BMTİP-in Rezident Nümayəndəsi cənab Alessandro Frakassettinin innovasiya ekosistemi ilə bağlı dəyirmi masada açılış nitqi

31 August 2019

Şəkil: BMTİP Azərbaycan

Çıxış üçün hazırlanmış

“InnoCamp” yay düşərgəsi 201931 August 2019

Şamaxı, Azərbaycan

Hörmətli Tahir müəllim! (Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı)

Hörmətli cənab Rəşad Əzizov! (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri)

Hörmətli Tal! (Cənab Tal Katran - İnnovasiya və startaplar üzrə beynəlxalq ekspert)

Zati-aliləri əziz qonaqlar, xanımlar və cənablar!

SALAM!  (Azərbaycan dilində)

Bu gün burada əzəmətli Böyük Qafqaz dağlarının ürəyində,  elm, təbiət və texnologiyanı bu qədər füsunkar şəkildə bir araya gətirən Azərbaycanın görkəmli Astrofizika Rəsədxanasının yerləşdiyi Şamaxı şəhərində olmaqdan böyük qürur və məmnuniyyət hissi duyuram. Bəziləri bu məkanı hətta "Azərbaycanın kainata açılan pəncərəsi" də adlandırır. Pirquluda yerləşən bu dəyərli yerin bu il “İnnocamp” üçün məkan kimi seçilməsi təəccüblü deyil. Burada biz ölkənin ən yaxşı mütəfəkkirləri və biznes rəhbərləri ilə innovasiyanın gələcəyinin necə görünəcəyini müəyyən etmək üçün bir araya gəlirik.

Bildiyiniz kimi, bugünkü dəyirmi masa ikinci İnnovasiya Düşərgəsi və ya bizim dilimizlə - “İnnocamp” çərçivəsində baş tutur. Qürur hissi ilə qeyd edirəm ki, bu düşərgə BMTİP-in Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə və onun maliyyə dəstəyilə həyata keçirdiyi qabaqcıl layihələrindən biri çərçivəsində təşkil olunur. Bu uzunmüddətli tərəfdaşlıq çərçivəsində bizim birgə səylərimiz İKT infrastrukturunun və xidmətlərinin dayanıqlılığı və səmərəliliyini artırmaq üçün Azərbaycanda İKT sistemlərinin müasirləşdirilməsinə yönəlir.

Azərbaycandakı birinci “İnncamp” düşərgəmiz ölkənin 11 müxtəlif rayon və şəhərində keçirilən milli innovasiya müsabiqələri – ötən ilki "İdeyadan Biznesə" (“İ2B”) turlarının yekun hissəsi kimi müzakirəyə çıxarıldı. "İdeyadan Biznesə" turlarının məqsədi xüsusən Azərbaycanın kənd ərazilərində yaşayan, informasiya texnologiyalarına maraq göstərən, lakin əvvəl bu cür təcrübəni sınaqdan keçirməmiş biznesə meylli gəncləri cəlb edərək onların potensialını genişləndirmək idi. Onların bəlkə ağlına da gəlməzdi ki, bir gün qabaqcıl investorlar onların biznes təkliflərinə maraq göstərəcək.

Biz iki il davam edən bu prosesdə birlikdə Azərbaycanın şəhər və rayonlarındakı gənclərə dayanmadan investisiya etmiş, onları investorlara, innovatorlara və sahibkarlara çevrilməyə, yaradıcı düşünməyə, həm kommersiya yönümlü, həm də dünyanın üzləşdiyi daha geniş inkişaf problemlərinin həllinə istiqamətlənən ideyalar yaratmağa stimullaşdırmağa çalışmışıq. "İdeyadan Biznesə" startap turları ötən iki il ərzində məhz buna çalışırdı və bu səyləri növbəti səviyyəyə çatdırmaq üçün görə biləcəyimiz tədbirlər barədə birlikdə düşünmək üçün bizi buraya toplayan da məhz budur. Biz Azərbaycanın malik olduğu misilsiz potensiala söykənərək bu ölkədə startap və innovasiya ekosistemini yaxşılaşdırmaq məqsədilə, nəyi uğurla etdiyimizi, ilkin nəzərdə tutduğumuz hansı məqsədlərə nail ola bilmədiyimizi və həm siyasətlərin hazırlanması, həm də icma səviyyəsində birlikdə necə işləyəcəyimizi öyrənmək istəyirik. Bu yay mən 4-cü Sənaye İnqilabı və spesifik olaraq BMTİP-in Akselerator Laboratoriyası haqqında bloq yazısı yazdım və burada həmçinin qeyd etdim ki, Azərbaycanın innovasiyaları öz siyasətlərinin hazırlanması prosesinin  mərkəzinə gətirmək baxımından nə qədər irəlilədiyinə birbaşa şahidlik edirik və nəticələr öz sözünü deyir.

