BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin müavininin səlahiyyətlərini icra edən Yuliya Şerbininanın Azərbaycanda keçirilən 2019-cu il Gənclərin İnternet İdarəçiliyi Forumunda açılış nitqi

3 June 2019

Şəkil: BMTIP/ BMT-nin Inkişaf Proqramının Rezident nümayəndəsinin müavini səlahiyyətlərini icra edən Yuliya Şerbinina Azərbaycanın paytaxtı Bakı şəhərində açılan Gənclərin İnternet İdarəetmə Forumunda giriş nitqi ilə çıxış edərkən. 3 iyun 2019-cu il.

Çıxış üçün hazırlanıb

3 iyun 2019 

BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin müavininin səlahiyyətlərini icra edən Yuliya Şerbininanın çıxışı 

Hörmətli Elmir müəllim!

Hörmətli qonaqlar! Xanımlar və cənablar!

Bu gün Azərbaycanda ilk dəfə keçirilən Gənclərin İnternet İdarəçiliyi Forumunda sizinlə bərabər iştirak etməkdən qürur hissi duyuram!

İlk olaraq, Azərbaycan Hökumətinə, xüsusilə ölkənin İKT gündəliyinin icrasında göstərdiyi davamlı dəstəyə və bu Foruma BMTİP-lə birlikdə ev sahibliyi etdiyinə görə, bizim uzunmüddətli tərəfdaşımız olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkürümü bildirirəm! Xüsusi olaraq, bu məsələlərdə şəxsi iştirakına görə nazir müavini cənab Vəlizadəyə minnətdarlığımı bildirirəm!

Sevindirici haldır ki, Gənclərin ilk İnternet İdarəçiliyi Forumu bir sıra əsas nazirlik və dövlət qurumlarının, innovatorların, Gənclər Fondunun, görkəmli mobil operatorun və Heydər Əliyev Mərkəzinin və təbii ki, BMTİP-in səmərəli birgə əməkdaşlığı sayəsində sizin üçün Azərbaycanda ilk dəfə ərsəyə gətirilən daha bir tədbir – ölkənin ilk İnnovasiya Festivalı (İnnoFest) çərçivəsində keçirilir.

BMT-nin İnkişaf Proqramı olaraq, biz insanların və planetin sülh və tərəqqi içində mövcudluğuna yönələn qlobal proqramın - Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin və onu müşayiət edən 17 Dayanıqlı İnkişaf Məqsədinin uğurlu icrasında gəncləri əsas qüvvələrdən biri kimi görürük.

Bu gün dünyada tarixin ən böyük gənc nəsli yaşayır və siz bu çox vacib koqortanın sıralarındasınız! Hazırda dünyada 15-24 yaş qrupuna daxil olan 1.2 milyard əhali yaşayır və bu rəqəmin artması gözlənilir. 2030-cu ilədək 2 milyard nəfərə yaxın gənc insan dünyanın gənc koqortasının tərkibində yer alacaq. Azərbaycanda 14-29 yaşlı əhali ümumi əhalinin üçdə bir hissəsini təşkil edir.

Gənclərin qüvvəsi sonsuzdur. Gənclər qorxusuz, cəsur, dinamik və özünəinamlıdır. Onlar dünyanı daha yaxşı bir yerə çevirmək üçün ideyalara, yaradıcılığa və enerjiyə malikdir. Onlar ümidlərlə doludur və innovasiya və təxəyyülləri vasitəsilə problemləri həll etməklə yanaşı, dünyada müsbət sosial dəyişik yaratmaq üçün böyük potensiala malikdir. Onlar çox vacib dəyişiklik elçiləridir və birlikdə daha yaxşı dünya qurmaq üçün BMTİP onların da cəlb olunmasına ehtiyac duyur.

Hesab edilir ki, 18-25 yaşlı bir çox gənc internetsiz dünyanın nə olduğunu bilmədən böyüyən ilk yetkin yaşlı nəsildir. Mənim üçün bu heyrətamizdir! Məhz burada gənclərin qüvvəsi internetin qüvvəsi ilə birləşir və hər ikisi sürətlə və məhdudiyyətsiz şəkildə genişlənir.

BMT-nin hesablamalarına görə, ötən il mühüm bir hədəfə nail olunub: tarixdə ilk dəfə, dünya əhalisinin yarıdan çoxu internetdən istifadə edir!

Bu gün İKT və spesifik olaraq internet informasiya və təhsil resursları, tibbi xidmətlər, vaxtında təqdim olunan dövlət xidmətləri, eləcə də daha yaxşı qida istehsalı və paylanmasından yararlanmaq imkanı deməkdir. Rəqəmsal inkişaf özü ilə çoxsaylı imkanlar, lakin həm də risklər gətirir.

