Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Britaniya Səfirliyi və BMTİP Azərbaycanda qadınların səlahiyyətləndirilməsi istiqamətində gələcək əməkdaşlıq imkanları müzakirə ediblər

25 May 2021

Bakı, 25 may 2021-ci il – Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Rezident nümayəndəsi Alessandro Frakassetti mövcud Qadın Resurs Mərkəzləri şəbəkəsinin  Bərdə, Tərtər və Ağcabədi rayonlarında da yaradılması imkanlarını müzakirə ediblər.

Hazırda Azərbaycanda faəliyyət göstərən doqquz Qadın Resurs Mərkəzi gender bərabərliyinin təmin edilməsi və qadınların sahibkarlıq bacarıqlarının inkişafına xidmət edir, onlara sosial-iqtisadi çətinliklərin öhdəsindən gəlməkdə dəstək olur.

2011-ci ildə Dövlət Komitəsi və BMTİP əməkdaşlığı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumunun Gürcüstan nümayəndəliyi, Avropa İttifaqı və “Coca-Cola” Fondunun maliyyə dəstəyi ilə yaradılan Mərkəzlər qadınların iqtisadi cəhətdən inkişafı üçün perspektivlər yaradan məkan rolunu oynayır. Bu Mərkəzlərdə qadınlar iqtisadi səlahiyyətləndirmə vasitəsilə dolanışıqlarını necə yaxşılaşdıra biləcəkləri barədə fikir mübadiləsi aparırlar.

Qeyd edək ki, Mərkəzlərdə bugünədək 6200-dən çox qadına insan hüquqları və iqtisadi hüquqlar, həmçinin biznesin inkişafı, mühasibat uçotu, maliyyə savadlılığı və kompüter elmləri üzrə ödənişsiz təlimlər keçirilib.

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.