Avropa İttifaqı, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə icra edilən “açıq qapı” günləri Şəki şəhərində yerləşən peşə təhsil mərkəzinin tədbiri ilə yekunlaşır

9 June 2021

Image: UNDP Azerbaijan

Bakı, 09 iyun 2021-ci il – Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “açıq qapı” günləri Şəki şəhərində yerləşən bir sıra peşə təhsil müəssisələri ilə başa çatır.

“Açıq qapı” günlərinin məqsədi peşə təhsil mərkəzləri haqqında məlumatlılığı artırmaq, həmçinin peşə təhsilinin gənclər üçün uğurlu təhsil seçimlərindən birinə çevrilməsi istiqamətində dəstək olmaqdır.

Sayca beşinci olan tədbir Şəki Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə təşkil olunub. Onlayn qaydada keçirilən tədbirdə Şəki şəhərindən 100 nəfərədək yuxarı sinif şagirdləri, valideyn və müəllim kollektivi, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Şəki Şəhər Təhsil İdarəsinin rəsmi nümayəndələri iştirak edib.

İştirakçılar peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində hazırda gedən fəaliyyətlər haqqında öyrənmə imkanı əldə ediblər, eləcə də peşə təhsil mərkəzinə qəbul prosedurları və müvafiq peşə təhsil mərkəzlərində mövcud imkan və xidmətlər barədə ətraflı məlumat alıblar. Tədbirdə həmçinin, cari çətinliklər, regionlarda peşə təhsili üzrə karyera imkanları və perspektivləri barədə müzakirələr aparılıb.

Qeyd edilən tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədi Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə və əmək bazarının mövcud ehtiyaclarına uyğun tədrisin təşkilinə yardım etməkdir.

Layihə, “açıq qapı” günləri çərçivəsində Gəncə, Cəlilabad və Şəkidə yerləşən bir sıra peşə təhsil müəssisələri üçün beş tədbirin təşkilinə dəstək göstərib.

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.