Avropa İttifaqı, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə peşə təhsili sahəsində gələcək menecerlərin hazırlığı üzrə təlim proqramı uğurla davam edir

22 June 2021

Foto: BMTİP Azərbaycan

Bakı, 22 iyun 2021-ci il – Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi gələcək peşə təhsili menecerləri üçün təlim proqramı artıq beş həftədir ki, uğurla davam edir.

“Peşə təhsilində Liderlik və İdarəetmə” proqramı onlayn və əyani sessiyalar olmaqla həftəlik 15 saat təşkil edir. Əyani təlimlər hər həftəsonu Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilir. Burada iştirakçılar peşə təhsil müəssisəsinin cari maddi-texniki bazası və xidmətləri ilə yerində tanış olma və birbaşa öyrənmə imkanı əldə edirlər.

Ötən həftələr ərzində proqram iştirakçıları effektiv liderlik, ictimaiyyətlə əlaqələr – işəgötürənlər, valideyn və digər hədəf qrupları ilə işin qurulması, idarəetmədə çevik alət və mexanizmlərin istifadəsi, həmçinin peşə təhsilində qabaqcıl beynəlxalq təcrübələr və data əsaslı yanaşmalar barədə bilik və bacarıqlarını təkmilləşdiriblər.

Proqramı uğurla başa vuran iştirakçılar peşə təhsil müəssisələrində direktor və direktor müavini kimi yüksək rəhbər vəzifələrə işə qəbul zamanı üstünlüyə malik olacaqlar.

Peşəkar təlim proqramı Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə ortaq şəkildə həyata keçirdiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilir. Layihənin əsas məqsədi Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə və əmək bazarının mövcud ehtiyaclarına uyğun səriştə əsaslı tədrisin təşkilinə dəstək olmaqdır.

Əlaqə üçün məlumat:

Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisi – leyla.gurbanova@undp.org

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.