Məsələn, "İdeyadan Biznesə" təşəbbüsünə baxaq. 2018-ci ilin aprel ayında başlayan "İdeyadan Biznesə" turları bu milli startap marafonuna ölkənin müxtəlif şəhər və rayonlarından 2000 nəfərdən artıq iştirakçını cəlb etdi və 3 ən yaxşı layihə milli final mərhələsində qalib gəldi. Bu şəxslər də bu gün burdadırlar. Onlar "İdeyadan Biznesə" turları zamanı hazırladıqları prototipləri uğurlu startaplara çevirmək və daha sonra böyüdərək cəlbedici gəlir və portfolioya malik uğurlu biznes müəssisələrinə çevirmək üçün biznesin inkişafı, maliyyə idarəetməsi, marketinq və kommunikasiya bacarıqlarına yiyələnmək üçün gərgin çalışırlar.

Bu proses boyunca "İdeyadan Biznesə" təşəbbüsü geniş spektrli tərəfdaşlar, donorlar və maraqlı tərəflərdən böyük dəstək almışdır və mən buna görə onların hamısına minnətdarlığımı bildirirəm. Əslində, məhz onlar hələ BMTİP qoşulmazdan öncə Azərbaycanda ilk "İdeyadan Biznesə" turlarına start verməklə bu prosesə başlamışdılar.  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən "İdeyadan Biznesə" turları və “İnnocamp” düşərgələrinə Heydər Əliyev Fondu, Regional İnkişaf İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Azercell, Azərbaycan İnnovasiyalar Agentliyi və "Microsoft" şirkəti tərəfindən dəstək göstərilib.                  

Bizim “İnnocamp” düşərgələri startaplar, texnologiya parkları, innovasiya ekspertləri, ixtiraçılar və sahibkarlar, habelə çoxsaylı akselerasiya mərkəzləri üçün unikal platformadır. İnnoKamp yerli və xarici texnoparklar və innovasiya ictimaiyyəti üçün bənzərsiz təlim proqramları təqdim edir.  

“İnnocamp” düşərgələri həm də innovasiya və startap ekosisteminin iştirakçılarının öz biznes şəbəkələrini və bilik mübadiləsi imkanlarını genişləndirməsi, habelə yeni həllər və yeni tərəfdaşlar tapması üçün misilsiz imkan yaradır.  Məsələn, bu gün biz Azərbaycanda ən vacib çətinliklər və imkanlardan bəzilərinə nəzər salmaq və bu məsələlərin öhdəsindən gəlmək üçün əməkdaşlığımızı daha əlaqələndirilmiş, səmərəli və effektli şəkildə həyata keçirmək üçün hansı yolların mövcud olduğuna nəzər salmaq üçün bir araya gəlmişik.

Biz bunu niyə edirik? Çünki innovasiya, gənclər, biznes və texnologiya yalnız bu ölkədə deyil, bütün dünyada inkişafla bağlı fəaliyyətimiz üçün vacibdir. Bu, hər bir ölkənin sağlam iqtisadiyyata malik olması üçün vacibdir. Bu, həm də insanlar və planet, sülh, tərəqqi və tərəfdaşlıq üçün qlobal gündəlik olan 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq üçün eyni dərəcədə önəmlidir.

Hörmətli xanımlar və cənablar!