Müşahidə etdiyimiz risklərdən biri ondan ibarətdir ki, internetin təqdim etdiyi imkanların əksəriyyəti ilk olaraq şəhərlərdə peyda olur. Halbuki aşağı və orta gəlirli ölkələrdə gənclərin əksəriyyəti kənd yerlərində yaşayır. Azərbaycanda isə onların yarısı kənd mühitlərində yaşayır.

Dünya əhalisinin 40 faizindən çoxunun hələ də internetə çıxışı yoxdur. Onların 90 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. İnformasiya və biliklərə bərabər çıxış imkanını təmin etmək, habelə innovasiya və sahibkarlığa dəstək vermək üçün bu rəqəmsal fərqin azaldılması çox vacibdir. Rəqəmsal bölgü ilə bağlı məsələlər inkişaf məsələləridir – bu, idarəçilik, hesabatlılıq, insan hüquqları və ya imkanların bərabər(siz)liyi ilə bağlı ola bilər. Məhz buna görə də, BMTİP Dördüncü Sənaye İnqilabının inklüzivliyinin təmin edilməsində əsas tərəfdaşlardan biri kimi çıxış edir.

Xanımlar və cənablar, bu gün gənclər rəqəmsal tərəqqinin hərəkətverici qüvvəsidir. Məhz onlar onlayn mədəniyyəti formalaşdıraraq daha əlaqələndirilmiş və dayanıqlı dünyaya yol açırlar.

Onlar internet vasitəsilə dünyanın müxtəlif yerlərində yaşayan insanlarla tanış olur, bizə təsir edən incəsənət nümunələri yaradır, bizi düşünməyə vadar edən onlayn sosial hərəkatları başladır və arxasında dayanırlar. Onlar xəyallarındakı interneti qururlar. Lakin məsələ siyasətlə bağlı müzakirələrə gəldikdə, onlar çox zaman masadan kənarda qalırlar. Onların səsləri eşidilmir, onları narahat edən məsələlər həll edilməmiş qalır.

Azərbaycanda BMTİP Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi ilə əməkdaşlıq yolu ilə məhz bunu dəyişməyi qərara alıb. Budur, biz burdayıq – dünyanın müxtəlif yerlərindən Bakıya gələn 30-a yaxın gənc nümayəndə ilə birlikdə Gənclərin ilk İnternet İdarəçiliyi Forumunda bir araya gəlmişik.

Bu gün Gənclərin İnternet İdarəçiliyi Forumunda biz birlikdə əlverişli siyasət mühiti yaratmaq üçün həll yolları müəyyən edirik. Biz internet resurslarının hamı üçün, ilk növbədə isə gənclər üçün əlçatanlığını və sərfəliliyini yaxşılaşdırmaq üçün beynəlxalq əməkdaşlığı və çoxsaylı maraqlı tərəflərin əməkdaşlığını genişləndirməliyik. Yalnız gəncləri və təcrid olunmuş əhali qruplarını səlahiyyətləndirməklə biz heç kəsi kənarda qoymadan inklüziv artıma həqiqi imkan yaradan informasiya cəmiyyəti yaradacağıq.

Azərbaycanda İKT infrastrukturunun və İKT xidmətlərinin müasirləşdirilməsi və dayanıqlılığının və səmərəliliyinin artırılması ilə bağlı Nazirliklə birgə həyata keçirdiyimiz layihəmiz bu iddialı planın icra yollarından biridir. Biz çoxsaylı əsas maraqlı tərəflərin, o cümlədən böyük innovatorlardan tutmuş, robotexnika elminin xüsusiyyətlərini mənimsəyən 8-ci sinif şagirdlərinə qədər bütün gənclərin inkişaf naminə bölüşmək, öyrənmək və innovasiyalar etmək məqsədilə bir araya gəlməsi üçün unikal platforma təqdim etmək istəyirik.

Savadlı, rəqəmsal bacarıqlara malik və fəal gənclər qlobal çağırışlara yerli onlayn həll yolları yaradacaq şəxslərdir, onlar həm də hökumətlərə məsələn, elektron xidmətlər vasitəsilə səmərəliliyi, yaxşı idarəçiliyi və şəffaflığı yaxşılaşdırmaqda kömək edəcək şəxslərdir.

İnanıram ki, Azərbaycanda ilk dəfə keçirilən Gənclərin İnternet İdarəçiliyi Forumu hər kəs üçün ideyaları bölüşmək və internet idarəçiliyində gənclərin rolu ilə bağlı əsas müzakirələrə cəlb olunmaq baxımından faydalı bir alət olacaqdır. Hər birinizə şəbəkələşmə və müzakirələrlə dolu, həm də əyləncəli və məhsuldar bir gün arzu edirəm!

Çox sağ olun!

Təşəkkürlər! (Azərbaycan dilində)