Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Aİ və BMTİP Azərbaycanda yenidən istifadənin təşviqi məqsədilə “Özün Yarat 2021” müsabiqəsini elan edib

20 August 2021

Şəkil: BMTİP Azərbaycan

Bakı, 20 avqust 2021-ci il – Bu gün, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) “Gələcək Sənin Əlindədir” şüarı altında “Özün Yarat 2021” müsabiqəsinin başlanmasını elan ediblər. Müsabiqənin məqsədi Azərbaycanda daha çox insanı adi halda atacağı məhsulları yenidən istifadəyə təşviq etməkdir.

Növbəti bir ay ərzində Azərbaycanın hər bir vətəndaşının tullantıları faydalı məhsullara çevirərək ətraf mühiti necə qoruduğunu göstərən video və şəkilləri “Özün Yarat” platformasına yükləmək imkanı olacaq.

Ən yaxşı 3 ideyanın müəllifi 1500, 1000 və 500 manat məbləğində mükafatlandırılacaq.

Müsabiqə iştirakçılarının əl işləri ekspertlər və inkişaf üzrə mütəxəssislər tərəfindən qiymətləndiriləcək.

“Özün Yarat” müsabiqəsi Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) həyata keçirdiyi, Şərq Tərəfdaşlığı regionunun altı ölkəsində iqlim fəaliyyətinin sürətləndirilməsinə kömək məqsədi daşıyan “EU4Climate” regional təşəbbüsünün bir hissəsi olaraq başladılıb.

BMT-nin İnkişaf Proqramı və Aİ tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində hazırlanan və maliyyələşdirilən “Özun Yarat” platforması, tullantıların və ətraf mühitə digər zərərli təsirlərin azaldılmasının təsirli bir yolu olaraq yenidən istifadəni təbliğ etmək üçün ilk dəfə 2020-ci ildə istifadəyə verilib.

Qeyd edilməlidir ki, ötən il müsabiqəyə 200-dən çox müraciət olub. Müsabiqə zərərli tullantıların azaldılması və ətraf mühitin qorunması üçün yenidən istifadəni ən yaradıcı şəkildə istifadə edən insanları bir araya gətirib.

 

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.