Avropa İttifaqının maliyyələşdirdiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi” layihəsi Azərbaycanda peşə təhsilinin müasirləşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində yeni fürsətlər yaradır

17 February 2021

                    Azərbaycan Hökuməti, Avropa İttifaqı və BMTİP gələcəyin tələblərinə

                    cavab verən peşə təhsilli kadrların hazırlığını dəstəkləyir

Bakı, 17 fevral 2021 – Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi Azərbaycanda peşə təhsilinin müasirləşdirilməsi istiqamətində 5.6 milyon avro dəyərində yeni layihənin onlayn qaydada rəsmi açılışını keçirib.

Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi bu dörd illik layihə - əmək bazarının mövcud ehtiyaclarına uyğun tədrisin təşkili məqsədilə peşə təhsili müəssisələrinin müasirləşdirilməsində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəstək olacaq.

Açılış nitqində Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev gələcək tələblərə cavab verən bacarıqların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb: “Peşə təhsili iqtisadiyyatın gələcəyi baxımından, həmçinin əmək bazarı, təhsil təminatı və iqtisadiyyat arasında olan məqsədyönlü əlaqənin qurulması baxımından böyük əhəmiyyət daşıyır. Beləki, məhz bacarıqlar və səriştələr bizim növbəti illərdə iqtisadiyyatımızın dayanıqlı və rəqabətədavamlı inkişafını təmin edən məsələlərdən olmalıdır.”

“Peşə təhsili və təlimi üzrə bizim bu yeni proqram Azərbaycanda insan kapitalı üçün edilən əsaslı sərmayədir. Həqiqətən burada vacib olan – insanların təhsili, onların yaradıcılığı, motivasiyası və rifahıdır”, Aİ-nin Azərbaycandakı səfiri Kəstutis Yankauskas qeyd edib. “Azərbaycandakı gənclərin və onların valideynlərinin ölkədə peşə təhsili və təlimini son çarə kimi deyil, onlara lazımi həyati bacarıqları, gələcəkdə yaxşı iş və layiqli həyat təmin edəcək fürsət olaraq görmələrini istəyirik. Keyfiyyətli peşə təhsili iqtisadi böyümə və rəqabətə davamlı iş mühiti üçün əsas təşviqedici amillərdən biridir.”

Layihə innovasiya və rəqəmsallaşdırmanın tətbiqi, dayanıqlı və gələcək bacarıq üzrə konsepsiyaların inteqrasiyası; layihə üzrə seçilmiş yeddi peşə təhsili müəssisəsi üçün avadanlıq və infrastrukturun müasirləşdirilməsi, eləcə də peşə təhsili müəssisələrinin şəbəkələşdirilməsi və potensialının artırılması sahələrində fəaliyyət göstərəcək.

“Bu yeni layihə ilə ölkə daxilində 3.000-ə qədər şəxs peşə təhsil müəssisələrinin müasirləşdirilməsindən birbaşa faydalanacaq,” BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsi Alessandro Frakassetti tədbirdə deyib. “Keyfiyyətli təhsilin təmin edilməsi gələcəyin işlərinə Azərbaycanın bacarıqlı gənclərini hazırlayacaq, eləcə də hər kəs üçün keyfiyyətli təhsil imkanlarını təbliğ edərək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verəcək.”

Layihə, Avropa İttifaqının “Məşğulluq üçün Təhsil” Proqramı çərçivəsində tam maliyyələşdirilir və 2024-cü ildə başa çatacaq. 

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org

Gülnarə Bayramova, Avropa Ittifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.