiyaclarına əsaslanan əsas yerli infrastukturu bərpa edəcək sürətli təsir layihələri daxildir.

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.