İkinci “İnnoCamp” düşərgəsi BMTİP və Azərbaycan Hökuməti üçün önəmli bir vaxtda və yerdə keçirilir. Belə ki, bu, bizim səylərimizi "Ağılı Şəhər"lərlə bağlı yeni konsepsiyanın hazırlanmasına, yeni regional forumların planlaşdırılmasına və məktəblərdə Robotexnika Laboratoriyalarının (biz onları qısaca "Robolab"lar adlandırırıq) qurulmasına yönləndirdiyimiz bir vaxta təsadüf edir. Bu işlərin hamısı Şamaxıda görülür.

Bu region bizin İKT sistemləri ilə bağlı inkişaf səylərimizin ön cəbhəsində yer aldığından, mən Şamaxı icra hakimiyyətinin bizim bütün səylərimizdə oynadığı mühüm rolu xüsusilə qeyd etmək istərdim.  Bütün bu təşəbbüslərə verdiyi şəxsi töhfəyə və BMTİP ilə məhsuldar əməkdaşlığın gücləndirilməsinə göstərdiyi marağa və istəyə görə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmmədova səmimi qəlbdən təşəkkür edirəm. Tahir müəllim, çox sağ olun! (Azərbaycan dilində)

Biz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə Şamaxı rayonunda Akselerasiya Mərkəzi (İnkubasiya Mərkəzi) yaratmağı planlaşdırırıq. Akselerasiya Mərkəzi daha yüksək səmərəlilik, dayanıqlılıq, iqtisadi şaxələndirmə və hərtərəfli inkişaf, eləcə də Roboparklar və süni intellekt üçün yeni innovativ ideyaların icrasına dəstək göstərəcək və İKT-dən daha geniş istifadəni təmin edəcək.

Ümumilikdə, bizim inkişafla bağlı fəaliyyətimiz sadəcə Şamaxını deyil, geniş spektrli regionları əhatə edir. BMTİP hər zaman Azərbaycanın regionlarında innovasiya mühitinin yaxşılaşdırılmasında maraqlıdır və buna diqqət yetirir. Məsələn, biz hazırda inşa edilməkdə olan Yevlax Ehtiyat Data Mərkəzi üçün müasir şəbəkə infrastrukturu və şəbəkə təhlükəsizliyi avadanlıqları hazırlayırıq. Bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən maliyyələşdirilən 6.6 milyon dollarlıq yeni layihə çərçivəsində bizim Azərbaycan Hökuməti ilə həyata keçirdiyimiz yeni tərəfdaşlıq təşəbbüsümüzün bir hissəsidir.

Onu da vurğulamaq istərdim ki, bu yayın əvvəlində biz Azərbaycanda BMTİP-in Akselerator Laboratoriyasının açılışını etdik. Bu laboratoriya BMTİP-in XXI əsrdə inkişafa inqilabi yenilik gətirmək üçün dünyanın müxtəlif yerlərində yaratdığı 60 Akselerator Laboratoriyasından biridir. Azərbaycandakı Akselerator Laboratoriyası gələcək "İdeyadan Biznesə" təşəbbüslərinin və “İnnoCamp” düşərgələrinin hazırlanmasında mühüm rol oynayacaq. Onların hər ikisi həqiqətən də bu sahənin çoxsaylı nümayəndələrinin bir araya gələrək inkişaf üçün  mübadilə aparması, öyrənməsi və innovasiyalar etməsi üçün unikal platformaya çevrilib. Yerli maraqlı tərəflərlə birlikdə, Laboratoriyalar təməl həll yollarını müəyyən edəcək və onların inkişafın sürətləndirilməsində potensial rolunu təsdiq edəcəklər.

İnanıram ki, Şamaxıdakı bu “İnnoCamp 2019”  hər kəsin ideyaları bölüşmək və  əsas müzakirələrdə iştirak etməsi üçün faydalı platforma olacaqdır və sizə məhsuldar bir gün keçirməyinizi arzu edirəm. Fürsətdən istifadə edərək, İKT sistemlərinin dayanıqlılığının və effektivliyinin artırılması və müasirləşdirilməsi istiqamətində birgə səylərinizə və gəncləri, sahibkarlığı və tərəfdaşlığı bariz şəkildə bu səylərin mərkəzinə gətirdiyinizə görə hər birinizə təşəkkür edirəm!

Çox sağ olun! (Azərbaycan dilində)