BMTİP-in Rezident Nümayəndəsi cənab Alessandro Frakassettinin Siyəzəndəki neft yataqlarında kompressor stansiyalarının açılış mərasimində nitqi

23 September 2019

Şəkil: BMTİP Azərbaycan/ Eltac Niftəliyev

Çıxış üçün hazırlanmış

Siyəzən, 23 sentyabr 2019-cu il

Ekologiya və təbii sərvətlər naziri, hörmətli cənab Muxtar Babayev!

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti, hörmətli cənab Rövnəq Abdullayev!

SOCAR-ın Ekologiya üzrə Vitse-Prezidenti, hörmətli Rəfiqə xanım Hüseynzadə!

Əziz qonaqlar və nümayəndələr!

Hörmətli xanımlar və cənablar!

Bu gün Siyəzəndə səmt qazının yığımı üzrə bu müasir və yeni stansiyanın açılışında sizə qoşulmaqdan məmnunluq və qürur hissi duyuram. Bu, bizim iqlim dəyişiklikləri ilə mübarizə, istixana qazlarının emissiyasının azaldılması və Siyəzən ətrafındakı və yaxınlığındakı icmalarda əhalinin həyatının əsaslı şəkildə dəyişdirilməsinə yönələn 4 illik birgə fəaliyyətimizdə önəmli bir mərhələdir.

Biz bu gün daha bir əlamətdar tarixi qeyd edirik. Çoxlarınızın bildiyi kimi, bu gün Nyu-Yorkda BMT-nin İqlim Dəyişikliklərinə qarşı Mübarizə üzrə 2019-cu il Sammiti keçirilir və bu Sammit dünya ölkələrini ətraf mühitə təsirlərini azaltmaq üçün tədbirlər görməyə çağırır.

Fürsətdən istifadə edərək, mən Azərbaycanda daha bir əlamətdar tarixi - bir neçə gün öncə qeyd etdiyimiz Neftçilər Gününü və Əsrin Müqaviləsinin 25 illiyini vurğulamaq istərdim. Bu münasibətlə, SOCAR-ı və onun heyətini və Azərbaycanın neft-qaz sənayesində çalışan bütün mütəxəssisləri təbrik edirəm. Bununla bağlı olaraq, SOCAR-ın Azərbaycanda enerji sektorunun yaxşılaşdırılmasına yönələn fəaliyyətini və əzmini, həmçinin ölkənin iqtisadi inkişafına verdiyi töhfəni xüsusilə vurğulamaq istərdim.

Azərbaycanda biz ətraf mühitin qorunması, ölkənin zəngin flora və faunasının biomüxtəlifiyinin yaxşılaşdırılması, emissiyaların azaldılması və enerji səmərəliliyinin artırılması istiqamətində Hökumətlə yaxından işləyirik. Bizim ətraf mühitlə bağlı işimiz əsasən Qlobal Ətraf Mühit Fondu (GEF) tərəfindən maliyyələşdirilir və biz bütün birgə layihələrimizdə əsasən təyin olunmuş hökumət qurumu - Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, lakin həm də Kənd Təsərrüfatı Nazirliyi ilə və Siyəzən proqramı çərçivəsində SOCAR ilə yaxından əməkdaşlıq edirik.

Bildiyiniz kimi, Azərbaycan iqlim dəyişikliklərinə dair konvensiyanı 1995-ci ildə ratifikasiya edib və Paris Sazişini 2015-ci ildə imzalayıb. Ölkə 2030-cu ilədək istixana qazı emissiyalarını 1990-cu illə müqayisədə 35% azaltmaq kimi iddialı bir hədəfi öz qarşısına məqsəd qoymuşdur.  Öz növbəsində, SOCAR 2015-ci ildə "2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” təşəbbüsünü imzalamaqla digər aparıcı neft şirkətlərinə qoşulmuşdur ki, bununla da Azərbaycan və Dövlət Neft Şirkəti iqlim dəyişikliklərinin yumşaldılması üçün tədbirlərin görülməsi istiqamətində güclü iradə və qətiyyət nümayiş etdirir.

2015-ci ildən bəri, BMTİP SOCAR-la birlikdə GEF tərəfindən maliyyələşdirilən "Milli Səviyyədə Məqbul Mitiqasiya Tədbirləri" (NAMA) layihəsini icra edir. Bizim gərgin birgə işimiz artıq binaların və nəqliyyat sistemlərinin enerji səmərəliliyinin yaxşılaşdırılması baxımından heyrətamiz nəticələr göstərir.

Bu birgə layihə çərçivəsində biz 2017-ci ildə Siyəzənin neft-qaz yataqlarında başlamış Səmt Qazının Yığılması Proqramını icra edirik və bu işimizin nəticələrinə artıq bu gün sizinlə birgə şahidlik edirik.

Bu proqramda bizim missiyamız səmt qazını (70-80%-i metan) yığmaq və onu Siyəzənin yaxınlıqdakı kəndlərində yaşayan son istehlakçılara paylamaq idi. Bu işin nəticələri heyrətamizdir. Əvvəllər hər il atmosferə buraxılan təqribən 7 milyon kub metr həcmində qaz bundan sonra Siyəzəndə açılışını etdiyimiz bu yeni qaz yığımı texnologiyası vasitəsilə toplanılacaq və daha sonra 15 kənddə yerləşən təqribən 600 ailəyə paylanıla bilər. Haqqında danışdığımız bu ailələr - ümumilikdə təqribən 1250 nəfər şəxs daha əvvəl təmiz yanacağa çıxış imkanına malik olmayıb. Onlar evlərini isitmək və yeməklərini bişirmək üçün Siyəzən meşələrindən toplanmış odun, kerosin, kömür və digər zərərli yanacaqlardan istifadə edirdilər.

Ümumilikdə bizim birgə layihəmiz quruda yerləşən neft yataqları tərəfindən atmosferə buraxılan 4.6 milyon kub metr həcmində metan qazının 20 faiz azalması ilə nəticələnəcək.

Səmt qazının toplanması və yığılması ilə, biz iqlimə əhəmiyyətli dərəcədə mənfi təsir göstərən, istixana qazı emissiyalarına və qlobal istiləşməyə töhfə verən əsas faktorlardan biri olan metan qazının atmosferə buraxılmasının qarşısını alırıq. Qazın yığılması yerli icmaların illərdir isitmə, bişirmə və digər ev təsərrüfatı ehtiyacları üçün əsas enerji mənbəyi kimi istifadə etdiyi odun üçün ağacların qırılması nəticəsində meşəsizləşmənin qarşısını almaq baxımından böyük potensiala malikdir.

Yekun olaraq, təkrar etmək istərdim ki, istixana qazı emissiyalarının azaldılması İqlim Dəyişiklikləri üzrə Paris Sazişi üzrə əsas öhdəliklərdən biridir. Bu gün quraşdırılmış texnologiya bu emissiyanı nəzərəçarpan dərəcədə azaltmaq , bununla da həssas icmaları təmiz yanacaqla təmin etmək potensialına malikdir. İnanırıq ki, bu cür layihələr dəstəklənməli və maksimum təsirə nail olmaq üçün onların miqyası genişləndirilməlidir.

Təşəkkür edirəm! 

Çox sağ olun! (Azərbaycan dilində)